Məhkəmə qərarları › İş №3(060)-507/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-507/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-507/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron – Xızı regional Şöbəsinin (bundan sonra mətndə X7 Xidmətinin Abşeron – Xızı regional Şöbəsi) baş əmək müfəttişləri R.Ə.Axundov və A.A.Qurbanov tərəfindən 20 fevral 2023-cü il tarixdə hüquqi şəxs Şəxs (bundan sonra mətndə Şəxs MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin, həmçinin 7-ci maddəsinin 2.3cü bəndinin 2.3.4-cü hissəsinin tələbləri pozularaq X5 (xx.xx.2022-xx.xx-2022-ci il tarixlərdə) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərdi ki, vətəndaş X4 və X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı müraciətinə X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və pozuntu aşkar edilmişdir. Belə ki, şəxslərlə əmək müqaviləsi deyil, xidməti müqavilə bağlanılmışdır. Buna görə də müvafiq protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, tərtib edilmiş protokol onlara təqdim edilməmişdir. Pozuntu ilə bağlı bildirdi ki, qeyd olunan şəxsin VÖEN-ni vardır, onunla fiziki şəxs kimi xidməti müqavilə bağlamışlar. Buna görə də onunla əmək müqaviləsi bağlamağa ehtiyac görməmişlər. Məhkəmədən Şəxs MMC barəsində minimum məbləğdə cərimə tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəinin və protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından görünür ki, X5 ilə "xxxx" MMC arasında 24 oktyabr 2022-ci il tarixdə 03 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsinə əsasən X6 tərəfindən rəngsaz işləri üzrə xidmətlər göstərilməlidir, görülən işlərin müqavilində E-qaimə təqdim olunur və E-qaiməyə əsasən görülmüş işlərin dəyəri ilə "xxxx" MMC tərəfindən ödənilir. X6 tərəfindən xx.xx.2022-ci ildə təqdim olunmuş EBC1 seriyalı 377447 nömrəli Eqaiməyə əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfində 4950.00 AZN məbləğində E-qaimə üzrə tam ödəniş aparılmışdır. xx.xx.2022- ci il tarixdə "xxxx" MMC tərəfindən əlavə olaraq avans formasında əlavə olaraq 1800.00 AZN ödəniş aparılmışdır X6 tərəfindən görülmüş xidmətlər təhvil verildikdən sonra təqdim olunmuş E-qaimə əsasında ödəniş aparılacaqdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron – Xızı regional Şöbəsinə ünvanlanmış 02/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs Fiziki şəxs olan X6 ilə xidməti müqavilə bağlamışdır. X12 oglu öz növbəsində Fiziki şəxs statusundan istifadə edərək Əhmədov Müseyib adlı şəxsi işə cəlb etmişdir. Onlar arasında hər hansı bir yazılı və ya şifahi razılaşma olması barədə cəmiyyətdə heç bir məlumat olmamışdır. Nəzərə alınmasını xahiş edirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırda barəsində inzibati protokol tərtib edilmiş şəxsin əsas fəaliyyəti təmir tikinti işlərinin görülməsi olduğundan, bu fəaliyyətlə bağlı işçilərlə xidməti müqavilə bağlaya bilməz. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 cəmiyyətin iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X7 Xidməti «Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 18, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 3t qəsəbəsi, ev 187A olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20.000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar