Məhkəmə qərarları › İş №3(060)-553/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-553/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-553/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1970-ci ildə, Ermənistanın Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Nizami rayonu MKTB-də süpürgəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-832/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 7000 ABŞ dolları və 111,03 manat pulu tələbkar X2 xeyrinə ödəməmiş və üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-832/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 7000 ABŞ dolları və 111,03 manat pul tələbkar X2 xeyrinə ödəməmiş və üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdə borclu idarəyə dəvət edilmiş, borcludan izahat alınmışdır. xx.xx.2024-cü ildə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Şəxs rəsmi iş yeri olsa da, onun barəsində başqa bir icra sənədi üzrə tutulma əmək haqqında yönəldildiyi üçün hazırkı icra sənədi üzrə tutulmanın əmək haqqısına yönəltmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 750-800 manat civarında maaş alır. Əmək haqqının yarısı digər icra sənədi üzrə tutulur. Əmək haqqının qalan yarısının da hazırkı icra sənədi üzrə borcun ödənilməsinə yönəldilməsinə etiraz etmir. Lakin, icra məmuru bunun qanunvericiliyin tələbinə zidd olduğunu bildirir. Onun başqa bir qazanc və gəlir yeri yoxdur. Tutulmalı olan borcu birdəfəyə ödəmək imkanında deyil. Qeyd edilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülgün Kərimova barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu yerinə yetirməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-832/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7000 ABŞ dolları, cavabdeh X4 19000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçı X5 ödənilməlidir. 226,6 manat dövlət rüsumu məbləğində pul cavabdehlər X7 və Şəxs müştərək qaydada alınaraq iddiaçı X5 ödənilməlidir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədində göstərilən borcun 10 gün müddətində könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, ötən müddət ərzində icra sənədi üzrə borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini icra etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Eyni zamanda qeyd edilməlidir ki, İXM-in 528.1-ci maddəsi üzrə şəxsə inzibati tənbeh tətbiq edilərkən, bu onun vəziyyətinin həddən artıq ağırlaşmasına səbəb olmamalı və icra sənədinin icrasının çətinləşməsinə səbəb olmamalıdır. İşdən göründüyü kimi Şəxs Bakı şəhəri Nizami rayonu MKTB-də süpürgəçi işləyir və 783 manat əmək haqqı alır. İcra məmurunun da bildirdiyi kimi digər icra sənədi üzrə tutma onun əmək haqqına yönəldilmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati qaydada həbs edilməsi onun rəsmi iş yerinin itirilməsinə və nəticə etibarilə hazırkı icra sənədinin icrası üzrə hər hansı perspektiv yaratmamaqla yanaşı, digər icra sənədinin də icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Bu səbəbdən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar