Məhkəmə qərarları › İş №3(060)-524/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-524/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-524/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21440691 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ21440691 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, AR Daxili İşlər Nazirliyinin EQ 21440691 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə “DAF XF 105 YÜK” markalı, **-HT-*** nömrəli avtonəqliyyat vasitəsi ilə Bakı-Qazax yolu, 241.1-ci km Bakı istiqamətində, qaydaları pozduğuna görə AR İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, müvafiq orqana şikayət versələr də nəticə əldə olunmamışdır. Belə ki, həmin nəqliyyat vasitəsi X4 mülkiyyətində olsa da, o, həmin nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə X6 (FİN:5NVA6K0) avtomobili idarə etmək üçün və digər hüquqlarla bağlı etibarnamə vermişdir və həmin etibarnamə əsasında avtomobili idarə etmək üçün xx.xx.2023-cü il tarixdə 10 il müddətinə X1 hal-hazırda da qüvvədə olan etibarnaməni vermişdir. İnzibati qərar isə həmin etibarnamənin qüvvədə olduğu tarixdə qəbul edilmişdir. Lakin, inzibati qərar avtomobili həmin vaxt faktiki idarə edən və sonuncu etibarnamə verilmiş şəxs olan X6 deyil, texniki səhv olaraq X4 adına gəlmişdir. Buna görə də qərar qanunsuz və əsassızdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 nümayəndəsi X3 şikayətin mahiyyətinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayətçi və ya onun nümayəndəsi və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21440691 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X9 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21440691 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 “DAF XF105 YÜK” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Qazax yolu, 241.1-ci km Bakı istiqamətində idarə edərkən nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilməmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi idarə etmişdir. Buna görə də sürücü X9 Azərbaycan Respublikası İXM-in 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş AE N 053579 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “DAF XF105 YÜK” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. X9 tərəfindən xx.xx.2023-cü ildə Sumqayıt şəhər 3 saylı notariat ofisində X6 verilmiş etibarnaməyə əsasən X10 09 il 04 ay 12 gün müddətinə “DAF XF105 YÜK” markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək və s. hüquqlara malikdir. Elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, X2 dəfə xx.xx.2024-cü il tarixdə ölkə xaricinə çıxmış, bundan sonra indiyədək ölkə xaricində olmuşdur. Göründüyü kimi mübahisələndirilən qərar elektron qaydada qəbul edilmiş, yəni nəqliyyat vasitəsi saxlanılmadan və onu idarə edən şəxs müəyyən edilmədən İXM-in 122ci maddəsinə uyğun olaraq (inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydaları) şəxsin iştirakı olmadan icraat aparılmış və inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı inzibati xətanın qeydə alındığı xx.xx.2024-cü il tarixdə X4 ümumiyyətlə ölkə ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə də, X4 hər hansı inzibati xəta törətməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21440691 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ21440691 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X4 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli, EQ21440691 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar