Məhkəmə qərarları › İş №3(060)-533/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-533/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-533/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» ASCnin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs «xxxx» ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «xxxx» ASC barəsində xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli, 26-19073-2020 saylı göstərişi əsasında «xxxx» ASC müvafiq sənədləri vaxtında təqdim etməmişdir. İnzibati xəta xx.xx.2021-ci ildə törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi yazılı etirazı təqdim etdi və bildirdi ki, Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli, 26-19073-2020 saylı göstərişindən məlumatları olmamış, belə bir məlumat ASC-yə daxil olmamışdır. Bunları nəzərə alaraq təmsil etdiyi hüquqi şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. «xxxx» ASC etirazında göstərir: Mərkəzi Bankın xx xxxxxxxx 2020-ci il tarixli, 26- 14142-2020 nömrəli sorğusu xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-yə daxil olmuşdur. X2 Mərkəzi Banka müraciətinin daxil olduğunu və cəmiyyət təsis olunduğu gündən bu günə qədər səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumatın göndərilməsi qeyd edilmişdir. Mərkəzi Bankın xx xxxxxxxx 2020-ci il tarixli, 26-14142-2020 nömrəli sorğusu üzrə qeyd etdik ki, “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrində Sultan Məmmədov ad və soyadlı qiymətli kağız mülkiyyətçisi yoxdur. Bununla əlaqədar olaraq, “xxxx” ASC-nin yeni tarixə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin əldə edilməsi ilə bağlı Milli Depozit Mərkəzinə müraciət ünvanlanıb. Qiymətli kağız mülkiyyətçilərin reyestrini əldə etdikdən sonra sorğunuza cavab veriləcək (xx xxxxxxx 2020-ci il tarixli məktubun surətini əlavə edirik). “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrini əldə etdikdən sonra Mərkəzi Bankın xx xxxxxxxx 2020-ci il tarixli, 26-14142-2020 nömrəli sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli. 08 nömrəli məktub göndərmişik. Həmin cavab məktubunda qeyd eidlir ki, “xxxx” ASC-nin xx.xx.2020ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrində Sultan Məmmədov ad və soyadlı qiymətli kağız mülkiyyətçisi var və Cəmiyyət təsis olunduğu gündən bu günə qədər dividend hesablanmamışdır (məktubun surətini əlavə edirik). Sultan Məmmədov yeni səhmdardır və birbaşa müraciətini “xxxx” ASC-yə deyil, Mərkəzi Banka etmişdir. Mərkəzi Bank vətəndaşın etdiyi müraciətin surətini “xxxx” ASC-yə göndərməmişdir Mərkəzi Bank xx xxxxxxxx 2020-ci il tarixli, 26-14142-2020 nömrəli sorğusunda nə tələb etmişdirsə onu da cavablandırmışıq. Məhkəmə iclası zamanı iş materialları ilə tanış olarkən Mərkəzi Bankın xx xxxxxx 2021-ci il tarixli, 16-00105-2021 nömrəli bildiriş, İXM-dən çıxarış, xx xxxxxx 2021-ci il tarixli, 26- 00438-2021 nömrəli xidməti məktub və 010769 nömrəli qaimənin (xəbəmamə) surətləri “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsinə təqdim edildi. Həmin sənədləri əldə etməmişik, məlumatımız olmayıb. 010769 nömrəli xəbəmamədə qeyd var ki, “qəbul etmədi”. Halbuki, Cəmiyyətin olduğu ünvana (ünvan 1 belə bir bildiriş gəlməyib və yaxud da qəbul edilməyib. İş materiallarından əldə etdiyimiz Mərkəzi Bankın xx xxxxxx 2021-ci il tarixli, 16-00105-2021 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, 26-19073-2020 saylı məktubda qeyd edilən müvafiq məlumatlar müəyyən edilmiş müddət ərzində təqdim olunmadığından Cəmiyyətin əməlində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkib əlamətləri müşahidə olunur. Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli, 26-19073-2020 saylı məktubu Cəmiyyətə göndərilməyib, əldə etməmişik və heç bir məlumatımız yoxdur. Məktub ünvanımız gəlsə idi təbii ki cavablandırardıq. Mərkəzi Bankın xx xxxxxx 2021-ci il tarixli. 26-00438-2021 nömrəli xidməti məktubunda “xxxx” ASC-yə Mərkəzi Bank tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 26-14142-2020 saylı və xx xxxxxx 2020-ci il tarixli, 26-17194-2020 saylı sorğular göndərildiyini, sorğularda cəmiyyət təsis olunduğu gündən bu günə qədər səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividenlərin məbləğləri barədə məlumatın, həmçinin cəmiyyət təsis olunduğu gündən bu günə qədər müəssisənin mühasibat balansı, həmin illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatın sənədlər əlavə edilməklə Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. Xidməti məktubda qeyd edilən yalnız xx xxxxxxxx 2020-ci il tarixli, 26-14142- 2020 saylı sorğu Cəmiyyətə daxil olmuş və yuxarıda da qeyd etdiyimiz kimi cavablandırmışıq. Mərkəzi Bankın xx xxxxxx 2020-ci il tarixli, 26-17194-2020 saylı sorğusunu əldə etməmişik və məlumatımız yoxdur. Mərkəzi Bank tərəfindən “xxxx” ASCyə xx xxxxxxxx 2020-ci il tarixli, 26-14142-2020 nömrəli sorğu və xx xxxxxx 2020-ci il tariixli, 16-00230-2021 nömrəli məktub (qoşmada protokol-2 vərəqədə) rəsmi olaraq daxil olmuşdur. “xxxx” ASC-nin fəaliyyət növü daşınmaz əmlakın istismara və icarəyə verilməsidir. “ünvan 2 ünvanında yerləşən ona məxsus olan əmlak kompleksi kimi müəssisəni aylıq icarə haqqı 4500 manat olmaqla “xxxx” MMC-yə icarəyə verib.(İcarə müqaviləsinin surətini əlavə edirik) Cəmiyyətin maliyyə vəziyyətini əks etdirən hesabatlar Mərkəzi Banka, mənfəət vergisinin bəyannaməsini isə vergi orqanına göndəririk. (mənfəət vergisinin bəyannaməsini və maliyyə vəziyyəti haqqında hesabatların surətlərini əlavə edirik). xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə əsasən yeni səhmdar Sultan Məmmədovun səhm faizi 0.0135 təşkil edir. Mənfəət vergisinin bəyannaməsinə əsasən Cəmiyyət mənfəət vergisini ödədikdən sonra təqribən 527 manat xalis mənfəət əldə etmişdir. Həmin 527 manatı səhmdarlar arasında bölüşdürdükdə Sultan Məmmədovun malik olduğu 0.0135 faizə uyğun olaraq yuvarlaq 7 (yeddi) qəpik düşür. Dividendin ödənilməməsi İXM-nin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdən altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasında emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə”. qeyd edilib. “xxxx” ASC hansı məlumatları təqdim etməyib və ya təhrif edilmiş məlumatlar verib?. Mərkəzi Bankdan “xxxx” ASC-yə nə sorğu(lar) rəsmi daxil olubsa yuxarıda qeyd etdiyimiz kimi rəsmi cavablandırılıb və təhrif edilmiş məlumatlar verilməyib. Bu hərəkətlər İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkib əlamətlərini yaratmır və buna görə inzibati tənbeh haqqında qərar qəbul edilə bilməz. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, «xxxx» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan 010769 №-li EXSPRESS poçt qaiməsindən görünür ki, Mərkəzi Bankdan xx.xx.2021-ci il tarixdə təhvil alınmış sənəd (zərf) xx.xx.2021-ci ildə «xxxx» ASC tərəfindən qəbul edilməmişdir. Kuryer tərəfindən qaimənin üstünə “Qəbul etmədi xx.xx.2021” yazılmış, sonra “xxxxə getdik deyir bizə aid deyil qəbul etmədilər” qeydi edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki hüquqi şəxs olan «xxxx» ASC-nın hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. Beləliklə, məhkəmə inzibati xətalar qanunvericiliyinə əməl etməklə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq müəyyən etdi ki, «xxxx» ASC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, 26-19073-2020 saylı göstərişi əsasında «xxxx» ASC müvafiq sənədləri vaxtında təqdim etməməsidir. Bunun üçün «xxxx» ASC tərəfindən həmin göstərişin alınması və cavablandırmaması lazımdır. İşdə belə sorğu (göstəriş) var. Ancaq həmin sorğunun «xxxx» ASC tərəfindən alınması təsdiq edilmir. Azərbaycan Respublikası Mərkəzi Bankının protokola əlavə etdiyi sənədlərin arasında belə bi sübut yoxdur. Qanunun tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, hüquqi şəxs . «xxxx» ASC-nın hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «xxxx» ASC barəsində xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar