Məhkəmə qərarları › İş №3(060)-53/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-53/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-53/2023 11.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla oğlunun katibliyilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayon, Saray qəsəbəsi, ev 13 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə Sumqayıt ŞPİ DYPŞ tərəfindən inzibati xəta haqqında AP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur, ona görə ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:10 radələrində VAZ 21043 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində aşkar surətdə digər nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 08 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2911/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 il müddətinə məhdudlaşdırılmaqla ona 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edilən qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2911/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Apellyasiya şikayəti qismən təmin edilmişdir. İş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, VAZ 21043 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə işə gedən zaman işiqforda Vaz 2107 markalı avtomobili idarə edən köhnə iş yoldaşı ilə rastlaşmış, yolun sol istiqaməti ilə onun arxası ilə hərəkət etmişdir. Daha sonra işıqforda onu saxlayıblar. O, avtoxuliqanlıq etməmişdir. Qeyd olunanların nəzərə alınmaqla inzibati icraata xitam verilməsini xahiş etdi. Müdafiəçi Vəkil bildirdi ki, təqdim edilmiş videogörüntülərdən də görünür ki, Şəxs avtomobili idarə edərkən manevr qaydaları pozulmuş, lakin manevr qaydasının pozulması avtoxuliqanlıq adlandırmaq olmaz. Şəxs özü də manevr qaydasının pozulmasında özünü təqsirli bilir. Bu səbəbdən inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçini dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan videgörüntülərdən görünür ki, Şəxs idarə etdiyi VAZ 21043 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Vaz 2107 markalı avtomobil işıqforun qırmızı işiğında dayanmış, Vaz 2107 markalı avtomobil qəfil irəliyə doğru sürətlənmiş, arxası ilə Şəxs idarə etdiyi avtomobil hərəkətə başlamış, daha sonra Vaz 2107 markalı avtomobili müxtəlif yerlərdə ciddi təhlükə yaratmaqla manevr pozuntusu ilə müşahidə olunan hərəkətlər etmiş, arxası ilə hərəkət edən VAZ 21043 markalı, **-OV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin manevr qaydasını pozsa da, əməlində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək aşkar surətdə digər avtomobillə sürət yarışının həyata keçirilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Odur ki, VAZ 21043 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs manevr etmə qaydalarının pozulması ilə bağlı inzibati xəta tərkibi müəyyən edildiyi üçün iş materiallarının surəti Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. VAZ 21043 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs manevr etmə qaydalarının pozulması ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün iş materiallarının surəti Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə göndərilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. İnzibati işin materiallarına əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar