Məhkəmə qərarları › İş №3(060)-514/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-514/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-514/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahvedi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1980-cı ildə Dəvəçi rayonu, Aygünlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis kapitanı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində Sumqayıt şəhəri, Göyərçin parkının yaxınlığında ictimai qaydanı pozan xuliqanlıq etmiş və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X6 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək xx.xx.2023-cü il tarixdə atası Talehin onun üzərinə bıçaq çəkməsi, hal-hazırda isə ona zəng edərək onu öldürəcəyini, habelə atası ilə birgə yaşayan qızı Solmazı öldürəcəyini bildirməsi barədə məlumat vermişdir. X10 tərəfindən verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat qrupunun üzvləri, o, X10 və sürücü Rüfət Əliyev ilə Hüseynov Talehin şəxsiyyətinin yüksək təhlükəliliyini nəzərə alaraq dərhal yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülmüş, T.Hüseynovun Sumqayıt şəhəri, Göyərçin parkında olduğu müəyyən edilmişdir. Hüseynov Talehin orada olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək oğlu Hüseynov Qismətin ondan olan şikayətinin məzmunu elan edilmiş, bununla əlaqədar zəruri izahat və profilaktik işlərin aparılması üçün 3-cü PB-yə dəvət edilmiş, bu zaman Hüseynov Taleh polisə qarşı aqresiyasının olduğunu bildirərək, ondan şikayət edən şəxsin ünvanına nalayiq küçə söyüşləri söyüb bu mövzu ilə əlaqədar Polis Bölməsinə gəlməkdən imtina etmiş, ona bir daha polisin qanuni tələbinə tabe olması, nizam-intizam nümayiş etdirməsi izah edilmiş, lakin o, əl-qol hərəkətləri ilə tabe olmayacağını bildirmiş və anidən əks istiqamətdə qaçmağa başlamışdır. Qaçarkən şalvarının cibindən bıçaq çıxardaraq yerə atmış və bir qədər irəlidə müvazinətini itirərək məhəlləarası ərazidə asfalt örtüyünün üzərinə yuvarlanaraq yıxılmışdır. Daha sonra Hüseynov Taleh əməliyyat qrupunun üzvləri tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, günorta radələrində spirtli içki qəbul etmiş, lakin hal-hazırda özünü normal hiss edir Barəsində şikayət edən şəxs onun oğludur. Qismət onun ikinci ailəsindən olan övladıdır. O, onun anası X5 ilə 2005-ci ildə ailə həyatı qurmuşdur. Qismət onun Gülnarədən olan birinci övladıdır və 2006-cı il təvəllüdlüdür. O, 2011-ci ilin aprel ayının 11-i qısqanclıq zəmnində keçmiş həyat yoldaşı Nəsirova Gülnarəyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirərək qətlə yetirmiş, 14 (on dörd) il müddətinə azadlıqdan məhrum edilmiş və 2023-cü ilin iyul ayının 31-ində cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bundan sonra anası, oğlu və qızı ilə birlikdə kirayə olaraq yaşamışlar. Oğlu Qismət onunla 2023-cü ilin dekabr ayının sonlarına qədər yaşayıb ondan sonra evdən çıxaraq dostlarının yanında yaşamışdır. Bir dəfə o, evdə onun gödəkçəsinin cibindən siqaret qutusu gördüyü üçün onu vurmuşdur. O, Qismətlə müəyyən vaxtdan bir görüşmüş və onunla söhbətlər etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qəlyan çəkib status paylaşdığına görə onunla danışaraq onu Sumqayıt şəhəri, Göyərçin parkı deyilən əraziyə çağırmışdır. Orada olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edərək Polis Bölməsinə gedməli olduğumuzu bildirdilər. O isə içkili olduğu üçün nalayiq ifadələr işlədərək qaçmağa başlamışdır. Qaçan zaman üzərində olan bıçağı yerə atmış və bir az sonra müvazinətini itirib yerə yıxılmışdır. Daha sonra polis əməkdaşları ona yaxınlaşmışlar və onu Polis Bölməsinə aparmışlar. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat qrupunda olmuşdur. Həmin gün vətəndaş X6 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək keçmiş məhbus atası Şəxs onu ölümlə hədələməsi və görüşə çağırması, gəlmədiyi təqdirdə onun bacısı Solmazı öldürəcəyini və intihar edəcəyini bildirmişdir. Bununla əlaqədar Şəxs olduğu yer müəyyənləşdirilmiş və onun Sumqayıt şəhəri, Göyərçin parkı ərazisində olduğu müəyyən olunmuşdur. Əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin əraziyə getmişlər, Şəxs yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər, birlikdə Sumqayt ŞPİ-nin 3-cü PB-hə gedərək hadisə ilə əlaqədar izahat verməli olduğunu bildirdikdə o, daha da aqresivləşərək izahat verməyəcəyini və polisin qanuni tələblərinə məhəl qoymayacağını bildirmişdir. Daha sonra o, oğlunun ünvanına uca səslə ətrafdan keçən şəxslərin diqqətini cəlb edərək nalayiq ifadələr işlətmiş və əks istiqamətə qaçmağa başlamışdır. Bu zaman o qaçarkən üzərində olan bıçağı yerə tullamış və bir qədər irəlidə müvazinətini itirərək üzü üstə asvalt örtüyündə yuvarlanaraq yerə yıxılmışdır. Ona yaxınlaşaraq Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X1 da X2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan A/363 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə 03:00 radələrində müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, vəkilin çıxışını və şahidlərin ifadələrini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, şahidlərin ifadələri və vəkilin çıxışı dinlənilərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 27 fevral 2024-cü il tarixdən, saat 21:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin inzibati qaydada həbs olunanların Saxlanılma Mərkəzinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X4 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar