Məhkəmə qərarları › İş №3(060)-536/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-536/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-536/2025 28.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində fərdi evdə yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 28 fevral 2025-ci il tarixli, MN2089275 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 4182 nömrəli icra sənədinə əsasən qeyd olunan tələbi üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4182/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay üçün 450 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. Borclu tərəfindən bu günkü günədək heç bir ödəniş edilməmişdir. Borclunun mülkiyyətində olan torpaq sahəsinə həbs qoyulmasına baxmayaraq həmin torpağın üzərində ev inşa edildiyi və borclunun yeganə yaşadığı yer olduğu üçün həmin sahəyə borcun yönəldilməsini həyata keçirmək mümkün olmamışdır. İcra məmurunun çağırışlarına gəlməmiş, onun barəsində axtarış qərarı qəbul olunmuşdur. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətanın törədilməsində özünü təqsirli bilərək, qeyd etmişdir ki, o, işləmir. Öz həyətində toyuq-cücə saxlayır, onları satıb pul qazanır. Uşaqların biri 18, biri 17, biri isə 15 yaşındadır. Özü xəstədir, xəstəxanada yatır. Bundan başqa, hazırda onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin məhdudlaşma götürülərsə o gedib Rusiyada işləyib aliment borcunu ödəyə bilər. Hal-hazırda ayda 450 manat, bu ilin may ayında 900 manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq həmçinin, bildirmişdir ki, o icarəyə avtomobil götürüb sürür və gündəlik xərclərini həmin avtomobildən gələn qazancla ödəyir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, o, uşaqlarının haqqını tələb edir. Özü 400 manat maaş alır, kirayədə qalır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əlilliyi olub. Əlilliyinin müddəti bitdikdən sonra yenidən həkimlərdən keçmiş, ona əlillik verilməmişdir. İndiyədək borclu alimentdən heç bir ödəniş etməmişdir. Hazırda o, aliment məbləğini tam olaraq ödənilməsini tələb edir. Aliment borcunun ödənilmədiyi təqdirdə borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, 2022-ci ildən bu ilə kimi icra sənədi üzrə icra tədbirləri zəif şəkildə yerinə yetirilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs xəstədir, onun əlilliyi olub. Onun gəlir yeri yoxdur. O, hal-hazırda 450 manat ödəyə biləcəyini qeyd edir. Göstərilənlərə əsasən müdafiəçi protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4182/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay üçün 450 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4182/2022 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs bildirişi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-874/2023 nömrəli qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 4182/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11 olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372 D ünvanında yerləşən 0,0299 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-651/2024 nömrəli qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 4182/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4182/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 2(060)- 4182/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay üçün 450 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. İş üzə xx.xx.2022-ci il tarixdə icraata başlamaq barədə qərar qəbul edilmiş, həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2023-cü il tarixdə rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu ödənişləri etmədiyi üçün onun bu günə kimi 13375 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 28 fevral 2025-ci il tarixdən, saat 15:40-dan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X6 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 28 fevral 2025-ci il tarixdən, saat 15:40dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar