Məhkəmə qərarları › İş №3(060)-512/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-512/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-512/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Şabran rayonu, Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs, X10, ev 94 B ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)- 253/2022 saylı icra sənədi üzrə borclu Şəxs 4150 manat aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-253/2022 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 150 manat miqdarında aliment tutularaq iddiaçı X3 xeyrinə verilməlidir. İcra sənədi 2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq məhkəməyə məlumat verilmişdir. Həmçinin, bundan sonrakı dövrlərdə məcburi icra tədbirlərinə başlanılmış, borclu icra sənədi ilə tanış edilmişdir. Borclu vaxtaşırı hissə-hissə ödəniş etməklə ümumillikdə 1100 manat poçt vasitəsi ilə ödəniş etmişdir. Hazırda borclunun ödənilməmiş 4150 manat borcu vardır. Borclu barəsində bundan əvvəl bir dəfə protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəminin müvafiq qərarı ilə sonuncu 500 manat inzibati qaydada cərimə edilmişdir. Borclunun ünvanına gedilmiş, orada olmadığı müəyyən edildiyindən barəsində axtarış elan edilmişdir. Borclu bu gün icra idarəsinə könüllü olaraq gəlmiş, izahatı alınmış, ödəniş edə bilmədiyini bildirmişdir. Tələbkarla əlaqə saxlanılmış və aliment borcunu tələb etdiyini qeyd etmişdir. Borcluda icra sənədin yönəldilməsi üçün hər hansı əmlak və gəlir mənbəyi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra məmuru evinə gəldiyi zaman həqiqətən evdə olmadığını, işləmədiyini səhhətində problemlər olduğunu və bununla bağlı hər il müalicə aldığını qeyd etmişdir. Aliment borcundan məlumatlıdır və hazırda aliment borcundan heç bir ödəniş edə bilmir. Bu gün X4 müraciət etmiş, işlə təmin olarsa hər ay ödənişlər edəcəkdir. Aliment borcunu ödəməkdən yayınmadığını bildirir. Sonuncu dəfə keçən ilin dekabr ayında 150 manat olmaqla ümumillikdə 1100 manat ödəniş etdiyini bildirir. Yol nəqliyyat hadisəsi nəticəsində travma aldığından psixiatrik dispanserdə qeydiyyatdadır. Əlilliyi yoxdur. Məhkəmədən aliment borcunu ödəməkdən yayınmaq niyyətinin olmamasını və səhhətində olan problemlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, borclunun əməlində qərəz yoxdur. Həmçinin borclunun səhhətində olan problemlərin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-253/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 150 manat miqdarında aliment tutularaq iddiaçı X3 xeyrinə verilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X6 ərizə ilə İcra İdarəsinə müraciət edərək borclu tərəfindən aliment borcundan heç bir ödəniş edilmədiyini, sonuncu barəsində qanunamüvafiq tədbirlərinin görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs Sumqayıt Şəhər 3 nömrəli Xəstəxanasının polinika şöbəsində psixiatrik dispanser müşahidəsindədir. İş materiallarında olan izahatdan görünür ki, Şəxs səhhətində olan problemlərlə bağlı aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs barəsində 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs yaşadığı ünvana baxış keçirilmiş sonuncunun qeyd edilən ünvanda olmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X6 ərizə ilə İcra İdarəsinə müraciət edərək borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərarın icra edilməsi barədə məktubdan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdab görünür ki, Şəxs işsiz olması səbəbindən aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-253/2022 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 150 manat miqdarında aliment tutularaq iddiaçı X3 xeyrinə verilməlidir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarından az miqdarda ödəniş edilmişdir. Bununla da, bu günə kimi 4150 (dörd min yüz əlli) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. İcra sənədindən məlumatı olmaması barədə bildirdiklər isə özünü müdafiə xarakteri daşıyır. Bundan sonrakı dövrdə də aliment ödəməməsi barədə bildirdikləri Elvin Rzayevin icra məmurunun qanuni tələbini yerinə yetirməməsini və qərəzli münasibətini bir daha təsdiq edir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbsetmənin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yeni inzibati həbsin əvvəli 25 fevral 2025-ci il tarixdən saat 14.30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 25 fevral 2025-ci il, saat 14.30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar