Məhkəmə qərarları › İş №3(060)-547/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-547/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-547/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Qubadlı rayonu, Mərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Xocik Ərazi Dairəsi, Mərdanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:43-də «Faw JH6 430HP yük» markalı, **-JA- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul-Horadiz avtomobil yolunun 92-ci km-də hərəkətdə olan zaman yük daşıma qaydasını pozduğuna görə saxlanmış və həmin vaxt nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla il ərzində təkrarən yüklənməsi aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, Qarabağ bölgəsində işləyir. Şuşa şəhərində aparılan abadlaşdırma işləri üçün qum daşıyır. Həmin yerdə tərəzi olmamış və həmin yüklə yola çıxmışlar. Yolda yol polis əməkdaşları tərəfindən saxlanılmış və yük tərəzidə çəkilən zaman icazə verilən kütlədən artıq olduğu müəyyən olunmuşdur. Ailədə yeganə gəlir gətirən şəxsdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materialında olan Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidməti 8 №-li tərəzi nəzarət məntəqəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ********* nömrəli qaimədən görünür ki, “Fab yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi çəkisi 44 ton 310 kq olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Şəxs TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600,00 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin İ bəndinin görə daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xəta il ərzində inzibati tənbeh almış Şəxs tərəfindən təkrar törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla, 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar