Məhkəmə qərarları › İş №3(060)-545/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-545/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-545/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında icraat aparılan EFEN GROUP MMC-nin direktoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X10 İdarəsi tərəfindən tərtib edilmiş 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkmənistan vətəndaşı xx.xx.1962ci il təvəllüdlü Shamuradov Yasharın iş icazəsi olmadan Şəxsndə qaynaqçı vəzifəsində işə cəlb olunmuşdur. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə bildirdi ki, əcnəbilərin ölkə ərazisində yaşaması və işləməsi ilə aparılan yoxlamalar zamanı Türkmənistan vətəndaşı xx.xx.1962-ci il təvəllüdlü Shamuradov Yasharın müvəqqəti yaşayış icazəsi olmasına baxmayaraq, müvafiq iş icazəsi olmadan EFEN GROUP MMC-nin işlərinə cəlb edildiyi müəyyən edilmişdir. Məsələ ilə bağlı Türkmənistan vətəndaşı X8 İdarəsinə dəvət edilərək izahatı alınmışdır. Həmin Türkmənistan vətəndaşı İXM-nin 575.1.4-cü maddəsi ilə inzibati məsulliyətə cəlb olunaraq cərimə edilmişdir. Yashar Shamuradovun izahatı əsasında hüquqi şəxsin nümayəndəsi Miqrasiya İdarəsinə dəvət edilmiş, lakin nümayəndə izahat verməkdən imtina etmişdir. İXM-nin tələblərinə əsasən protokol tərtib edildikdən 48 saatadək müddət ərzində məhkəməyə göndərilmişdir. Hesab edir ki, protokol əsaslıdır. Bu səbəbdən Şəxs İXM-nin 578.1-ci maddəsinin sanksiyası həddində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, EFEN GROUP MMC təmir işləri məşğul olur. Yashar Shamuradov MMC-də qaynaqçı olaraq işləmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, EFEN GROUP MMC barəsində tərtib edilmiş protokol əsassızdır. Əcnəbi vətəndaş xx.xx.2024-cü il tarixdə işə götürülmüş, lakin həmin gündə müqaviləyə xitam verilmişdir. Yəni, əcnəbi vətəndaş MMC-nin hər hansı işinə cəlb edilməmişdir. Belə ki, hüquqi şəxs əcnəbini 5 il iş icazisi olduğunu düşünərək işə qəbul etmiş, lakin icazənin 01 il olduğunu bildikdən sonra müqaviləyə xitam vermişdir. Faktiki olaraq həmin şəxs heç bir işə cəlb edilməmişdir. Həmçinin məhkəmənin diqqətinə çardırmaq istəyir ki, MMC-nin direktorunun 2 növ VÖEN-i mövcuddur. Bunlardan biri fiziki şəxslə bağlı VÖEN, digəri isə hüquqi şəxslə bağlı VÖEN-dir. Əcnəbi vətəndaşının harada işləməsi, hansı işlərə cəlb edilməsi müəyyən edilməmişdir. Bəlkə də, Elvin Cəbrayılov əcnəbi vətəndaşını öz şəxsi işi ilə bağlı evinin təmirinə cəlb etmiş, fiziki şəxs kimi podrat müqaviləsi bağlamışdır. Bu hissələr araşdırılmamışdır. MMC-nin direktoru Miqrasiya Xidmətinə gedərək məsələni izah etmiş və heç bir günahı olmadığını bildirmişdir. Bundan sonra Dövlət Miqrasiya Xidmətində prinsip məsələsi yaranmış onları məsuliyyətə vəzifəli şəxs kimi deyil, hüquqi şəxs kimi cəlb etmişdir. Həmçinin əcnəbi vətəndaşının izahatı yönəldici suallar olmaqla qabaqcadan cavabları hazır olan suallar olmuşdur. Əcnəbi vətəndaşının əmək müqaviləsini MMC-nin özü xitam vermişdir. Shamuradov Yasharın 1 illik iş icazəsi olmuşdur. MMC tikinti sahəsində fəaliyyət göstərir. Əcnəbi vətəndaş izahatında bildirir ki, müqavilədən və MMCdən xəbəri olmamış, orada işləməmişdir. Shamuradov Yasharın fiziki və ya hüquqi şəxs kimi işlərə cəlb edilməsi müəyyən edilməmişdir. Hesab edir ki, MMC-nin əməllərində İXMnin 578.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Türkmənistan vətəndaşı Yashar Shahmuradovun daimi yaşayış icazəsi ləğv edilmiş, daha sonra 01 illik müvəqqəti işləmək icazəsi almışdır. Yashar Shahmuradov xx.xx.2024-cü il tarixdən MMC-dən işləmişdir. Əcnəbi vətəndaş X7 tərəfindən MMC-nin işlərinə cəlb edilmişdir. Belə ki, əcnəbi vətəndaş izahatında X3 təşkil etdiyi işlərdə günə 35 manat ödəniş edilməsi müqabilində işlədiyini qeyd etmişdir. X1 fiziki şəxs kimi VÖEN-i olması barədə məlumat olmamışdır. Əcnəbi vətəndaş MMC tərəfindən işlərə cəlb edilmiş, bu səbəbdən EFEN GROUP MMC-nin İXM-nin 578.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X7 izahatında bildirdi ki, Yashar Shamuradovla eyni ərazidə yaşamış, tanışlıqları olmuşdur. Sonuncunun 01 illik iş icazəsi olduğundan onu işə götürməmiş, hüquqi şəxsin işinə cəlb etməmiş, ailə vəziyyətini nəzərə alaraq tanıdığı şəxslərin yanında işləmək üçün göndərmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Türkmənistan vətəndaşı Yashar Shahmuradov ifadəsində bildirdi ki, X4 yerlisi olaraq tanımışdır. Ona zəng edərək görüşə çağırmış, daha sonra işləmək istədiyini bildirmiş, Elvin isə ondan şəxsiyyət vəsiqəsinin şəklini istəyərək harasa göndərmişdir. Çayxanada oturduqları müddətdə Elvinə cavab gəlmişdir ki, onun yaşamaq icazəsi 01 illik olduğundan işləyə bilməz. Elvinin Şəxs MMC adında şirkəti olmasını bilməmiş, sonuncu onu hər hansı işlərin görülməsinə cəlb etməmişdir. O, müxtəlif yerlərdə işləmiş, ustalar ona iş görülməsi müqabilində pul veriblər. Elvin ona əmək haqqı verməmiş, vaxtaşırı ona zəng edərək yalnız dolanıb-dolana bilmədiyini soruşmuşdur. Miqrasiya Xidmətinə verdiyi izahatı ilə bağlı isə bildirir ki, həmin izahatı özü yazmış, əməkdaşlar ona nə deyiblərsə, onu da yazmışdır. Belə ki, ona əgər izahatını dedikləri kimi yazmazsa onu departasiya edəcəklərini bildiriblər. O, həmin izahatı yazdıqdan sonra cərimə edilmiş, həmin qərardan şikayət etməmiş, həmin cəriməni də ödəmişdir. O, hazırda 1 ilə yaxındır Azərbaycan Respublikasında yaşayır. Əvvəllər onun 5 illik yaşamaq icazəsi olmuş və o həmin müddətdə Azərbaycan Respublikasında işləmişdir. O, qaynaqçı işləyir. Adətən işlədiyi yerlərdə Rövşən adlı usta ona rəhbərlik etmiş, zəhmət haqqısını ya işin sahibi, ya da ustalar ödəmişdir. O, həmişə fərdi evlərdə işləmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Shahmuradov Yashar xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də qaynaqçı olaraq iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildiyi müəyyən edilmişdir. Bu səbəbdən Shahmuradov Yashar İXM-nin 575.1.4-cü maddəsinə əsasən ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Shahmuradov Yashar Azərbaycan Respublikasına gəlişi Dövlət Miqrasiya Xidmətinin 24 fevral 2025-ci tarixli və ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilməsi və Shahmuradov Yashar tərəfindən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənildikdə onun ölkəyə gəlişinə qoyulmuş qadağa götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 ünvanı olmaqla qanuni təmsilçisi X5r. DMX - Əmək müqaviləsi (Asan Bridge)-dən çıxarışdan görünür ki, Şəxs MMC Shahmuradov Yashar xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Türkmənistan vətəndaşı Shahmuradov Yashara Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Türkmənistan vətəndaşı Shahmuradov Yashara müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 20 avqust 2024-cü il tarixli 343084/m nömrəli müraciət təmin edilmiş, Türkmənistan vətəndaşı Shahmuradov Yashara Azərbaycan Respublikasının ərazisində etibarlılıq müddəti 06 sentyabr 2024-cü il tarixdən 06 sentyabr 2025-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş, Türkmənistan vətəndaşı Shahmuradov Yashara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə etibarlılıq müddəti 06 sentyabr 2024-cü il tarixdən 06 sentyabr 2025-ci il tarixədək olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilməsi qərara alınmışdır. A1977867 seriyalı vəsiqənin surətindən görünür ki, X2 Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.013-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. İş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Türkmənistan vətəndaşı Yashar Shahmuradov işə cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktorunun, nümayəndəsinin izahatlarında bildirdikləri özünü müdafiə xarakterlidir. Türkmənistan vətəndaşı Yashar Shahmuradovla Şəxs MMC arasnda əmək müqaviləsinin xx.xx.2024-cü il tarixində bağlanaraq, həmin gün də xitam verilməsi tərəflər arasında əmək münasibətlərinin bitməsi kimi qiymətləndirilməməlidir. Məhkəməyədək araşdırma müddətində Y.Shahmuradov izahatında ona verilən “Azərbaycanda nə işlə məşğul olursuz” sualına Şəxs MMC-yə məxsus işlərdə qaynaqçı olaraq gündəlik 35 AZN əmək haqqı müqabilində işlədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən dəvət olunan, məhkəmə iclasında ifadə verən şahid Yashar Shahmuradovun E.Cəbrayılova və Şəxs MMC-ə aid olmayan işlərdə işləməsi barədə dedikləri mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Bundan başqa Yashar Shahmuradov barəsində Şəxs MMC-də qaynaqçı olaraq işlədiyi üçün xx.xx.2025-ci il tarixində İXM-in 575.1.4-cü maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilməsi, Y.Shahmuradovun həmin cəriməni ödəməsi də nəzərə alınmalıdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15.000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar