Məhkəmə qərarları › İş №3(060)-523/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-523/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-523/2023 27.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 avqust 2022-ci il tarixli, ******* saylı qərarı ilə o “Katamaran” istirahət mərkəzinin icarədarı kimi vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarından narazıdır və aşağıda sadalananlara əsasən qərarı əsassız və qanunsuz hesab edir. Yuxarıda qeyd etdiyi protokol və qərardan məlumatı olmamışdır. Həmin qərarın mövcudluğundan icra qaydasında xəbər tutmuşdur. Belə ki, 15 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən ona bildiriş gəldikdə məlum olmuşdur ki, onun barəsində hansısa inzibati xəta vardır. Odur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gələrək məsələnin nədən ibarət olduğu soruşduqda ona məlum olmuşdur ki, belə bir inzibati xəta ilə bağlı qərar olmuşdur. Əgər həqiqətən də gəlib restoranda yoxlama həyata keçirlibsə, nə üçün onun iştirakı qeyd olunmamışdır. O heç bir protokola və qərara imza atmamışdır. Onun vəzifəli şəxsi olduğu “Katamaran” İstirahət Mərkəzinin məsul şəxsi odur, həmin obyekti özü də işlədir. Necə ola bilər ki, gəlib burada belə bir yoxlama aparılır və onun bundan heç bir şəkildə xəbəri olmur. Bu nə qədər ağlabatandır. Lap tutaq ki, özbaşına belə bir protokol və qərar tərtib edilib, nə üçün ona rəsmi qaydada göndərilməmişdir? Ona görə ki, həm qanunsuz protokol və qərardır, həm də ki, guya həmin cəriməni müəyyən müddətdə ödəmədiyi üçün bir də dəbbə pulu hesablanmışdır. Hazırda da icra idarəsindən ona verilən məlumata əsasən onun qanunsuz və əsassız olaraq hesablanmış 2500 (iki min beş yüz) manat cərimə borcu və 1000 (bir min) manat məbləğində dəbbə pulu borcu vardır. Əlavə olaraq da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o həmişə obyektinin və ətraf mühitin təmizliyinə önəm vermişdir. Hətta çirkab sularının müvafiq su təmizləyici stansiyalara yönəldilərək təmizlənməsinin təmin edilməsi məqsədilə “X10” MMC ilə də müvafiq müqavilə də bağlamışdır. Onlar tərəfindən protokol tərtib edildiyi vaxtda da onun müqaviləsi olmuşdur. Qərar tamamilə qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Ona görə də, məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə “Katamaran” istirahət mərkəzinin ərazisinə baxış keçirilən zaman “Katamaran” istirahət mərkəzində formalaşan çirkab suların bir başa Xəzər dənizinə axıdılması faktı müəyyən olunmuşdur. Baxış keçirilən zaman “Katamaran” istirahət mərkəzində inzibatçı vəzifəsində işləyən X6 da orada olmuş və izahat verərək “Katamaran” istirahət mərkəzindən Xəzər dənizinə az miqdarda çirkab suyun axıdılması istirahət mərkəzinin kanalizasiya sistemində baş vermiş qəza ilə bağlı olduğunu bildirmişdir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən vəzifəli şəxs X1 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, protokol əsasında onun barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində X6 bildirdi ki, o, “Katamaran” istirahət mərkəzində inzibatçı işləmişdir, lakin hal-hazırda işləmir. xx.xx.2022-ci il tarixdə “Katamaran” istirahət mərkəzinin ərazisinə baxış keçirildiyini görmüş, həmin yerə yaxınlaşdıqda şəxslərin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olduqlarını bilmişdir. Həmin vaxt X3 ürək əməliyyatı keçirdiyindən istirahət mərkəzində olmamış, o onunla əlaqə saxlayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının istirahət mərkəzinə gəldiklərini bildirmiş və onlardan biri ilə Rauf müəllimi danışdırmışdır. Sonra özü Rauf müəllimlə danışdıqda ona izahat yazmağını bildirdiklərini dedikdə o, nə deyillər elə demişdir. Gələn şəxslərdən biri ona dediyi kimi izahat yazmağını, istirarət mərkəzinin icarədarını tanıdığını və heç bir problem olmayacağını bildirmiş və o da onun dediyi kimi izahat yazmışdır. İstirahət mərkəzinin şambosu olmuşdur. Məhkəmə iclasında şahid qismində X4 bildirdi ki, o, “Katamaran” istirahət mərkəzində ofisiant işləmişdir. İstirahət mərkəzində kanalizasiya sistemində nasazlıqlar olmuş və sular şamboya axıdılmışdır. Şambo da mütəmadi olaraq təmişlənmiş və istirahət mərkəzindən Xəzər dənizinə çirkab suları axıdılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Xəzər dənizi sahilində yerləşən “Katamaran” istirahət mərkəzində formalaşan çirkab sularının birbaşa Xəzər dənizinə axıdılması müəyyən olunmuşdur. Ona görə də, X3 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “Katamaran” istirahət mərkəzində nəzarətçi işləmiş X5 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, “Katamaran” istirahət mərkəzindən Xəzər dənizinə az miqdarda çirkab suyun axıdılması istirahət mərkəzinin kanalizasiya sistemində baş vermiş qəza ilə bağlı olduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Katamaran” istirahət mərkəzində nəzarətçi işləmiş X5 xx.xx.2022-ci il tarixli izahatında da “Katamaran” istirahət mərkəzindən Xəzər dənizinə az miqdarda çirkab suyun axıdılması istirahət mərkəzinin kanalizasiya sistemində baş vermiş qəza ilə bağlı olduğu göstərilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 izahatında “Katamaran” istirahət mərkəzində verdiyi izahatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının təsiri altında verdiyini, digər şahid X2 isə istirahət mərkəzinin kanalizasiya sistemində nasazlıqlar olsa da, suyun Xəzər dənizinə deyil istirahət mərkəzinin şambosuna axıdılmasını bildirməsi onların əvvəllər işlədikləri həmin istirahət mərkəzinin mənafeyini müdafiə etdikləri üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmiş, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan vermiş olduğu şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar