Məhkəmə qərarları › İş №3(060)-527/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-527/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-527/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YXP inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Premium- HTV MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X2 qeyd etmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21.00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində “Chevrolet Cruze minik” markalı **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Məsələ ilə bağlı sürücü idarəyə dəvət edilərək sözügedən görüntülərlə tanış edilmiş, izahatı alınmış, sonuncu əməlini səmimi etiraf edərək peşman olduğunu bildirmişdir. Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə qar yağdığı zaman bir həvəslə qeyd edilən əməllərə yol vermişdir. Hazırda əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəyinə söz vermişdir. Özünün vətən müharibəsi iştirakçısı olmasını, valideynin İ qrup əlil olmasını nəzərə alınaraq barəsində ən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə Bakı-Quba yolu ilə H.Z.Tağıyev qəsəbəsində hərəkət etdiyi zaman qara rəngli “Chevrolet Cruze minik” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edildiyini görmüşdür. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun, şahidin izahatları, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keşirilərkən müəyyən edilmişdir ki, “Chevrolet Cruze minik” markalı **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən qəflətən avtomobili sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Həmçinin diskdə qeyd olunan digər görüntüdə Şəxs sözügedən əməllərin onun tərəfindən edildiyini etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin müəyyən edilir ki, müvafiq avtoxuliqanlıq hərəkətləri zamanı ətrafda digər avtomobillər də olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs vətən müharibəsi iştirakçısı olmasını və əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh növü olan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmasını ona görə tətbiq etmir ki, şəxsin sürücülük hüququ yoxdur. Bu inzibati xəta haqqında protokolda da qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən xüsusi hüququn məhdudlaşdırılması növündə təhbehin yalnız belə hüquqa malik olan şəxslərə tətbiq edilməsi mümkündür. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar