Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-556/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev Texno Park sahəsi olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 26 fevral 2024-cü il tarixli EP0140706 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən 37.149,00 Avro məbləğində vəsaiti 10 fevral 2022-ci il tarixdə xaricə köçürülmüş, 2 il müddət keçsə də həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Lakin, protokol tərtib edilməmişdən öncə malların ölkəyə idxal edilməməsinin səbəbləri araşdırılmamışdır. 10 fevral 2022-ci il tarixdə Ukrayna Respublikasının Donbas regionunda olan "xxxx" Firmasının hesabına pul vəsaiti köçürülmüş və bundan cəmi iki həftə sonra Ukrayna- Rusiya müharibəsi başlamışdır. "xxxx" Firması müharibə gedən ərazidə yerləşdiyi üçün fəaliyyətini davam etdirə bilməmişdir. Belə ki, mətbuatda olan məlumatlarla da təsdiq edilir ki, "xxxx" Firması artıq fəaliyyət göstərə bilmir, həmin firmaya məxsus obyektlər müharibə nəticəsində dağıntılara məruz qalmışdır. Bununla bağlı mətbuatda olan məlumatları tərcümə edilmiş şəkildə məhkəməyə təqdim edir. İşin hallarından da görünür ki, malların idxal edilməməsi fors-major halla bağlıdır, burada Şəxs MMC-nin heç bir təqsiri yoxdur. Anoloji halla bağlı başqa firmaların barəsində də məhkəmələrin icraatında iş olmuş və müvafiq xitam qərarı qəbul edilmişdir. Bu baxımdan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)-63/2024 saylı qərarının anonimləşdirilmiş nüsxəsini də təqdim edir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 37.149,00 Avro məbləğində vəsaiti 10 fevral 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 37.149,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-cil tarixli müqavilənin surətindən görünür ki, Şəxs MMC (alıcı) ilə "xxxx" Firması (satıcı) arasında malların təchiz edilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan müxtəlif internet saylarından çıxarılaraq tərcümə edilmiş şəkildə məhkəməyə təqdim edilmiş mətbuat məlumatlarından və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" Firmasına məxus obyektlər dağıntılara məruz qalmış və firmanın fəaliyyəti faktiki olaraq mümkünsüz olmuşdur. Beləliklə müəyyən edilmişdir ki, Şəxs MMC (alıcı) ilə Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" Firması (satıcı) arasında xx.xx.2021-cil tarixdə malların təchiz edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 10 fevral 2022-ci il tarixdə Şəxs MMC tərəfindən "xxxx" Firmasının hesabına 37.149,00 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. 2 il müddət keçsə də 37.149,00 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, pul vəsatinin "xxxx" Firmasının hesabına köçürüldüyü 10 fevral 2022-ci il tarixdən iki həftə sonra Rusiya-Ukrayna müharibəsi başlamış, müharibə nəticəsində "xxxx" Firmasına məxsus obyektlər dağıntılara məruz qalmış, faktiki olaraq fəaliyyətini həyata keçirə bilməmiş və Şəxs MMC-yə göndərilməli olan mallar vaxtında təchiz edilməmişdir. Göründüyü kimi, 37.149,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi və ya valyuta vəsaitinin geri qaytarılmaması Şəxs MMC-nin təqsiri ilə bağlı olmamış, fors-major halla bağlı olmuşdur. Məhkəmə hesab edir ki, müqavilə tərəflərindən birinin (hazırki halda "xxxx" Firması) öz öhdəliklərini üzrlü hesab oluna bilən səbəblərdən icra etməməsi nəticəsində müqavilənin digər tərəfi təqsirli hesab edilə bilməz. Məlumdur ki, təqsir inzibati xəta tərkibinin əlamətlərindən biri olan sübyektiv cəhətin elementidir və inzibati xətanın törədilməsində təqsiri olmayan şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İndiki halda mallaın idxal edilməməsi və ya pul vəsaitlərinin geri qaytarılmaması Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərdən baş verdiyi üçün MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Buna görə də məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən 8.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18 53.1.2, və 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-556/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-556/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver