Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-556/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İ Tağımının YPX inspektoru X2, X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İ Tağımının YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək 02 mart 2025-ci il tarixli İXP6938680 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı-Sumqayıt yolunun 28-ci kilometrliyində torpaqlı yolda yolun alt hissəsində evinə gedərkən DYP əməkdaşı tərəfindən saxlanılmış, DYP əməkdaşları avtomobilin içərisində qanunsuz protokol yazaraq getmişlər. O, protokolu imzalamaqdan imtina etmişdir. Həmin tarixdə saat 18:15- 18:30 radələrində işdən evə gedirmiş, “Socar” yanacaqdoldurma məntəqəsindən benzin vurub torpaq yolla 50-60 metr məsafədə olan evinə qayıdırmış. Bu zaman DYP əməkdaşları ona 40 manat cərimə yazmışlar. Yanacaqdoldurma məntəqəsindən çıxarkən heç bir yol işarəsi də olmamışdır və heç bir məhdudiyyət yoxdur. Həmin yer yaşayış yerinə çox yaxındır, oradan gəlməsə gərək 20 kilometr məsafə qət edib Ceyranbatan qəsəbəsindən dönüb evinə çatsın. Məhkəmə iclasında iştirak edən X5 şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İ Tağımının YPX inspektoru X4 bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə xidmətdə olarkən Bakı-Sumqayıt yolunun 28-ci kilometrliyində “Opel Astra” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun çiyni ilə əks hərəkət istiqamətində hərəkət etməsini müşahidə etmişlər. Buna görə də həmin avtomobilə saxla işarəsi verilmişdir. Daha sonra sürücüyə yol verdiyi qanun pozuntusunu izah edərək müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmçinin bildirmişdir ki, şikayətçinin təqdim etdiyi video görüntülər həqiqətən də həmin əraziyə aiddir, video görüntülərdən də görünür ki, həmin sahə bilavasitə yola bitişikdir, yəni yol çiynidir. Həmin ərazidə yaxınlıqda həqiqətən də “Socar” yanacaqdoldurma məntəqəsi var, yanacaqdoldurma məntəqəsi yolun üzü Bakı istiqamətində olan hissəsində yerləşir, orada sürücünün çıxdığı hissə əslində girişdir və yalnız girişə icazə verilməsi ilə bağlı işarə vardır. Çıxış digər hissədədir və orada da hərəkətin yalnız üzü Bakı istiqamətində olması ilə bağlı işarə vardır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İ Tağımının YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat “Opel Astra” markalı **-DU-*** dövlət nişanlı avtomobili idarə edərkən səkilərlə və qanunla nəzərtə tutulmamış hallarda yolun çiyni ilə hərəkət etməsinə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş şikayətçinin təqdim etdiyi video görüntülərdən görünür ki, görüntülər Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində həmin yolun 28-ci kilometrliyində “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınmışdır. Görüntülərdən müəyyən edilir ki, şikayətçinin istinad etdiyi torpaq yol əsas yola bilavasitə bitişik olmaqla yol çiyni hesab edilir. Göründüyü kimi şikayətçi X5 Bakı-Quba yolunun əks istiqamətində yolun kənarı ilə hərəkət etməsini özü də etiraf etmişdir. Lakin, həmin yerin evinə 50-60 metr olmasını, hərəkət etdiyi yerin yoldan kənar olmaqla yol çiyni hesab edilmədiyini, əks halda evinə getməsi üçün uzun yol qət etməli olmasını bildirmişdir. Lakin, məhkəmə araşdırması zamanı şikayətçinin özünün təqdim etdiyi video görüntülərlə onun hərəkət etdiyi torpaq yolun əsas yola bilavasitə bitişik olmaqla yol çiyni olması öz təsdiqini tapmışdır. Beləliklə də, X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, şikayətçinin evinin həmin əraziyə yaxın olması, qeyd edilən yolla getməsə yolunun uzanacağı ilə bağlı dəlilləri onun törətdiyi inzibati xəta üzrə məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İ Tağımının YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X5 şikayətində 02 mart 2025-ci il tarixli İXP6938680 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, müəyyən edilmişdir ki, qərar TP seriyalı ******* nömrəli olmuşdur və İXP6938680 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Bu baxımdan X3 şikayətinin əslində 02 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan olması nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 8-ci bəndinə əsasən yol çiyini – yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, “yol çiyini” digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır. Həmin Qanunun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İ Tağımının YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İ Tağımının YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-556/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-556/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver