Məhkəmə qərarları › İş №3(060)-499/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-499/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-499/2022 16.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis baş leytenantı Elsevər Ələkbərzadənin iştirakları ilə, xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 16 fevral 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisidə “5 Nömrəli Ailə Sağlamlıq” Mərkəzində 15.02.2022-ci il tarixdə ictima qaydaları pozaraq səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis baş leytenantı Elsevər Ələkbərzadə bildirdi ki, 15.02.2022-ci il tarixdə “5 Nömrəli Ailə Sağlamlıq Mərkəzi”nin baş həkimi X1 verdiyi ərizə ilə bağlı Şəxs aidiyyəti üzrə 1-ci polis bölməsinə gətirilmişdir. Belə ki Şəxs 15.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisidə “5 Nömrəli Ailə Sağlamlıq” Mərkəzində ictima qaydaları pozaraq səs-küy salmış, nalayiq ifadələr işlətmiş, xəstəxananın iş rejimini pozmuşdur. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özü ali təhsillidir, daimi iş yeri vardır. Arvadı COVİd-19 xəstəsi olduğu üçün onun iş yerinə bülleten vermək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisidə “5 Nömrəli Ailə Sağlamlıq” Mərkəzinə 3 dəfə getmiş, birinci səfər ona 2-3 gün sonra yaxılaşmağı tövsiyyə etmişlər, daha sonra getdikdə xəstə sağaldıqdan sonra bülletenin veriləcəyi ona bildirilmiş və 15.02.2022-ci il tarixdə “5 Nömrəli Ailə Sağlamlıq” Mərkəzinə həyat yoldaşı bülleten almağa getmiş, növbədə 1 saata yaxın gözlədikdən sonra ona yenə gözləməsi bildirdirlmiş, ona görə də baş həkimə müraciət etmək qərarına gəlmiş, qapını döyərək müdiriyyətə həyat yoldaşı “COVİD-19” infeksiyasına yoluxduğu üçün bülleten almağa gəldiyini bildirdikdə, baş həkim ona iclas keçirdiyini və gözləməli olduğunu demişdir. Bundan sonra ümumi girişdə öz narazılığını ifadə etdikdə mübahisə yaranmışdır. Lakin, heç kimi təhqir etməmiş və nalayiq ifadələr işlətməmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil, barəsində inzibati xətaya dair iş üzrə icraata xiitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxsə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mükün hesab edilmişdir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15.02.2022-ci il tarixdə, saat 13:40-da inzibati qaydada tutulmuş və 16.02.2022-ci il tarxdə saat 14:40-da azad edilmişdir. Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək, iş üzrə tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Şəxs tərəfindən cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs sözügedən inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən və onun həqiqətən inzibati xətanı törətməsinə dair Məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxsin təqsirli bilinməsinə dair məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 04 saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar