Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-516/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə tərtib edilmiş dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Sumqayıt şəhəri, Sumqayıt Stansiyasında olan Şəxs (bundan sonra - Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə 21 fevral 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 20000 ABŞ dolları məbləğində vəsaiti 14 fevral 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16041,60 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 fevral 2024cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokola aşağıdakı sübutlar əlavə edilmişdir. İş materiallarından görünür ki, Şəxs MMC 2 saylı Ərazi Vergilər İdarəsində ********** №-li VÖEN-lə qeydiyyatdan keçmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 317 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan ödəniş aparılmış və ödənişin aparıldığı gündən iki il müddətində “Azərbaycan Respublikası rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasına idxal olunan nalların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən iki il müddətində mal və xidmətlərin ölkəyə idxalını təsdiq edən sənədləri "xxxx" ASC-yə təqdim etməyən müştərilərin ödəniş əməliyyatlarının sənədləri təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş cədvəldə Şəxs MMC-nin xx.xx.2022-ci il tarixində 20000 ABŞ dollarını xaricə köçürdüyü göstərilmişdir. xx.xx.2022-ci il tarixli, "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, ödəyən müştəri Şəxs MMC tərəfindən alıcı “AQROKOM RUS LLC” şirkətinin hesabına 20000 ABŞ dolları pul köçürülmüşdür. Şəxs MMC ilə “AQROKOM RUS LLC” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə müqavilə tərəfləri ümumi məbləği 20000 ABŞ dolları olan malın satışı barədə razılığa gəlmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı nəticəyə gəlir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi (5.1.6.), maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması ( 5.1.8.), “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi (5.1.9.) Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) funksiyaları sırasına aid edilmişdir. Həmin qanunun 8.1-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü maddəsində göstərilmişdir ki, normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanununun 4.1.3-cü maddəsində maliyyə bazarları tənzimləyicisinin qərarları normativ xarakterli aktlar sırasına aid edilmişdir. Göründüyü kimi Mərkəzi Bank maliyyə bazarları tənzimləyicisi olmaqla, onun qəbul etdiyi normativ xarakterli aktlar maliyyə bazarlarının bütün iştirakçıları üçün məcburi hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X1 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi "xxxx" MMC 20000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16041,60 ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs MMC tərəfindən inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 16041,60 ABŞ dolları məbləğində olduğundan Şəxs MMC həmin məbləğin 30 faizi məbləğində, yəni 4812,48 ABŞ dolları məbləğində cərimə edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Sumqayıt Stansiyasında yerləşən Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 4812 (dörd min səkkiz yüz on iki) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-516/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-516/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver