Məhkəmə qərarları › İş №3(060)-52/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-52/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-52/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ''MR Chemical-Az'' Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ''MR Chemical-Az'' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ''MR Chemical-Az'' MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC 50000.00 ABŞ doları məbləğində vəsaiti 30 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş yuxarıda göstərilən Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 50000.00 ABŞ dolları məbləğində vəsaiti 30 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.” Aşağıdakılara əsasən göstərilən Protokolla razı deyillər və onu tamamilə əsassız hesab edirlər: Əvvəla, məhkəmənin diqqətinə çatdırırlar ki, əvəzlənməyən məbləğ 50.000,00 ABŞ dolları deyil, 26.369,10 ABŞ dolları təşkil edir ki, bu hal, "xxxx" ASC tərəfindən bilavasitə Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 05 dekabr 2024-cü il tarixli KB-119/2-302/2024-cü il tarixli məktubda göstərilən məlumatlarda da öz əksini tapmışdır. Digər tərəfdən, əvəzlənməyən hesab edilən 26.369,10 ABŞ dolları məbləğin dəyərini təşkil edən mallar 20 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasından yola salınmış və 23 noyabr 2024-cü il tarixdə Azərbaycana Respublikasının Astara keçid məntəqəsindən keçirilərək "xxxx" MMC-yə təhvil verilmişdir. Bu hallar isə öz növbəsində 20 noyabr tarixli CMR 001045 nömrəli Beynəlxalq Qaimə, 23 noyabr 2024-cü il tarixli Qısa idxal bəyannaməsi, habelə 20 noyabr 2024-cü il tarixli invoice sənədi ilə təsdiq edilir (göstərilən sənədlər bu etiraz ərizəsinə əlavə edilir). Göründüyü kimi, xaricə köçürülmüş vəsait hesabına alınan mallar 2 il müddət keçmədən idxal olunmuşdur. Habelə məhkəmənin diqqətinə çatdırırlar ki, inzibati xəta haqqında iş üzrə icraata onlar ümumiyyətlə cəlb edilməmiş və onlara işə baxılmasının yeri və müddəti barəsində məlumat verilməmişdir ki, bu səbəbdən də onlar, iş üzrə materiallarla tanış olmaq, izahat, vəsatət və ya etiraz vermək, müdafiəçinin hüquqi yardımından istifadə etmək və s. hüquqlardan məhrum edilmişlər ki, nəticədə İnzibati Xətalar Məcəlləsinin 61.1ci, 61.2-ci və 61.3-cü maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, Azərbaycan Respublikası Mərkəzi Bankının EP ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli İnzibati xəta haqqında Protokolu təmin edilməməli, "xxxx" MMC tərəfindən inzibati xətaya yol verilmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0, 53.0.1 və 114.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmədən "xxxx" MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının EP ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli İnzibati xəta haqqında Protokolu əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş edirlər. Etirazda istinad edilən sənədlər əlavə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka ünvanlanmış KB-119/2-302/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən əvəzlənməyən məbləğ 26.369,10 ABŞ dolları təşkil edir. - xx.xx.2024-cü il tarixli, **********3289 saylı gömrük bəyannaməsindən görünür ki, 26369,10 ABŞ doları məbləğində vəsaitin hesabına alınan mallar Azərbaycan Respublikasına tam həcmdə idxal olunmuşdur. - Mərkəzi Bankın nümayəndəsi Nümayəndə2 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə təqdim edilmiş ərizədən görünür ki, "xxxx" MMC barəsində tərəflərindən tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(060)-52/2025 saylı inzibati işdə təqdim olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, 50000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Nəzərə alınması xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X6 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə qeyd aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən ödənilmiş pulun geri qaytarılması təmin edilmişdir. Belə olan halda Şəxs MMCnin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas mövcud deyildir. Əks halda hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi ilə qanunun tətbiqində yanlışlığa yol verilmiş və ya yanlış təfsiri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin hüquqları və qanunla qorunan mənafeləri pozulmuş olar. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinəəsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələblərindən məlum olur ki, inzibati xətanın mövcudluğu o halda baş verir ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd hüquqi şəxs tərəfindən banka təqdim olunmasın. Protokol və digər iş materiallarından isə aydın olur ki, Şəxs MMC Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə pul vəsaiti köçürülmüşdür. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən təsdiqedici sənədin qanunvericiliklə müəyyən olunmuş müddət 2 (iki) il ərzində Banka təqdim edilməməsi halı müəyyən edilmədiyindən onun məsuliyyətə cəlb olunması qanunauyğun deyildir və hazırkı məqamda işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, ünvan 1 ünvanında olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar