Məhkəmə qərarları › İş №3(060)-49/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-49/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-49/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Sumqayıt ŞPİ DYP Şöbəsinin inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklarıı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsindən tərtib edilmiş AP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Protokolda göstərilənlərə görə Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:08 radələrində “Toyota Prius” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri Azərbaycan prospektində hərəkətdə olan zaman yol nişanının tələbini pozduğu üçün saxlanılmış, sənədləri yoxlanılmış, tibbi müayinə zamanı sərxoş olduğu aşkarlanmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından narazı qalan Şəxs apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 49/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-85/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3(060)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Şəxs barəsində olan inzibati xəta haqqında işin yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-85/2023 saylı qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımi tədbirlər görülmədiyindən, hazırki inzibati xəta haqqında iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin qərarı işin hallarının tam və hərtərəfli şəkildə araşdırılmaması ilə bağlı əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin işə yenidən baxılarkən 20 noyabr 2022-ci il tarixli, 6561 saylı ”sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktı tərtib etmiş həkim, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və Şəxs məhkəmə iclasına dəvət olunaraq izahatı alınmalı, iş materiallarına əlavə edilmiş video disk və orada qeyd edilən alkoqolun konsentrasiyası ilə və 20 noyabr tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında qeyd edilən sərxoşluq dərəcəsi araşdırılmalı və digər əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmalı və qanunun tələblərinə cavab verən qərar qəbul edilməlidir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYP Şöbəsinin inspektoru X2 bildirdi ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:08 radələrində “Toyota Prius” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri Azərbaycan prospektində hərəkətdə olan zaman yol nişanının tələbini pozduğu üçün saxlanılmış, sənədləri yoxlanılmışdır. Bu zaman sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün onun sərxoşluq vəziyətinin yoxlanılması məqsədi ilə Sumqayıt Şəhər Narkoloji Dispanserə aparılmış, müayinə zamanı sürücünün sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunmuşdur. Bu hadisə keçən il baş verdiyi və üzərindən uzun müddət keçdiyi üçün sürücüdə aşkar edilən alkoqol sərxoşluğunun dərəcəsini xatırlamır. Hadisə yerində onlar tərəfindən sürücünün alkotesterdən keçirilməməsinin səbəbi onlarda alkotester qurğusunun olmaması olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin gün sərxoş olmamış və bunu polis əməkdaşlarına bildirsə də, onlar buna məhəl qoymayaraq barəsində qanunsuz qərar qəbul edilmişdir. Sərxoş olmadığını sübuta etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi X7”nə gedərək müayinə olunmuş və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsi 2/38564 nömrəli, 21 noyabr 2022-ci il tarixli aktla (saat 03:40) rəsmiləşdirilmişdir. Həmin aktdan görünür ki, sərxoşluq vəziyyəti müəyyən edilməmiş, sənədin əslini polis idarəsinə təqdim etsə də bu sənədi önəmsəyən olmamışdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, o, AR Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserində feldşer olaraq çalışır. xx.xx.2022-ci il tarixdə növbədə olan zaman DYP Şöbəsinin inspektoru X2 tərəfindən sürücünün sərxoş olması ehtimalı olduğundan sərxoşluğun müəyyən edilməsi məqsədilə çalışdığı mərkəzə gətirilmişdir. Anket məlumatları müəyyən edilən zaman sürücünün Şəxs olduğu müəyyən edilmişdir Daha sonra tərəfindən “Mark” cihazı vasitəsi ilə sürücünün alkoqol sərxoşluq dərəcəsi yoxlanılmış, alkoqol sərxoşluğunun dərəcəsi 2.97 % olduğundan, yuvarlaqlaşdırılaraq 0.3 % olması müəyyən edilmişdir. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli, 6561 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktdan görünür ki, Şəxs sərxoşluq müayinəsindən 20 noyabr 2022-ci il tarixdə, saat 01:05-də keçmişdir və onda alkoqol sərxoşluğu aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş video diskdən görünür ki, 20 noyabr 2022-ci il tarixli, 6561 saylı aktda qeyd edilən həkim tərəfindən “Mark” cihazı vasitəsi ilə Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi yoxlanılarkən onda alkoqolun konsentrasiyası həmin cihazın ekranında 0.228 promil görsənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən isə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və 20 noyabr 2022-ci il tarixli, 6561 saylı ”sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında aktla Şəxs 0,30 % alkoqol sərxoşluğu müəyyən edilmişdir, lakin video diskə baxış zamanı isə alkoqolun konsentrasiyasının 0,228 promilli olduğu görsənir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, tibbi müayinədən keçirilərkən onun alkoqol və yaxud narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyətində olması müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclası zamanı tədqiq edilən video diskə baxış zamanı isə alkoqolun konsentrasiyasının 0,228 promilli olduğu müəyyən edilir. AR X3 333-cü maddənin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə olan halda yaranmış ziddiyət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Ona görə də, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar