Məhkəmə qərarları › İş №3(060)-5/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-5/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-5/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Laçın rayonu, Cicimli kəndində qeydiyyatda olan və ünvan ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs saxlanılarkən spirtli içki qəbul etməsindən şübhələnildiyi üçün yoxlanılmış və spirtli içki qəbul etdiyi aşkar olunmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “ASEZ” markalı, SN64208 saylı xüsusi texniki vasitə ilə müayinənin nəticəsi barədə sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə müayinə edilən vaxt, yəni xx.xx.2022-ci il tarixdə, saat 10:52-də Şəxs sərxoş vəziyyətdə (0,599%) olmuş, onda alkoqol sərxoşluğu əlamətləri olmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətini tibbi müayinəsi barədə 607 saylı, xx.xx.2022-ci il tarixli akta əsasən müayinə edilən vaxt, yəni xx.xx.2022-ci il tarixdə, saat 14:00-da Şəxs ayıq vəziyyətdə (0,00%) olmuş, onda alkoqol sərxoşluğu əlamətləri olmamışdır. İş materiallarında olan narkoloji-tibbi yoxlamanın 2962 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, alkoqol qəbulundan sonra 1 saat ərzində qanda alkoqolun miqdarı 0,2- 0,3 promil 0/00 azalır, aşağı düşür. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:52-də alkometr cihazı ilə müayinə zamanı göstərici 0,599% olduğu nəzərə alınsa, xx.xx.2022-ci il tarixdə saat 14:00-da göstəricinin 0,000 promil olması mümkündür. Şəxs müayinə olunduğu xx.xx.2022-ci il tarixdən saat 10:52-dən təkrar müayinə edildiyi xx.xx.2022-ci il tarixə saat 14:00-dək olan müddət ərzində sərxoşluğun aradan qalxması mümkündür. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materillarında olan “ASEZ” markalı, SN64208 saylı xüsusi texniki vasitə ilə müayinənin nəticəsi barədə sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə müayinə edilən vaxt, yəni xx.xx.2022-ci il tarixdə, saat 10:52-də Şəxs sərxoş vəziyyətdə (0,599%) olmuş, onda alkoqol sərxoşluğu əlamətləri olmuşdur. Sərxoşluq vəziyyətini tibbi müayinəsi barədə 607 saylı, xx.xx.2022-ci il tarixli akta əsasən müayinə edilən vaxt, yəni xx.xx.2022-ci il tarixdə, saat 14:00-da Şəxs ayıq vəziyyətdə (0,00%) olmuş, onda alkoqol sərxoşluğu əlamətləri olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qeyd edilən inzibati xətanı törətmişdir. Bu işdəki sübutlarla təsdiq edilir. Ancaq xəta xx.xx.2022-ci il tarixdə törədilsə də, həmin müddətdən 1 il 3 ay vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh bu kateqoriyada olan inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər, bu iş üzrə isə həmin müddət keçmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş, inzibati xəta törədilmişdir, amma inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Ona görə də, baxılan iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsınə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar