Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-538/2025 28.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında fərdi evdə yaşayan(FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X5 izahatında bildirmişdir ki, X1 Nazilə Əhməd qızının xx.xx.2025-ci il tarixdə onu döyməsi barədə müraciət etmişdir. Müraciətə əsasən xx.xx.2025-ci il tarixli təhqiqat qərarı qəbul edilərək cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yaşayan X1 Nazilə Əhməd qızının evinin yanından keçərkən onlar rastlaşmışlar, aralarında mübahisə yaranmış və nəticədə Şəxs X4 döymüşdür. Həmçinin, iş materiallarına ekspert rəyi də əlavə edilmiş və protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Qeyd edilənlərə əsasən qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədilməsində özünü təqsirli bilmədiyini qeyd etmiş, izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Gözəl onun evinin yanından keçərkən o, pəncərəni bağlamaq istəmiş, bu zaman Gözəl pəncərənin ağzında ona nalayiq ifadələr işlətmiş, o səs-küy yarandığı üçün Gözəli içəri çağırmışdır. Gözəl içəridə olarkən yenidən ona qarşı nalayiq sözlər işlətmiş, bu zaman o, Gözəlin sinəsindən itələyərək getməsini bildirmişdir. Lakin, Gözəl getməmiş onun saçını yolmaq istəmiş, o isə yenidən Gözəlin sinəsindən itələmişdir. Evdə gəlini və qızı olmuşdur Onları gəlini ayırmışdır. O, sadəcə Gözəlin yaxasından tutub itələmiş, çıxıb getməsini istəmişdir. O, Gözəli döyməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində evinə qayıdarkən Nazilənin evinin qarşısından keçərkən onun pəncərədən baxdığını görmüş və ərindən əl çəkməsini söyləmişdir. Nazilə də onu evinə dəvət edərək söhbət etməyə çağırmışdır. Həyətlərində söhbət edərkən yenidən ərindən əl çəkməsini, onla münasibətini dayandırmasını bildirmişdir. O isə əri ilə heç bir münasibətinin olmadığını demişdir. Bu zaman aralarında mübahisə düşmüş, həmin vaxt Nazilə əli ilə onun sinəsindən tutub sıxmış, əllərini cırmış, eyni zamanda onun qızı da təpiklə onun ayağına vurmuşdur. Daha sonra o Naziləgilin həyətlərindən çıxıb getmişdir. O zaman Nazilənin gəlini də orda olmuşdur. Gəlini onları aralamışdır. Göstərilən halları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X13 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Gözəl Əsədullayevanı döymədiyini qeyd edir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs X4 döyməsi faktı ilə bağlı əməlində cinayət trkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli, 119 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol almacıq nahiyyəsinin, döş qəfəsinin ön sol hissəsinin qançırları, sol saidin aşağı 1\3-nin ön-bayır səthinin 04 (dörd) ədəd, sağ saidin aşağı 1\3-nin bayır səthinin 09 (doqquz) ədəd sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdır, zərərçəkənin müayinəsindən 2-3 əvvəl olmaqla qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi döyməsi, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 32-ci və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə, həmçinin hesab edir ki, müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 53, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-538/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-538/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver