Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-542/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs – X15 oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi – X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 Əli oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X10 Əli oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən 14 fevral 2025-ci il tarixdə X7 Xidmətinin X3 tərəfindən MN № ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. Bundan sonra həmin protokol əsasında barəsində 25 fevral 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli Qərar qəbul olunaraq onu 3000 manat cərimə etmişlər. O, heç kəsi işə cəlb etməmişdir və tikinti sahəsi ilə məşğul olmur. Bunu inzibati orqana bildirsə də, buna məhəl qoymayaraq barəsində qərar qəbul olunmuşdur. Ona görə də bu qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun uzaq qohumu Şahin özü üçün ev tikirdi. O da həmin evin layihə işlərində ona köməklik edir. Sonra ona qəlib ustası tanıyıb-tanımadığını soruşmuşdur. O, Şahid2 Şahinlə tanış etmişdir. Bildirmişdir ki, özləri danışıb razılaşsınlar. X2 da şahiddir. O, sadəcə tanış etdiyi halda, ona aidiyyəti olmayan halda onu işəgötürən kimi qiymətləndirib onun barəsində qərar qəbul etmək tamamilə absurd və qanunsuzdur. Çünki aralarında heç bir əmək münasibətləri olmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxanda qeyd olunanları nəzərə alaraq 25 fevral 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli Qərarın ləğv edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs X15 oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, yanvar ayında qohumu Rəşid ona zəng etmiş, Şahin adlı qohumuna kömək lazım olduğunu bildirmişdir. O da həmin vaxt rayonda olmuş, daha sonra gəlib görüşmüşlər. Özü dizaynerdir, bu sahədə VÖENİ də, fəaliyyəti də vardır. Ona da bu barədə kömək lazım idi. Daha sonra gedib evə baxmışlar, çertyoju çəkib hazırlamışdır. Bu zaman Şahin ona usta lazım olduğunu demiş, o da tanışının olduğunu bildirmişdir. O, tanışı ilə danışmış və həmin şəxs də razılaşmışdır. Səhərisi gün ustanı gətirmiş, Şahinlə tanış etmiş, onlar qiymətdə razılaşmışlar, daha sonra özü çıxıb getmişdir. Bir müddətdən sonra usta ona zəng etmişdir ki, pulunu ala bilmir. O da Rəşidə zəng edib bu barədə demişdir. Daha sonra usta pulunu ala bilmədiyinə görə həmin şəxsi şikayət etmişdir. Həmin vaxt ondan onu oraya kimin aparmasını soruşduqda o, X15 oğlunun onu həmin şəxslə tanış etdiyini demişdir. Buna görə də ustanı həmin işə onun cəlb etməsi kimi başa düşmüşlər və onu 3000 manat cərimə etmişlər. O, heç kimi işə cəlb etməmişdir, yalnız həmin şəxsləri bir biri ilə tanış etmişdir. 700 manat pul verilmişdir, odnan cəmi 140 manat onun zəhmət haqqıdır. Qalan pul da işçilərin puludur və hamısı da verilmişdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi X6 izahatında göstərdi ki, X15 oğlu X7 Xidmətində olmuş, orada da eyniməzmunlu izahat vermişdir. Lakin onun izahatı əsaslı sayılmamış, çünki orada izahat vermiş digər şəxslər, həm Şahid2, həm də ev yiyəsi Şahin adlanan şəxsin izahatları ilə uyğunluq təşkil etməmişdir. Savadxan öz ərizəsində birbaşa göstərmişdir ki, onu işlərə cəlb edən İlqar olmuşdur. Eyni zamanda onun işləyən zaman gözünə dəmir parçası düşmüşdür, onu xəstəxanaya aparan da İlqar olmuş, pulu alıb fəhlələrə verən də İlqar olmuşdur. Eyni zamanda ev yiyəsi də bildirir ki, o, yalnız bu şəxslə danışmış və aralarında razılaşma olmuşdur ki, o, İlqara pul ödəyəcək, o isə öz briqadasını gətirib işləri görəcəkdir. Şahidlər də dindirildikdən sonra ilk növbədə sübuta yetirildi ki, həqiqətən də orada iş görülmüşdür, şəxs əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İkinci olaraq şahid İlqarın onu tanış etmək üçün gətirdiyini desə də sonradan göstərdi ki, İlqar pulu da alıb vermişdir, bir neçə dəfə də oraya gəlib getmişdir. Eyni zamanda o, xəsarət aldıqda onu xəstəxanaya aparan İlqar olmuşdur. Bu halların hamısı o əsasa gətirib çıxarır ki, eyni zamanda digər şahidin də ifadəsində göstərdi ki, o, İlqarla danışmış, komanda gətirib işi görməsini demiş, bu da onu göstərir ki, işəgötürən kimi İlqar həmin şəxsi oraya dəvət edib, işlərə cəlb edib, pulları da İlqar alıb, həmin şəxslərə ödənilən pulları da o verib. Şahnəzərin pulu İlqar vasitəsilə verməsi onu göstərir ki, məsuliyyət daşıyan İlqardır, deməli işlərə də cəlb edən həmin şəxsdir. Buna görə də qərar tam qanuni və əsaslıdır. Eyni zamanda təqdim etdiyi əvvəlki izahatlarda da bunlar göstərilib. Sonradan bir az fərqli izahat verilməsi digər tərəfin müdafiəsi məqsədi ilə edilmiş hərəkətlərdir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş Şahid1 bildirdi ki, bağda təmir işləri aparmaq istəmiş, tanışı Rəşid adlı şəxsə birqada lazım olduğunu demiş, o da bir nəfər tanışının olduğunu, onu gətirib danışmasını demişdir. Axşam o, Rəşid və İlqar görüşüb danışmışlar. Birlikdə gedib təmir işi aparılan yerə baxmış, qiymətdə də razılaşmışlar. İlqar iki gün sonra briqadası ilə işə başlayacaqlarını demişdir. İki gündən sonra Savadxan ilə birlikdə gəlmiş və Savadxan pilləkənləri düzəltməyə başlamışdır. Öz düzəltdikləri pilləkəni iki dəfə sökmüşlər. İlqara zəng etdikdə İlqar ona hər dəfə obyektdə olduğunu demişdir. Daha sonra yenidən pilləkənin yarısını düzəltmişlər, bu söz-söhbət olduqdan sonra yarım qalmışdır. Bir dəfə İlqar ona zəng edərək Savadxanın xəsarət aldığını bildirmişdir. Axşam 9-10 radələrində Savadxan ona zəng edərək iki nəfər Saray MTK-nın yanında qaldıqlarını, pullarının olmadığını və evə getməyə 30-35 manat pul lazım olduğunu demişdir. O da onların kartına 35 manat pul göndərmişdir. Daha sonra onu prokurorluğa, 1-ci Polis Bölməsinə şikayət etmişlər. Ustalar onun evində 5 gün işləmişlər. İlqar da iki-üç dəfə oraya gəlmişdir. Savadxan xəsarət aldıqda o, orada olmamış, İlqar ona zəng edib demişdir. Daha sonra o, özü zəng edib Savadxanla maraqlanmış, o da həkimin ona dərman yazdığını bildirmişdir. Savadxananın onda səs yazısı vardır. Ondan məsələnin nə olduğunu soruşduqda İlqarın onun pulunu kəsdiyini demişdir. 800 manat pul vermişdir, lakin iş görülməmiş, ona da maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, İlqarı inşaatda usta kimi işlədiyinə görə tanımışdır. İlqar layihə, çertyoj işinə baxır. Sonuncu dəfə İlqarı Sumqayıt şəhəri, Qurd dərəsi adlanan yerdə Şahnəzər adlı şəxsin evində işləyən zaman görmüşdür. İlqar ona bir iş olduğunu demiş və həmin şəxslə onu tanış etmişdir, iş 1500 manat dəyərində idi. İşin bir hissəsi görülmüşdü, lakin işdə səhvlər olduğundan onlar işi sökmüş və yenidən tikmişlər. İşə birbaşa göstərişi Şahnəzərdən almışdır. Lakin o, İlqardan xahiş etmişdir ki, pulu o alıb bölsün. Şahnəzər işi tələsdirdiyindən tez-tez iş görmüşlər və onun gözünə dəmir parçası girmişdir. Həmin günü onu xəstəxanaya aparmışlar. Axşam işdən çıxanda İlqar ona demişdir ki, Şahin pul verməlidir. O da elə başa düşmüşdür ki, İlqar Şahindən pul almış, lakin ona verməmişdir. O da buna görə Şahnəzərə səs atmışdır ki, İlqar ona pul vermədiyinə görə onun başına oyun açacaqdır. Sonra bəlli olmuşdur ki, Şahnəzər İlqara pul verməmişdir. Həmin gün fəhlə yoldaşları da işləməyə gəlmişdir, axşam onlar Sumqayıt şəhərində küçədə qalmışlar, evə gedə bilmirdilər. Şahnəzər onun gözünə dərman almaq üçün kartına 35 manat pul atmışdır. O da həmin pula dərman almamış, 10 manat özü götürmüş, 10 manat da digər yoldaşlara vermişdir. Həmin işdən 700 manat alacağı vardır, aldığı xəsarətə görə də iki aydır ki, işləyə bilmir. İlqar ona rəhbərlik etməmişdir, sadəcə onu Şahnəzərlə tanış etmişdir. O, dövlət əmək müffətişliyi xidmətində verdiyi izahatında “işə cəlb edilmə” sözünün mənasını başa düşməmiş, İlqarı onu işə cəlb edən kimi deyil, tanış edən şəxs kimi demək istəmişdir. O, təmir işləri ilə bağlı bütün göstərişləri evin yiyəsindən almışdır. İlqar işlə danışmağa gedən gün, onun səhərisi gün və gözünə dəmir parçası batan zaman oraya gəlmişdir. Ümumilikdə 500 manat pul verilmiş, onun 400 manatı ona verilmiş, o da fəhlələrə vermişdir, qalan 100 manata da makina alınmışdır. Pulu İlqar alıb ona vermişdir. Pilləkənin sökülüb yenidən tikilməsi barədə göstərişi onlara Şahnəzər vermişdir. Şahnəzər bir dəfə ona zəng edərək bildirmişdir ki, polis idarəsinə gedir, o da gəlib orada bildirsin ki, o, dəmir işi görmüşdür, O da İlqardan 700 manat pulu alıb onun 400 manatını ona versin. O da bildirmişdir ki, o, həm dəmir işi, həm qəlib işi görmüşdür. Lakin Şahnəzər ona digər işləri deməməsini bildirmişdir. Məhkəmə şikayət vermiş şəxsin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X15 oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, X15 oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən 14 fevral 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və MN ******* saylı, 25 fevral 2025-ci il tarixli qərarla X15 oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. - 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X15 oğlunun və Şahid2 izahatlarını dinləyərək onların verdikləri izahatları, şəxsin inzibati məsuliyyətdən yayındırmaqla özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X15 oğlu Şahid2 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialları və məhkəmədə araşdırılan hallarla sübuta yetirilir. Belə ki, Şahid2 X7 Xidmətinin X3ndə verdiyi izahatında onun ev sahibi Şahinin evində işləməyə X15 oğlu tərəfindən cəlb olunmasını, pulu İlqar vasitəsilə almasını və gözündən xəsarət alarkən onu X15 oğlunun xəstəxanaya aparmasını bildirmiş və qeyd olunan hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Göstərilən hallar Şahid2 X15 oğlu tərəfindən əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini deməyə əsas verir. Qərardan şikayət vermiş şəxs tərəfindən isə şikayətin əsaslı olmasına, eyni zamanda əmək müqaviləsi olmadan Şahid2 işlərə X15 oğlu tərəfindən cəlb edilməməsini təsdiq edəcək dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da məhkəmə gəldiyi qənaətə görə X15 oğlu tərəfindən Azərbayan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsinin 25 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X15 oğlunu 3000 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X15 oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-542/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-542/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver