Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-489/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 18 fevral 2023-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolu, ev 37-ci kilometrliyi ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 18 fevral 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********8725 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Gürcüstan Respublikasından daxil olmuş “hesablayıcı maşınları” yükü P150ХЕ39/АМ119839 qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda 13 fevral 2023-cü il tarixdə saat 23:06-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Sumgayit Baş Gömrük İdarəsinin Sənaye Parklarında Gömrük İşinin Təşkili şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 34/014/000635 nömrəli raporta əsasən "xxxx" MMC-nin ünvanına P150XE39/AM119839 qeydiyyat nişanlı avtomaşınla gələn “hesablayıcı maşınları” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərkən yükə dair qısa idxal bəyannaməsi verilməmişdir. Araşdırma zərurəti ilə əlaqədar “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Sumqayit Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********8725 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər P150XE39/AM119839 qeydiyyat nişanlı avtomaşınla 13 fevral 2023-cü il tarixdə saat 23:06-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 18 fevral 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt Baş Gömrük İdarəsi və "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə daxil olmuş 34/014/000635 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Sumqayıt şəhəri, Bakı-ünvan 1 ünvanına (VÖEN **********) Gürcüstan Respublikasından **********06723 saylı barkodla P150XE39/AM119839 nömrəli nəqliyyat vasitəsi ilə, bir korpusda bir və ya iki yaddaş qurğuları, giriş qurğuları, çıxış qurğuları olan hesablayıcı maşınlar yükü ölkə ərazisinə idxal olmuş və **********8725 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********8725 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına “İT CORP” LLC tərəfindən P150XE39/AM119839 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yük daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsindətəqdim edilən xx.xx.2023-cü il tarixli, **********8725 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, “hesablayıcı maşınları” yükü Gürcüstan Respublikasından 13 fevral 2023-cü il tarixdə, saat 23:06-da P150ХЕ39/АМ119839 qeydiyyat nişanlı avtomaşınla Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya sisteminin “Malın çatdırılması və boşaldılması” barədə çıxarışdan görünür ki, "xxxx" MMC-nin ünvanına “İT CORP” LLC tərəfindən göndərilmiş avadanlıq və mexaniki qurğular, onların hissələri 13 fevral 2023-cü il tarixdə, saat 23:06-da “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, ünvanlarına 14 fevral 2023-cü il tarixdə, saat 00:02-də 99MP751/GG369G qeydiyyat nişanlı avtomaşınla Gürcüstan Respublikasından daxil olmuş “hesablayıcı maşınları” yükünə aid qısa idxal bəyannaməsini ixracatçı şirkət onlara sənədləri vaxtında göndərmədiyi üçün verə bilməmişlər. Bununla belə törədilən əməlin hüquqpozma faktı olduğunu bilir və cəriməni ödəməyə hazırdırlar. İş materiallarından görünür ki, "xxxx" MMC qısa idxal bəyannaməsini üzrlü səbəbdən verməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 960 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görəvəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Bakı-Quba yolu, ev 37-ci kilometrliyi ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-489/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-489/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver