Məhkəmə qərarları › İş №3(060)-518/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-518/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-518/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1994-cü ildə, Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:33 radələrində X4 məxsus 85 manat pulu dələduzluq yolu ilə ələ keçirərək xırda talama əməli törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X10 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, “VAZ 2108” markalı, **-BF-*** nömrə nişanlı avtomaşın ona məxsus olub. O, avtomaşını 2019-cu il tarixdə alaraq öz adına keçirmişdir. 2020-ci ildə sözügedən avtomaşını Əli adlı şəxsə etibarnamə əsasında satmışdır. O, avtomaşını satanda Əli adlı şəxsə avtomaşını adına keçirməyini xahiş etmişdir. O, 2021-ci ildə etidbarnamənin müddəti bitdiyindən və sosial yardıma müraciət edib sosial yardım ala bilmədiyi üçün Bakı şəhər DYPŞ-nə müraciət etmiş və avtomaşın axtarışa qoyulmuşdur. Təxmin 2023-cü il tarixdə sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün dəyişdirməyə getdikdə adına 450 cərimə olduğunu bilmiş və aydınlaşdırmışdır ki, bütün cərimələr “VAZ 2108” markalı, ** BF *** nömrə nişanlı nəqliyyat vasitəsinə məxsusdur və ya sözügedən nəqliyyat vasitəsi ilə xəta törədərək cərimə olunub. O, sürücülük vəsiqəsini almalı olduğu üçün məcburiyyət qarşısında 450 manat cərimə ödəmişdir. 2023-cü dekabır ayında Kənan adlı şəxs ona zəng vuraraq VAZ 2108 markalı ** BF *** avtomaşını aldığını və ona etibarnamə lazım olduğunu bildirmişdir. O da Kənana izah verərək 450 manat cərimə ödədiyini, himayəsində 2 az yaşlı uşağı olduğu üçün sosial yardım ala bilmədiyini bildirmişdir. Kənan ona telefonda dəymiş ziyanı ödyəcəyini və ona kart göndərməyini bildirmişdir. O da anasına məxsus kartın şəklini çəkib Kənana atmışdır. Kənan ilkin olaraq karta 25 manat, 2-3 gün sonra 30 manat pul göndərmişdir. Sonra isə Kənan ona onlayn etibarnamə verməyini bildirmişdir. O da Kənana maşının sğorta və texniki baxışı olmadığı üçün online etibarnamə verə bilməyəcəyini bildirmişdir. Kənan ona bir az işləyib pul yığıb texniki baxış və pulunu düzəltdikdən sonra zəng vuracağını bildirmiş və o, Kənana avtomaşını sürməməsini, cərimə olunacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, avtomaşını yoxlatdırmış və 50 manat cərimə olunduğunu görmüşdür. O, AR DİN-102 xidmətinə zəng vuraraq avtomaşının olduğu yeri bildirmiş və YPX əməkdaşları avtomaşını duracağa təmin etmişlər. X7 ona cəmi 55 manat pul göndərib. Onun qayınatasına isə heç bir məbləğ verilməyib. Bununla belə o, Kənan Məmmədova dəymiş ziyanı ödəməyə hazırdır. Qeyd edilənlərə əsasən Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, "VAZ 21011" markalı avtomobili Mahir adlı şəxsə məxsus "VAZ 2108" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə barter elətdirmişdir. "VAZ 2108" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sənəd üzərində sahibi olan Vüsal adlı şəxs ona etibarnamə vermək üçün pul ödəməyini istəmişdir. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 12:33-də Sumqayıt şəhəri, Koroğlu küçəsi, 12-ci mikrorayon ərazisində yerləşən "Oba" marketdə olan Million ödəmə terminalı vasitəsilə Vüsalın ona təqdim etdiyi Kapital Banka məxsus 5239 1517 1291 6892 saylı kart hesabına 20 manat olmaqla, ümumilikdə 85 manat pul göndərsə də, o indiyə qədər vermiş olduğu vədə əməl etməmişdir. Pulun 55 manatı Şəxs 30 manatı isə onun qayınatasında ödənilib. Hazırda avtomobil DYP əməkdaşları tərəfindən saxlanaraq cərimə meydançasına yerləşdirilib. Şəxs isə avtomobili oradan götürməsinə imkan vermir. Ona dəymiş 85 manat ziyanın ödənilməsi vacib deyil. O, öz avtomobilini götürmək istəyir. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X9 inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş , Şəxs barəsində AR.İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün inzibati icraat işi açılmasından ötrü qərarın sürəti aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs ona məxsus olan “VAZ 2108” markalı, **-BF-*** nömrə nişanlı avtomaşını etibarnamə əsasında özgəninkiləşdirmiş, sonradan X7 həmin avtomobili almışdır. Avtomobil etiranaməsiz idarə edildiyindən bununla bağlı cərimələr avtomobilin mülkiyyətçisi kimi Şəxs yazılmış və bu səbəbdən o, avtomobillə bağlı Dövlət Yol Polisi vasitəsilə axtarış elan etmişdir. Avtomobil saxlanılmış və cərimə meydançasına yerləşdirilmişdir. X1 etibarnamə verilməsi üçün Şəxs 85 manat pul ödədiyini, sonuncunun isə onu aldadaraq etibranmə vermədiyini bildirir. Şəxs isə avtomobilin sığortası olmadığı üçün etibarnamə verə bilmədiyini və X2 ona ödədiyi məbləği qaytarmağa hazır olduğunu bildirmişdir. X4 həmin məbləği qəbul etmək təklif dilsə də, o bununla razılaşmamış, əsas məsələnin avtomobilin duracaqdan götürülməsi olduğunu bildirmişdir. Göründüyü kimi X7 “VAZ 2108” markalı, **-BF-*** nömrə nişanlı avtomaşının duracağa yerləşdirilməsi səbəbindən polisə şikayət edərək Şəxs onu aldadaraq ona məxsus 85 manatı ələ keçirdiyini bildirmişdir. Burada məqsəd isə avtomobilin geri qaytarılmasına razılıq verilməsi üçün Şəxs təzyiq göstərmək olmuşdur. Məhkəmə iclasında Şəxs dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirsə də, X7 bunu qəbul etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs məqsədi X5 aldadaraq onun əmlakını ələ keçirmək olmamışdır. İXM-in 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi təsdiq edilmir. Belə ki, daxil olmuş materiallardan görünür ki, bu əmlak mübahisəsidir. Şəxs əməllərində inzibati xəta tərkibi yoxdur. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki,baxılan iş üzrə Şəxs hərəkətlərində İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar