Məhkəmə qərarları › İş №3(060)-498/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-498/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-498/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkarlar Zərərçəkmiş şəxs və X6 iştirakları ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində doğulmuş, subay, ali təhsilli, işləməyən, Qusar rayonu, N saylı hərbi hissədə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 16 fevral 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, İdarənin icraatında olan Sabirabad Rayon Məhkəməsinin, Qusar Rayon Məhkəməsinin və Qusar rayon Notariat Kontorunun icra sənədlərinin(ümumi icraatda birləşdirilib) icrası ilə bağlı icra məmurunun tələbləri təmin edilməmiş və ümumilikdə 10.285,00 manat borc toplanmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 16 fevral 2022-ci il il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək alimentin ödənişilə bağlı işin təxirə salınmasını məhkəmədən xahiş etdiyindən və tələbkar da buna etiraz etmədiyindən işə baxılması 18 fevral 2022-ci il tarixə təxirə salınmışdır. 18 fevral 2022-ci il tarixdə Şəxs təkrar ərizə ilə məhkəməyə müraciət edərək alimentin və digər icar sənədi üzrə borcdan ödənişilə başlı işin təxirə salınmasını xahiş etdiyindən işin baxılması 21 fevral 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İdarənin icraatında olan Sabirabad Rayon Məhkəməsinin, Qusar Rayon Məhkəməsinin və Qusar rayon Notariat Kontorunun icra sənədlərinin (ümumi icraatda birləşdirilib) icrası ilə bağlı icra məmurunun tələbləri tam təmin edilməmiş və ümumilikdə 10.285,00 manat borc toplanmışdır. 2016-cı ilin iyun ayından alimentlə bağlı icra vərəqəsi İcra idarəsinə daxil olmuş borcludan hər ay əmək haqqının 1/4 hissəsi miqdarında aliment tələbkarın xeyrinə tutulmuşdur. Borclu hərbçi olduğundan işlədiyi dövrlərdə aliment ödənişi onun əmək haqqından tutulurdu. Uzun müddət ərzində alimenti vaxtı-vaxtında ödəmişdir. Hesablamaya görə borclu 10.000,00 manatdan çox aliment ödənişi etmişdir. Lakin, 2019-cu il tarixdən bu günə qədər 5.000,00 manat ödənilməyən aliment ödənişi qalmışdır. Borcluya ödənişlə bağlı verilmiş müddət ərzində qalıq aliment borcundan 500,00 manat ödəniş etmişdir. Digər icra qeydinə əsasən borclu Şəxs 5.500,00 manat borc pul tutularaq X3 verilməlidir. Lakin borclu 4.600,00 manat ödəniş etmiş hazırda 900,00 manat borc qalmışdır. Bundan başqa digər icra sənədi üzrə borcludan 6.200,00 manat borc tutularaq icra sənədi üzrə tələbkar X7 ödənilməlidir. Qeyd olunan borcdan 5.800,00 manatı ödənilmiş qalıq olaraq 400,00 manat borc qalmışdır. Borcluya ödənişlə bağlı verilən müddət ərzində 100,00 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 2016-cı ilin iyun ayından borcludan hər ay əmək haqqının 1/4 hissəsi miqdarında aliment onun xeyrinə tutulmuşdur. Borclu hərbidə işlədiyi dövrlərdə aliment ödənişi onun əmək haqqısından tutulurdu. Uzun müddət ərzində alimenti vaxtıvaxtında ödəmişdir. Lakin 2019-cu il tarixdən aliment ödənişləri etməmişdir. Borcluya ödənişlə bağlı verilmiş müddət ərzində qalıq aliment borcundan 500,00 manat ödəniş etmişdir. O, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X11 izahatında göstərdi ki, borcludan 6.200,00 manat borc tutularaq ona ödənilməlidir. Qeyd olunan borcdan 2.200,00 manatı ödənilmiş, 4000,00 manat borc qalmışdır. Borcluya ödənişlə bağlı verilən müddət ərzində 100,00 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sabirabad Rayon Məhkəməsinin, Qusar Rayon Məhkəməsinin və Qusar rayon Notariat Kontorunun icra sənədlərinin (ümumi icraatda birləşdirilib) icrası ilə bağlı ümumilikdə 10.285,00 manat borc toplanmışdır. 2016-cı ilin iyun ayından alimentlə bağlı ondan hər ay əmək haqqının 1/4 hissəsi miqdarında aliment tələbkarın xeyrinə tutulmuşdur. O, Qusar rayonu, N saylı hərbi hissədə işlədiyi dövrlərdə N0-1700 manat əmək haqqı almışdır, aliment ödənişi onun əmək haqqısından tutulmuş və digər borclarını da vaxtı-vaxtında ödəmişdir. Lakin, o 2019-cu ilin aprel döyüşlərində iştirak etdikdən sonra təxris olunmuşdur. Bir müddət pensiya almış, sonradan onun pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etdiyindən pensiyası dayandırılmışdır. Pensiyası dayandırıldıqdan sonra ödənişləri üzürlü səbəbdən edə bilməmişdir. Məhkəmənin ona ödənişlə bağlı verdiyi müddət ərzində borc edərək qalıq aliment borcundan 500,00 manat, digər icra sənədi üzrə tələbkara isə 100,00 manat ödəniş etmişdir. Yaxın müddətdə onun pensiya məsələsi həll olunacaqdır, söz verir ki, bütün icra sənədlərini icra edəcəkdir. O Aprel döyüşlərinin iştirakçısı olmuş, həmçinin 2-ci Qarabağ müharibəsində də iştirak etmişdir. Qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarların və protokol tərtib etmiş icra məmurunun izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqındaiş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs ona verilmiş vaxt ərzində aliment ödənişi ilə bağlı 500,00 manat digər icra sənədi üzrə tələbkar X7 isə 100,00 manat ödəniş etmişdir. Ümumilikdə isə onun hər üç icra sənədləri ilə bağlı ödənişləri vardır. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi o icra sənədində göstərilən məbləğdən tələbkarların bank hesabına ödənişlər etmişdir. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar