Məhkəmə qərarları › İş №3(060)-529/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-529/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-529/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, məhəllə 24, ev 24A/7, mənzi 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhər DYPİ tərəfindən 07.12.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini təhlükəsizlik kəməri olmadan idarə edərkən Bakı şəhər DYPİ Yol patrul inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş halda olduğu müəyyən olunmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 02.04.2021-ci il tarixdə baş etibarnamə ilə idarə etdiyi **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu ərazisində reyd halında olan DYP işçisi tərəfindən saxlanılmışdır. Səbəb tibbi maska olsa belə avtomobildəkilərin ailə üzvü olduğunu bildikdə ondan spirtli içki testindən keçməyi tələb etmişdir. Qanun keşikçisinə tabe olaraq alkotestrdən keçmişdir. YPX əməkdaşı peşmanlıq rəyi yazaraq reydə davam edəcəyini bildirmişdir. Həmin vaxt saat 09:30 olardı. Hüquqlarını bilmədiyi üçün ərizəni yazmışdır. 30 dəq gözləmədən sonra ailəsini düşürtmək üçün YPX əməkdaşının müşayiəti ilə Şüvəlan Mola yola düşmüşlər. 20 dəq yol olardı ki çatmışlar və ailəsini düçürtmüşdür. Sonra oradan Xəzər rayon 12 saylı cərimə meydançasına getmişlər. Oradan o həkim müayinəsi tələb etsə də yenə aldadılaraq BŞİBDYPİ-nə gətirilmişdir. Bəhanə isə oradan kağız götürülərək həkimə gedəcəkləri olmuşdur. YPX əməkdaşının otağa girərək gəlmədiyini görüb 102 polis xidmətinə məlumat vermişdir. Dərhal həkimə gedərək alkotest nəticəsini yoxlatmışdır. Nəticə 0,00 faiz olmuşdur. Protokola diqqət yetirdikdə isə hal şahidlərinin olmadığını görmək mümkündür. O həmin vaxt sərxoş vəziyyətdə olmamışdır. Əməlində inzibati xəta olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Bakı Şəhər Polis İdarəsi Dövlət Yol Polis İdarəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarından olan 02.04.2021-ci il tarixli alkotestrlə müayinə qəbzindən müəyyən olunur ki, Şəxs saat 09:30-da müayinə vaxtı 0.452 % promil alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. İş materiallarından olan 02.04.2021-ci il tarixli, 2/8654 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı saat 12:25-də ayıq vəziyyətdə olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07.01.2022-ci il tarixli, 3(105)-7/2022 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin obyektivliliyinə nail olunması üçün heç bir sübut tələb etməmiş və müayinənin aparılmasının videogörüntüsünün olub-olmamasına münasibət bildirməmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xüsusi şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materillarında olan 02.04.2021-ci il tarixli, alkotestrlə müayinə qəbzindən müəyyən olunur ki, Şəxs saat 09:30-da müayinə vaxtı 0.452 % promil alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. 02.04.2021-ci il tarixli, 2/8654 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı, yəni həmin gün saat 12:25də alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Məhkəməyə daxil olmuş sənədlərdə sərxoşluq vəziyyətinin müayinəsinin videogörüntüsü yoxdur. İşə yenidən baxılarkən bununla bağlı səlahiyyətli orqana sorğu verilərək sərxoşluq vəziyyətinin müayinəsinin videogörüntüsü varsa təqdim edilməsi istənilmiş, lakin məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta ilə bağlı icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinin tələbləri pozularaq sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğuna baxmayaraq onların iştirakı təmin edilməmişdir. Bu hal Qanunda imperativ norma kimi nəzərdə tutulmuş, buna hansısa halda əməl edilməməsi və ya əvəz edilməsi Qanunla müəyyən edilməmişdir. Buna baxmayaraq sərxoşluq vəziyyətinin müayinəsinin videogörüntüsü olubolmaması barədə sorğu verilsə də Bakı şəhər DYPİ tərəfindən heç bir sübut təqdim edilməmiş, sorğuya cavab verilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 114.2.1-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar