Məhkəmə qərarları › İş №3(060)-492/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-492/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-492/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26212049 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26212049 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci ildə saat 14.57 radələrində özümə məxsus olan idarə etdiyi “Chevrolet” markalı **-DU-*** nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə hərəkət etmişdir. Təxminən 70-80 metr qabaqda yolda iri tutumlu avtobus dayanmışdı. Həmin yer “avtobus dayanacağı” olmamışdır. O, avtobusa yaxınlaşanda görmüşdür ki, onun hərəkət etmək fikri yoxdu. Başa düşmüşdür ki, avtobus xarab olub. O, təhlükəsizliyi təmin etmək məqsədilə (avtobusla yan-yana toqquşmamaq, avtobusun qarşısından yolun hərəkət hissəsinə piyada çıxası olsa onu vurmamaq və s.) məcbur olub bütöv düz xətti kəsməli olmuşdur. Elə həmin günü “ESMS”-lə mənə elektron qərar gəlmiş, həmin qərarla o, 100 manat məbləğində inzibati qaydada cərimə olunmaqla ona 3 cərimə balı yazılmışdır. Elektron qərara görə o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Yəni İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Təkrarən bildirmişdir ki, o, məcburiyyət qarşısında qalıb bu əməli törətmiş, ötmə əməliyyatı aparmamışdır. Nədənsə avtobus xarab olmuşdursa yoldan kənarlaşdırılmamış, ya da avtobus dayanacaqdan kənarda dayanaraq arxadan gələn nəqliyyat vasitələrini yol hərəkəti qaydalarını pozmağa məcbur etmişdir. Göstərilən səbəblərə görə hesab edirəm ki, EQ26212049 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, qeyd olunan ərazidə avtobus yolun kənarında dayanmış, həmin avtobusla toqquşmamaq və avtobusun önündən piyada keçməsi ehtimalına görə qəza baş verməməsi üçün məcburiyyətdən düz xəttin tələblərini pozaraq ötməni həyata keçirmişdir. Bildirir ki, o, dəqiq bilməsə də güman etmişdir ki, avtobusda nasazlıq yarandığından dayanmış, bu səbəbdən yolda düz xəttin olduğunu görməsinə baxmayaraq hərəkətini davam etdirmişdir. Hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26212049 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26212049 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Chevrolet Cruze” markalı 77DU862 d.q.n-lı avtomobil Sumqayıt şəhəri Səməd Vurğun küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçinin barəsində tərtib edilmiş akt elektron qərar olmaqla, tərtib olunma qaydası İnzibati Xətalar Məcəlləsində 115-ci və 122.3-cü maddələrində öz əksini tapmışdır. Həmin Məcəllənin 122.3.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilməlidir. Qeyd olunan foto materiallar şikayətçi tərəfindən təqdim edilmiş sənədlərdə mövcuddur. Şikayətçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatda avtobus dayandığı üçün məcburiyyətdən əks istiqamətli hərəkət zolağına çıxdığını bildirmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin qeyd etdiyi dəlilləri elektron qərarın ləğv edilməsi üçün əsas deyil. Belə ki, şikayətçi tərəfindən təqdim edilmiş foto materialda 1.1 üfüqi nişanlanma xəttinin olması, həmin “Chevrolet Cruze” markalı avtomobilin həmin xəttin tələblərini pozması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Yol hərəkəti qaydaları haqqında qanununda qarşıda olan nəqliyyat vasitəsinin asta sürətlə hərəkət etməsi, dayanması halında digər nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozmaqla ötmə və ya manevr etməyə icazə verən müddəa öz əksini tapmamışdır. Həmçinin, şikayətçi Nuru Quliyevin məsuliyyətə cəlb edildiyi İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasında 1.1 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə də, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yəni, foto materialda olan avtobusun nasaz və ya sərnişinə görə dayanmış olsa belə, digər nəqliyyat vasitəsinin 1.1 üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq manevr etməsi də inzibati məsuliyyətə səbəb olur. Bundan başqa, Yol hərəkəti haqqında qanuna əsasən ötmə- hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Foto materiallardan məlum olur ki, avtobusun dayandığı təqdirdə sürücü 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozmadan da hərəkəti davam etdirmək iqtidarında olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakı kimi göstərilmişdir. 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26212049 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26212049 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar