Məhkəmə qərarları › İş №3(060)-550/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-550/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-550/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inspektoru X5 və Sumqayıt Şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, usta işləyən, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi,ev 13 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 334-1.1-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı və 334-1.1-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6056922 saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inspektoru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixə saat 17:37 radələrində sərxoş vəziyyətdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və təhlükəsizlik kəmərini bağlamadan VAZ 21214 minik markalı, 99KH469 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Saxlanılan zaman Şəxs özünü şübhəli apardığı üçün həkim müayinəsinə aparılmış, müayinə zamanı sonuncunun narkotik vasitə istifadə etdiyi müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP6056922 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhər Məhkəmə Kompleksinin yanında yerləşən kafenin qarşısında telefonla danışan zaman nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixə saat 17:37 radələrində VAZ 21214 minik markalı, 99KH469 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idraə edən zaman yol polis əməkdaşı tərəfindən saxlanılmış, daha sonra həkim müayinəsinə aparılmış və müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Daha sonra sərbəst buraxılmışdır. Lakin o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməmişdir. Göstərilənləri nəzərə alaraq və himayəsində azyaşlı xəstə uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, hüquqlarını müdafiə edən şəxs əməlindən peşmandır və himayəsində azyaşlı xəstə uşağı var. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə proses iştitakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilməmişdir. Belə ki, protokol tərtib etmiş orqanın iş üzrə sübutları Şəxs izahatı və iş materiallarına əlavə edilmiş raportdan ibarətdir. İş materiallarına əlavə edilmiş raporta əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhər Məhkəmə Kompleksinin yanında yerləşən kafenin qarşısında telefonla danışan zaman nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Qeyd edilən sübutdan əlavə məhkəməyə hər hansı əlavə bir sübut təqdim edilməmişdir. Barəsində icraat aparılan şəxs isə məhkəmədə verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermədiyini göstərmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. İndiki halda isə yanız protokol tərtib etmiş şəxsin raportu şəxsin hər hansı inzibati xətanı törətməsini sübut etməyə kifayət etmir. İş üzrə əlavə heç bir sübut mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onunun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi həm öz etirafı, həm də iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli İXP6056922 nömərli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:37-də “Vaz21214” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, saxlanılan zaman sürücülük vəsiqəsinin olmaması, həmçinin müayinə zamanı narkotik sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs aparılan sidik analizi nəticəsində marixuana, metamfetamin və morfin qəbulu faktı THC (+), AMP (+) və MOP (+) aşkar olunmuşdur; İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 04 mart 2024-cü il tarixdə saat 18:50-də tutulmuşdur. Beləliklə də məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.1, 332.1 və 332.2-ci maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 332.2ci maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 329.1, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 334-1.1-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həbs növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Ona görə də Şəxs barəsində inzibati tənbehin həddi müəyyən edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun bir gün müddətində inzibati qaydada tutulması da nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmiş “Şimal” Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi xidmətə görə təqdim etdiyi hesabata əsasən müvafiq məbləğ hesablaraq Şimal Vəkil Bürosunun hesabına köçrülüməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən saat 18:50dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin X2rın Saxlama Məntəqəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səəkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar