Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-523/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24525093 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 etibarnamə üzrə nümayəndəsi Vəkil Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, EQ 24525093 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR Daxili İşlər Nazirliyinin EQ 24525093 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə X2 mülkiyyətində olan "FRUEHAUF YARİMQOŞQU" markalı, **-ZB-*** nömrəli avtonəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon istiqamətində qaydaları pozduğuna görə AR İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, müvafiq orqana şikayət versələr də nəticə əldə olunmamışdır. X2 mülkiyyətində olan "FRUEHAUF YARİMQOŞQU" markalı, **-ZB-*** nömrəli avtonəqliyyat vasitəsi yarımqoşqu hesab edilməklə özünün müstəqil hərəkəti mümkün deyil. O, həmin nəqliyyat vasitəsini inzibati qərarlardanda göründüyü kimi Sumqayıt şəhərində eyni yerdə uzun müddətdir park etmişdir. Yəni, həmin yarımqoşqu nəqliyyat vasitəsi ümumiyyətlə hərəkətsiz qalmışdır. Belə ki, DYP əməkdaşları ona məlum olmayan səbəblərdən təxminən 20 gündən bir heç bir hərəkət etməyən və hərəkət etməsi mümkün olmayan yarımqoşquya texniki baxışdan keçməməyə görə cərimə yazmışdırlar. O, bununla razılaşmır. Çünki cərimə edildiyi AR İXM-nin 339.1-1 və 332.3-cü maddələrində avtomobilin hərəkət etməsinə görə cərimə tətbiq olunur. Yəni, avtomobil hərəkətdə olarkən texniki baxışdan keçmədiyi və hüquqi olmayan şəxs tərəfindən idarə edildiyi aşkar olunarsa cərimə oluna bilər. Burada isə maşının hərəkətindən söhbət belə gedə bilməz. Hətta inzibati qərarlarda xətanın törədilmə yerinin GPS nöqtələri demək olar ki eynidir. Bu da bir daha avtomobilin hərəkət etmədiyini sübut edir. Maddənin də tələblərindən göründüyü kimi inzibati tənbeh haqqında qərarın qəbul edilməsi üçün avtomobilin idarə edilməsi zəruri şərtdir. Bu səbəbdən də qərarları qanunsuz hesab edir. Ona görə də barəsində tətbiq edilmiş EQ 24525093 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən X2 etibarnamə üzrə nümayəndəsi Vəkil şikayət ərizəsini müdafiə edərək, bildirdi ki, avtomobil idarə olunmayıb. Hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.2024-cü il tarixdən ölkə xaricindədir. Həmçinin şəxsin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5 nömrəli qərarı ilə sürücülük hüququ 02 il müddətinə məhdudlaşdırılmışdır. Qərarın tarixi isə xx.xx.2024-cü ildir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24525093 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölkə xaricinə getmiş və bu günədək ölkəyə qayıtmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24525093 saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. - 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. - 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Göründüyü kimi qanunun tələbinə əsasən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi nəqliyyat vasitəsinin istismar olunduğu müddətə şamil olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi vaxt Fruehauf yarımqoşqu markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qərarda göstərilən tarixdə mülkiyyətçi tərəfindən istismar edilməsinə dair hər hansı sübut mövcud deyildir.Bundn başqa iş materiallarına əlavə edilmiş fotoşəkildə nəqliyyat vasitəsinin parklanmış vəziyyətdə olduğu görünür. Belə olan halda şəxs hazırki inzibati xətanın törədilməsində təqsirli hesab oluna bilməz. Eyni zamanda inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi vaxt X5 ölkə xaricində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24525093 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 etibarnamə üzrə nümayəndəsi Vəkil şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 24525093 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-523/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-523/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver