Məhkəmə qərarları › İş №3(060)-502/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-502/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-502/2022 16.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar 20.05.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 15.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən “Panarama” restoranının qarşısında 15.02.2022-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının tələblərinə məhəl qoymamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, 08.02.2022-ci il tarixdə vətəndaş Şəxs tibbi maskadan istifadə etmədən Polis bölməsinə daxil olduğuna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə protokol tərtib olunacağı bildirilmiş, lakin Şəxs protokolun tərtib olunmasına öz etirazın bildirmiş və Polis bölməsindən çıxaraq şəxsi avtomobilinə minmiş, bu zaman polis əməkdaşı ona inzibati qaydada qərar qəbul edilməsi üçün iştirakını təmin etmək məqsədi ilə PB-nə dəvət etsə də, Şəxs polisin qanuni tələbinə məhəl qoymadan polis əməkdaşı Orxan Rzayevin üzərinə avtomobili sürərək oradan uzaqlaşmışdır. Daha sonra Orxan Rzayev raportla rəisə müraciət edərək, Şəxs tibbi maskadan istifadə etmədiyinə və onun üzərinə avtomobili sürdüyünə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin raporta əsasən icraatda olan 124-1929-1122 və 124-1930-1122 nömrəli materialın icrası ilə əlaqədar polis əməkdaşları aldıqları məlumat əsasında 15.02.2022-ci il tarixdə Şəxs PB-nə gətirilməsi üçün Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən “Panarama” restoranına getmişlər, orada vətəndaşı PB-nə dəvət etsələr də, bir müddət şəxs bölməyə gəlmək istəməmiş, bununla da, polisin qanuni tələbini yerinə yetirməmiş, daha sonra razılaşmış və PB-nə gətirilmişdir. Barəsində 15.02.2022-ci il tarixdə “Panarama” restoranın yanında polis qanuni tələbinə əməl etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəmə iclasında izahatında göstərdi ki, ona məxsus obyektinin şüşələrinin sındırılması ilə əlaqədar 08.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. Polis Bölməsinin giriş hissəsində növbətçi hissənin qarşısında ona içəri tibbi maska taxıb daha sonra daxil olmalı olduğu bildirilmişdir. Bundan sonra o paltarının sağ cibindən tibbi maskanı çıxararaq istifadə etmişdir. Lakin daha sonra polis əməkdaşları ona barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişlər. Lakin o içəri tam daxil olmadığı üçün buna etirazını bildirmiş və eyni zamanda hələ heç bir polis əməkdaşının qəbulunda olmadığını, eyni zamanda polis əməkdaşının göstərişini icra edərək tibbi maskadan istifadə etdiyini demişdir. Lakin polis əməkdaşları onun etirazına məhəl qoymamış, protokol tərtib etməyə davam etmişlər bu səbəbdən o protokolu imzalamamış və polis bölməsini tərk etmiş və şəxsi avtomobilinə əyləşdikdən sonra polis əməkdaşı onun qapısı tərəfdən yaxınlaşaraq, barəsində tətbiq ediləcək qərar zamanı onun iştirakının lazım olduğunu bildirmişdir. Lakin o, protokolla razı olmadığından, onun iştirakı olmadan qərar qəbul edilməsini və həmin qərar ona təqdim olunduqdan sonra qərarı mübahisələndiriləcəyini bildirmiş və orada uzaqlaşmışdır. Polis əməkdaşının üzərinə avtobmobili sürməmişdir. Bu fakt PB-də olan video kameraları vasitəsi ilə təsdiq oluna bilər. Daha sonra 15.02.2022-ci il tarixdə avtomobilini yuyucuya vermiş özü isə “Panarama” restoranında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, onlarla PB-nə getməli olduqlarını bildirmişlər, o, buna etiraz edərək səbəbini soruşduqda, 08.02.2022-ci il tarixdə barəsində maska taxmadığına görə barəsində protokol tərtib olunması, eyni zamanda polis əməkdaşının üzərinə avtomobil sürməsi ilə bağlı araşdırma aparıldığını bildirmişlər. Bundan sonra onun tərəfindən avtomobili kiminsə üzərinə sürmədiyini bildirmiş və polis əməkdaşları ilə birlikdə restorandan çıxmış, avtomobili yuyucuda olduğundan dostuna təhvil verilməsi üçün şərait yaradılmasını xahiş etmiş, daha sonra avtomobilin qapılarını bağladıqdan və açarı dostuna təhvil verdikdən sonra polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. Hər hansı müqavimət göstərməmişdir. Bundan başqa maska rejiminin pozulması ilə bağlı inzibati qaydada 09.02.2022-ci il tarixdə artıq protokol və qərar qəbul edildiyini bilmişdir. Rəsmi olaraq PB-nə dəvət almamışdır. Buna görə də, barəsində inzibati icraat qaydasında aparılan icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid polis leytenantı X9 izahatında göstərdi ki, 08.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmiş vətəndaş Şəxs Polis bölməsində tibbi maskadan istifadə etməsi barədə xəbərdarlıq edilmiş və onun barəsində protokol tərtib olunacağı bildirilmişdir . Buna baxmayaraq Şəxs protokolun tərtib olunmasına öz etirazın bildirmiş və Polis bölməsindən getməyə cəh etmişidir. Şəxs tərəflərindən dəfələrlə intizama dəvət edilsə də, o bütün göstərilərə məhəl qoymayaraq şəxsi idarə etdiyi avtomobilinə minmiş, o, həmin avtomobilə sürücü tərəfdən yaxınlaşaraq barəsində protokol tərtib edildiyi üçün hüquq və vəzifələrinin izah edilməsi üçün PB-nə gəlməsini tələb etmiş, lakin Şəxs avtomobilini sürərək oradan uzaqlaşmışdır. Bu zaman sürücü tərəfindən onun tərəfə avtomobili sürəcəyindən ehtiyyatlanaraq avtomobildən kənarlaşmışdır. Daha sonra qeyd olunanlarla bağlı raport yazmışdır. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis leytenantı X5 izahatında göstərdi ki, 15.02.2022-ci il tarixdə rəhbərliyin göstərişinə əsasən 08.02.2022-ci il tarixdə barəsində maska taxmadığına görə barəsində protokol tərtib olunması və polis əməkdaşının üzərinə avtomobil sürməsi ilə bağlı X7 raportuna əsasən araşdırma aparılan material üzrə Şəxs PB-nə gətirilməsinə dair göstəriş almışlar, həmin şəxs “Panarama” restoranında olduğu məlum olumuş və oraya getdikdə Şəxs restoranda olduğunu görüb ona yaxınlaşaraq PB-nə dəvət etmişlər. Şəxs ilkin olaraq onlara etiraz etmiş, sonra dəvət edilməsinin səbəbi ona izah edilmiş, o isə barəsində onun iştirakı olmadan qərar qəbul edilməsini və həmin qərarı poçt vasitəsi ilə ona göndərilməsini bildirmişdir. Onlar arasında muzakirə bir neçə dəqiqə davam etmiş, lakin onların təkidindən sonra Şəxs təkliflə razılaşaraq restorandan çıxmış və avtomobili yuyucuda olduğu üçün dostuna maşını təhvil verilməsi üçün şərait yaradılmışdır. Daha sonra onlarla birlikdə PB-nə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 da şahid X1 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan 08.02.2022-ci il tarixli Orxan Rzayevin raportundan görünür ki, 08.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmiş Şəxs PB-də tibbi maskadan istifadə etməsi barədə xəbərdarlıq edilmiş və ona bu barədə protokol tərtib olunacağı bildirilmişdir, buna baxmayaraq Şəxs protokolun tərtib olunmasına öz etirazın bildirmiş və Polis bölməsindən getməyə cəhd etmişdir. Şəxs tərəfləridən dəfələrlə intizama dəvət edilsə də, o bütün bunlara məhəl qoymayaraq şəxsi idarə etdiyi avtomobilə minərək həmin avtomobili üzərinə sürüb oradan uzaqlaşmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Natiq Qəhrəmanovun 15.02.2022-ci il tarixli raportundan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat müvəkkili, polis leytenantı Nurlan Bayramov və həmin PB-nin əməliyyat müvəkkili Mikayıl Əsgərovla birlikdə inzibati ərazidə xidmətdə olarkən PB-nin sahə rəisi Əşrəf Məşiyevin icraatında olan 08.02.2022-ci il tarixli 124-1929-1122 və 124-1930-1122 nömrəli materiaların icrası ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən Panorama restoranında Elxan adlı 1 nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim edib, PB-nə dəvət etmişlər. Həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib onlarla birlikdə bölməyə gəlməyə etraz etsə də, tərəflərindən bölməyə gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Əşrəf Məşiyev tərəfindən 09.02.2022-ci il tarixdə Şəxs 08.02.2022-ci il tarixdə saat 12:20 radələrində PBnin dəhlizində maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. İş materillarında görünür ki, Şəxs 15.02.2022-ci il tarixdə saat 18:15-də inzibati qaydada tutulmuş, 16.02.2022-ci il tarixdə saat 16:30-da isə azad edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə ilk növbədə qey edir ki, hətta PB-nin icraatında 2 araşdırılması tələb olunan material olsa belə, şəxs PB-nə rəsmi qaydada dəvət edilməlidir. Lakin iş materiallarında şəxsə rəsmi qaydada bildirş göndərilməsi aşkar edilməmişdir. Bundan başqa araşdırlmaya səbəb kimi Orxan Rzayevin raportuna istinad olunsa da, 09.02.2022ci il tarixdə Şəxs barəsində 08.02.2022-ci il tarixdə PB-nin dəhlizində maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə araşdırılması zamanı Şəxs və dindirilmiş şahidlərin izahatda onun 15.02.2022-ci il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir. Şəxsin hansı səbəbə görə PB-nə dəvət edilməsi ilə bağlı məlumat alması onun hüququdur və müqqavimət kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar