Məhkəmə qərarları › İş №3(060)-529/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-529/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-529/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Lamiyə Hüseynquliyeva tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7940/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 10300 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Lamiyə Hüseynquliyeva izahatında bildirdi ki, qeyd olunan icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmları üçün 10 may 2016-cı il tarixindən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 yüz manat sabit pul məbləğində aliment tutularaq iddaiçı Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs hazırda hazırda 10300 manat aliment borcu yaranmışdır. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Hazırda məhkəmə istintaqı dövründə tələbkarla borclu arasında borcun hissəhissə ödənilməsi barədə razılığa gəlmiş, borclu atasına məxsus pensiya kartını tələbkara verərək ayda 400 manat ödəniş olunacağını, bundan başqa əlavə ödəniş edəcəyini öhdəsinə götürmüş, tələbkar bu təkliflə razılaşmışdır. Qeyd olunanlara əsasən tələbkarın mövqeyini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir, həqiqətən də qeyd olunan icra sənədi üzrə tələbkara 10300 manat aliment borcu vardır. Hazırda o, tələbkarla borcun ödənilməsi barədə razılığa gəlmişdir. Belə ki, atası 400 manat pensiya alır və o, atasının razılığı ilə sonuncuya məxsus pensiya kartını tələbkara vermişdir. Həmçinin bundan başqa aylıq aliment ödənişindən artıq məbləğdə əlavə olaraq ödəniş edəcəkdir. Tələbkarın hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs 01 mart 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək hazırda tələbkar ilə razılığa gəldiyini, atasına məxsus bank kartını tələbkara verdiyini və bundan əlavə aylıq aliment ödənişindən artıq məbləğdə ödəniş edəcəyinə söz verdiyini qeyd etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs ona indiyədək ödənilməmiş 10300 manat aliment borcu vardır. Hazırda borclu ilə razılığa gəlmişdir. Belə ki, borclu atasına məxsus pensiya (bank) kartını ona vermiş, bundan başqa aylıq aliment ödənişindən artıq məbləğdə əlavə olaraq ödəniş edəcəyini bildirmişdir. Hazırda borcluya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 01 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək borclu ilə razılığa gəldiyini, borcun hissə-hissə ödənilməsinə etiraz etmədiyini, bu dəfə ona şans verdiyini bildirərək inzibati xəta haqqında iş üzrə hazırkı icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən Şəxs 10300 manat aliment borcu qalmış, qalıq borc ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən qalıq borcun üzrsüz səbəbdən ödənilməməsi qənaətinə gəlmiş və İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini bildirmişdir. Lakin icra məmuru tərəfindən tələbkarın borclu ilə qətnamə üzrə aliment borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmək niyyətinin olması hissəsində hər hansı araşdırma aparılmadan, bu suallara aydınlıq gətirmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdır. Lakin məhkəmə baxışı zamanı Şəxs öz izahatında borcun hissə-hissə ödənilməsi barədə özünün tələbkar ilə razılığa gəldiyini, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu faktı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs öz izahatında və məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası NK-nin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar