Məhkəmə qərarları › İş №3(060)-550/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-550/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-550/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakları ilə Sumqayıt Şəhər Dövlət X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Dövlət X4 TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Pərvin Bayramov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.2 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Pərvin Bayramov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Pərvin Bayramov şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən 26 fevral 2025-ci il tarixli İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokola əsasən əsassız olaraq o, 100 manat cərimə olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, “Mirvari City” yaşayış kompleksindən qalxaraq 6-cı mikrorayon ərazisində yerləşən Dörd Qardaş restoranından sola dönərək Bakı istiqamətində getmişdir. Yol kəsişməsində arxasınca gələn dövlət yol polisi əməkdaşı ona saxla əmri vermiş, sənədlərinə baxış keçirmiş və əsassız olaraq qarşıdan gələn maşına yol vermədən dönmə əməliyyatını həyata keçirdiyini və cərimə olunmayacağını bildirmiş, lakin o, getdikdən sonra telefonuna sms gəlmişdir. Həmin smsdə İXM-nin 342.6-cı maddəsi ilə nəqliyyat vasitəsinin hərəkəti zamanı əlində telefon saxlamaqla ondan istifadə etməsinə görə və İXM-nin 327.2-ci maddəsilə yolayrıcını keçmə qaydalarının pozulması üçün cərimə olunması qeyd edilmişdir. Hesab edir ki, həmin qərar həm əsassız, həm də qanunsuzdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, əvvəla əlində telefon olması ilə bağlı bir hal olsa idi, həmin halı sübut edən foto şəkil və ya video görüntü olmalı idi. İXM-nin 342.6-cı maddəsinə münasibətdə bildirir ki, DYPŞ əməkdaşı ona saxla əmri verənədək ondan arxada gəlirdi, onun əlində telefon olmasını görməsi vizual olaraq mümkün deyildir. Çünki onun avtomobilinin arxa şüşələri qara rəngdədir. Mübahisələndirdiyi qərarın 327.2-ci maddəsinə münasibətdə isə bildirir ki, DYPŞ əməkdaşı ona saxla əmri verəndən sonra sinəsində olan səs yazan cihazı aktivləşdirmişdir. Həmin səs yazısına baxış keçirilsə görünər ki, onunla əməkdaş arasında telefondan istifadə halı ilə bağlı danışıq olmamışdır. DYPŞ əməkdaşı ona yalnız qarşıdan gələn maşına yol vermədən döndüyünü bildirmişdir. O da əməkdaşa qarşıdan gələn avtomobilə yol verərək döndüyünü bildirmişdir. Dönmə vaxtı heç bir qəza vəziyyəti yaratmamışdır. Onun avtomobilində video registrator olduğu üçün həmin dönmə əməliyyatının video görüntüsünü işə əlavə etmişdir. Burdan belə nəticəyə gəlmək olur ki, mübahisələndirdiyi qərarda polis əməkdaşı vəzifəsindən sui istifadə etmişdir. Bu isə hüququn qanunçuluq prinsipinə ziddir. Hesab edir ki, inzibati xəta olmadığına görə inzibati məsuliyyət də yoxdur. Belə olan halda həmin qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Pərvin Bayramov izahatında bildirmişdir ki, həmin yol hər gün istifadə etdiyi yol olmuş, 26 fevral 2025-ci il tarixdə işə gedərkən qeyd edilən hal baş vermişdir. Dörd Qardaş restoranının yanında işıqforda stop nişanını gözləyir, qarşıdan gələn avtomobillərə yol verir və sola dönüb gedir. O, qeyd etdiyi yolu dönəndən sonra DYPŞ əməkdaşı avtomobili onun arxasınca gəlib saxlamışdır. Əməkdaş ona qarşıdan gələn avtomobilə yol vermədiyi və əlində mobil telefonolduğu üçün saxladığını bildirmişdir. Bildirir ki, həmin vaxt qarşısında üç avtomobil olmuş, iki avtomobilə yol vermiş, sonuncu avtomobil işıqforda yeni çatdığı üçün onun keçməsini gözləməmişdir. Bildirir ki, stop nişanı olsa idi o, qarşıdan gələn avtomobillərin hər birini gözləməli olardı. O, iki avtomobilə yol vermiş, sonuncu avtomobilə maneə törətməyəcəyini gördüyü üçün keçmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alınaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş edir. Məhkəmənin yeri və vaxtı barəsində qabaqcadan protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclaasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 342.6-cı madəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə-əlli manat məbləğində cərimə edilir. İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı dedikdə yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin 12-ci bəndinə əsasən nizamlanan yolayrıcı dedikdə hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcı başa düşülür. Həmin Qanunun 1-ci maddəsinin 13-cü bəndinə əsasən nizamlanmayan yolayrıcı dedikdə nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcı başa düşülür. Həmin Qanunun 76-cı maddəsinin İ bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Məhkəmə Pərvin Bayramovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Pərvin Bayramovun məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, məhkəmə iclasında həm Pərvin Bayramov tərəfindən, həm də DYPŞ-dən alınmış qayda pozuntusunu özündə əks etdirən görüntülərə baxış keçirilərkən Pərvin Bayramov tərəfindən həqiqətən də qanunun göstərilən tələbinin pozulduğu bir daha öz təsdiqini tapmışdır. Belə ki, Pərvin Bayramov TOYOTA RAV-4 minik markalı, ** HC *** dövlət nömrə nişanlı avtomobillə yolayrıcında sola dönərkən qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermədən hərəkətini davam etdirmiş, nəticədə yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Pərvin Bayramovun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar