Məhkəmə qərarları › İş №3(060)-512/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-512/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-512/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar tam şəkildə məhkəməyə təqdim edilməmiş, həmçinin barəsində icraat aprılan şəxsin məhkəməyədək icraat dövründə müdafiə hüququnun təmin edilib-edilməməsini təqdim edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Eyvaz Əşrəfli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs təhqiqatçı Şəhriyar Kərimlinin icraatında olan təhqiqat materialı ilə əlaqədar 1-ci PB-nə gətirilmişdir. Raportun üzərində olan ştampa əsasən həmin raport xx.xx.2022-ci ildə bölmədə qeydiyyatdan keçmişdir. Lakin, hazırki iş materiallarına Şəxs ilkin olaraq hansı əsasla bölməyə gətirilməsi barədə raportda qeyd edilən təhqiqat materilları barədə hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulsa da, oonun müdafiəçinin hüquqi yarıdımından istifadə etmək hüququnun təmin edilib-edilməməsini iş materiallarına əsasən müəyyən etmək mümkün deyil. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təyin edilməmiş və ya müdafiəçinin hüquqi yardımından istifadə ilə bağlı onun mövqeyi öyrənilməmiş, əgər bundan imtina etmişsə imtinanı təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Qeyd edilən maddələrin təhlilinə əsasən belə qənaətə gəlmək mümkündür ki, inzibati qaydada tutulmuş şəxs tələb etdikdə müdafiəçinin iştirakı mütləqdir. Bu baxımdan şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması izah edilməklə bu hüququndan istifadə edib-etməməsi barədə mövqeyinin öyrənilməsi zəruridir. Şəxs imtina etdikdə isə bu hal lazımi qaydada rəsmiləşdirilməlidir (imtinanın yolverilməzliyi halları istisna olmaqla). Lakin, indiki halda şəxsə bu hüququnun izah edilib-edilməməsini, şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək istəyinin olub-olmamasını təqdim edilmiş materiallara əsasən müəyyən etmək mümkün deyil. “Hüseynov və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında, həmçinin “Hacıbəyli və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında inzibati xəta haqqında iş üzrə tutulmuş şəxslərin tutulduqları vaxt və polis nəzarətində olarkən vəkillə təmin olunmamaları Konvensiyanın 6-cı maddəsinin 3-cü yarımbəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edildiyi kimi hazırki iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələrinin izah edilib-edilməməsi, müdafiəçinin hüququndan istifadə hüququnun təmin edilib-edilməməsi barədə hər hansı sənəd mövcud deyil. Bu hallar inzibati qaydada tutulmuş şəxsin məhkəməyədək icraat dövründə hüquqlarının pozulması qənaətinə gəlinməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PBdən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar