Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-537/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1988-ci ildə Gürcüstan Respublikası Bolinisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 4 nömrəli yataqxana, otaq 93-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746461 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-331/2023 saylı icra sənədi üzrsüz səbəbdən yerinə yetirilmir. İcra sənədi üzrə borclunun 2100 manat ödənilməmiş borcu mövcuddur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-331/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəlüldlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədi üzrə icra məmuru O.Bağırov tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi 2023-cü ilin oktyabr ayından onun icraatına daxil olmuşdur. Hazırda 7 aydır ki, aliment borcu ödənilmir, 2100 manat ödənilməmiş borc mövcuddur. Borclu uşaqların bir müddət onunla qalmasını əsas gətirərək yığılmış borcu ödəməyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə izahatlarını almışdır. Sonuncu izahatında borclu martın sonunda ödəniş edə biləcəyini qeyd etmiş, lakin əvvəlki borları ödəməyəciyini bildirmişdir. Boclu vaxtlı-vaxtında çağırışlara gəlmiş, adına hər hansı əmlak və gəlir aşkar olunmamışdır. Zərərçəkmiş şəxs (tələbkar) Ağdam rayonunda yaşadığı üçün məhkəməyə gələ bilməmişdir. Onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Tələbkar yığılmış borcu tələb etdiyni və borclu ilə aralarında hər hansı razılığın olmamasını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, 2023-cü ilin iyul ayına kimi aliment tələbi onun aylıq maaşına yönəlmiş, sonra işdən çıxmışdır. Bundan sonra 03 ay uşaqlar onunla qalmışdır. Daha sonra isə 02 ay müddətində rayonda özü kirayə tutaraq tələbkarla birlikdə uşaqlara baxmışdır. Həmçinin uşaqların məktəb paltarlarını da almışdır. Ona görə də keçmiş aliment borcunun ödənilməsinin ondan tələb edilməsi əsassızdır. Lakin, bundan sonra hər ay sonu aliment borcunu ödəyəcək. O, məşğulluq idarəsinə müraciət etmiş, ona alətlər verilmiş, hal-hazırda maşın ustası kimi fəaliyyət göstərir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, keçmiş borcdan yalnız 02 aya hesablanmış alimenti ödəyə bilər. Lakin, indi ödəniş edə bilmir. Uşaqların onun yanında qalması və özünün Ağdamda uşaqlarla birgə yaşaması icra məmuru tərəfindən rəsmiləşdirilmədiyi üçün sübut təqdim edə bilmir. 2023-cü ilin iyul ayından sonra ödəniş etməmiş və bu barədə qəbzlər yoxdur. Bu gün heç bir ödəniş edə bilmir, həmçinin onun tələbkarla hər hansı bir razılığı yoxdur. Məhkəmə iclasında müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, özünü də qeyd etdiyi kimi uşaqlar bir neçə ay himayəsində olmuşdur, iki ay ərzində yığılan borcu isə işləmədiyi üçün ödəyə bilməmişdir. Ona görə də göstərilən halları nəzərə almağı xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-331/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəlüldlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan borclu Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində yazdığı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, o aliment borcunu ödəməyəcəyini bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək ardıcıl yeddi ay ərzində ödənişləri etməmiş, həmçinin izahatında qeyd edilən aliment borcunu ödəməyəcəyini bildirmişdir. Hazırda icra sənədinin icrası ilə əlaqədar tərəflər arasında hər hansı qaydada razılıq da əldə edilməmiş, zərərçəkmiş şəxs isə (icra işi üzrə tələbkar) borcun ödənilməsini tələb edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra etməməsi tam sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi və şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 04 mart 2024-cü il tarixdən, saat 11:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən saat 11:10dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin X3rın Saxlama Məntəqəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səəkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-537/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-537/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver