Məhkəmə qərarları › İş №3(060)-555/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-555/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-555/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 03 mart 2025ci il tarixli, MN2089279 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4196/2020 nömrəli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün 260 manat aliment ödəməlidir. Hazırda Şəxs borc məbləği 14300 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4196/2020 nömrəli icra sənədinə əsasən borclu xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X5 verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə idarəyə daxil olmuş və icraata başlamaq haqqında qərara qəbul olunmuşdur. Borclu tərəfindən bu günkü günədək heç bir ödəniş edilməmişdir. Borclu ilə tələbkar boşansalar da, bir müddət birlikdə yaşayıblar. Borclu bu səbəbdən ödəniş etmədiyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq qanunauyğun qərara qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətanın törədilməsində özünü qismən təqsirli bilərək, qeyd etmişdir ki, zərərçəkmiş şəxs, o məhkum olarkən iddia qaldırıb. Onlar boşandıqdan sonra bir müddət (nə qədər müddət olmasını xatırlamır) bir yerdə yaşamışlar. Bu səbədən də borc məbləği ilə razı deyil. Daha sonra o məhkum edildiyi üçün cəzaçəkmə müəssisəsində olmuşdur. Təxminən 11 aydır ki, azadlığa çıxmışdır. Bu müddət ərzində əməliyyat olunmuş və ödəniş etməmişdir. Ona İcra İdarəsindən məlumat verilməmiş, aliment ödənilməsi barədə xəbərdarlıq edilməmişdir. O, uşaqlarının və zərəçəkmiş şəxs X4 harada yaşamasını və əlaqə məlumatlarını bilmədiyini, öyrənib ödəniş edəcəyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X12 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədindən xəbəri yoxdur. O, izahatında icra şöbəsinə bu gün gəldiyini və ona icra sənədi təqdim edilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən müdafiəçi inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4196/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə hər ay üçün 260 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X5 ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4196/2020 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin icra edilməsi tələb olunmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Sumqayıt şəhəri üçzə İcra İdarəsində xx.xx.2025-ci il tarixli izahatında icra sənədindən xəbərdar olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-4196/2020 nömrəli icra sənədinə əsasən borclu xx.xx.2014cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar X5 verilməlidir. İş üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq barədə qərar qəbul edilmiş, həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2020-cü il tarixdə rəsmi qaydada borcluya göndərilmişdir. Lakin, borclu heç bir ödəniş etmədiyi üçün onun bu günə kimi 14300 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxsbarəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:25-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X8 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:25-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X12 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar