Məhkəmə qərarları › İş №3(060)-537/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-537/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-537/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, İcra sənədi üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – Ramil Babayevin , Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, yataqxana 6A, sülh küçəsi, məhəllə 76 ünvanıında qeydiyyatda olan və yaşayan, Şəxs oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – Ramil Babayev tərəfindən 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 10.03.2015-ci il tarixli icra vərəqəsinə əsasən 01(bir) uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 108( yüz səkkiz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq X6 qızına verilməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən aliment borcu tam şəkildə ödənilməmiş, ümumilikdə 5581( beş min beş yüz səksən bir) manat məbləğində aliment borcu yaranmış və Şəxs oğlu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edilməmişdir. Daha sonra aliment borcunun ödənilməməsinə görə Sumqayıt şəhər məhkəməsinin 28.11.2019-cu il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində cərimə edilmiş və sonuncu həmin cərimə məbləğini də ödəməmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev bildirdiki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 10.03.2015-ci il tarixli icra vərəqəsinə əsasən 01(bir) uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 108( yüz səkkiz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq X6 qızına verilməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən aliment borcu tam şəkildə ödənilməmiş, ümumilikdə 5581( beş min beş yüz səksən bir) manat məbləğində aliment borcu yaranmış və Şəxs tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edilməmişdir. Daha sonra aliment borcunun ödənilməməsinə görə Sumqayıt şəhər məhkəməsinin 28.11.2019-cu il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində cərimə edilmiş və sonuncu həmin cərimə məbləğini ödəməmişdir. Dəfərlərlə tərəflər arasında razılıq əldə olunması istiqamətində söhbətlər edilmiş ancaq nəticədə Şəxs tərəfindən aliment ödənişləri həyata keçirilməmişdir. Həmçinin dəfələrlə cərimənin ödənilməsinə dair xəbərdarlıq edilsə də sonuncu 28.11.2019-cu il tarixli qərarla müyyən edilmiş 500 manat cərimə məbləğindən heç bir ödəniş etməmişdir. Bu səbəbdən də barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar X5 izahat verərək bildirdi ki, 01 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 108( yüz səkkiz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona verilməsi müəyyən edilmişdir. Borclu tərəfindən aliment borcu tam şəkildə ödənilməmiş, ümumilikdə 5581( beş min beş yüz səksən bir) manat məbləğində aliment borcu yaranmışdır. 28.11.2019-cu il tarixdə olan məhkəmə iclasında borclu Şəxs tərəfindən aliment borcunu hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunsada, sonuncu aliment borcunu ödəməmişdir Şəxs şikayətçidir və barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra vərəqəsi üzrə aliment borcunu hal-hazırda işləmədiyindən ödəməyə maddi imkanının olmadığını və buna görədə ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs oğluna yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş tələbkar X1 ərizəsindən görünür ki, dəfələrlə razılığa gəlinməsinə baxmayaraq Şəxs oğlu tərəfindən aliment borcu ödənilməmişdir. Şəxs oğlundan şikayətçidir və qanunauyğun inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş materillarına əlavə olunmuş qəbzlərdən görünür ki, Şəxs 2015-ci ilin aprel, oktyabr, noyabr ayı olmaqla hərəsində 60 manat olmaqla 180 manat ödəniş etmiş, 2016-cı il tarixdən 2019-cu il tarixədək heç bir aliment ödənişi etməmişdir. 2019-cu ildə müxtəlif vaxtlarda 565 manat ödəniş etmişdir. 2020-ci il tarixdə müxtəlif vaxtlarda 50, 50, 30, 60, 20,40,100,70 manat olmaqla cəmi 550 manat məbləğində alimet ödənişi etmişdir. Borclu şəxs Şəxs qətnamə qanuni qüvvəyə mindikdən sonra xeyli müddət ərzində aliment borcunu ödəməməsi onun üzrsüz səbəbdən, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməməsini göstərir. Həmçinin Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-4127/2019 saylı, 28 noyabr 2019cu il tarixli qərarı üzrə ona təyin edilmiş 500(beş yüz) manat məbləğində cərimədən heç bir ödənişin edilməməsi Şəxs qərəzli olaraq məhkəmə qərarını icra etmədiyini göstərir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində yəni AR İXM-in 529.2-ci maddəsi ilə tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini Şəxs oğlunun şəxsiyyətini, icra sənədində göstərilən aliment borcunu heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs 528.1-ci və 529.2-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 fevral 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə vəya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar