Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-542/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində polis əməkdaşları onu saxlayan zaman qaçaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində küçədə polis əməkdaşlarına və həmçinin ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi onun sidik və qan analizindən aşkar edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 04 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinən Şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət olunan zaman nalayiq ifadələr işlədərək polis bölməsinə getməkdən imtina etmiş, polis əməkdaşlarından qaçmış və özünə xəsarət yetirmişdir. Həmin şəxs polis bölməsinə gətirildikdən sonra oğurluq faktı sübuta yetirilməmiş, lakin müayinə zamanı narkotik vasitə istifadə etdiyi məlum olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə sahə rəisinin dediyi kimi olmuşdur. 5-ci Polis Bölməsinin əməkdaşları ona yaxınlaşaraq oğurluq əməli törətməsində şübhəli bilindiyi üçün onu polis bölməsinə dəvət etmişlər, o da getməkdən imtina etmişdir. Həmin əməli törətmədiyi üçün polis bölməsinə getmək istəməmişdir. Həmçinin o, polis əməkdaşlarını deyil, ünvansız söyüş söymüşdür. 9 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əməlindən peşmandır. Barəsində tərtib edilmiş protokolların həlli məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şəxsin əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci PB-nə təqdim edilmişdir. İş materiallarında olan A/421 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs amfetamin, metadon, opiot qrupu qəbulu faktı aşkarlanmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1403 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 mart 2024-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 76cı maddəsinə əsasən cəzasının çəkilməmiş 05 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206, 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (hazırda İXMnin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir,işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs xidməti fəaliyyətini həyata keçirən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq maneə yaratmış və ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Eyni zamanda Şəxs müayinə zamanı narkotik vasitələrin iki növündən istifadə etməsi aşkar olunmuş, qeyd olunan hal özünün ifadəsi və iş materialları ilə təsdiqini tapmışdır. Başqa sözlə narkotik vasitələrin istifadə növləri kateqoriya üzrə opioidlər, kannabinoidlər və psixostimulyatorlar sinfinə bölünür və Şəxs iki sinfə aid narkotik vasitələrin qəbulu nəticəsində aslılıq sindromu aşkar olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, ödənilməmiş məhkumluğunun olmasını və onun hüquqpozmaya meyilliliyini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri eyni vaxtda törətdiyindən, ona sanksiyası daha ağır hesab edilən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə və İXM-nin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1 və 34.4-cü maddəsinə əsasən tətbiq edilən inzibati tənbeh tədbiri toplanmaqla Şəxs ümumilikdə 01 (bir) ay 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə və məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-542/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-542/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver