Məhkəmə qərarları › İş №3(060)-559/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-559/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-559/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş-leytenantı X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PBdən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə 10 fevral 2021-ci il tarixdə vətəndaş Şəxs barəsində Sumqayıt ŞPi-nin 1-ci PB-nin sahə rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xətaya dair MN № ******* saylı, 10.02.2021-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, 09.02.2021-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində Şəxs məxsus playstation salonunun açıq olduğu aşkar edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X2 bildirdi ki, 09.02.2021-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində vətəndaş Şəxs məxsus playstation salonunun açıq olduğunu aşkar etmişdir. Bu səbəbdən də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vətəndaş Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlu izahatında bildirdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində Playstation salonu işlədir. 09.02.2021-ci il tarixdə ərazinin sahə rəisi ona yaxınlaşıb xüsusi karantin rejimini pozduğunu ona bildirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O da heç bir etiraz etməmişdir. Onun salonu açmaqda məqsədi karantin rejimi qaydasını pozmaq olmamışdır. Sadəcə həmin salonun yanılaraq ictimai iaşə obyekti olduğunu hesab etmişdir. Əməlindən peşmandır. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində protokol tərtib edilmiş şəxsə yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi və müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Məhkəmə hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmış və müəyyən edilmişdir ki, 2.1. 2021-ci il 18 yanvar saat 00:00-dan: 2.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla və bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində digər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilir; 2.1.2. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) “SMS” icazə sistemindən və “icaze.e-gov.az” portalından istifadə ləğv edilir; 2.2. 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində aşağıdakı iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilir: 2.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, ticarət obyektlərinin fəaliyyəti (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla); 2.2.2. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); 2.2.3. muzey və sərgi zallarının fəaliyyəti; 2.2.4. şəhərlərarası və rayonlararası hərəkət; 2.3. 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir; 2.4. Azərbaycan Respublikasının bütün ərazisində aşağıdakı fəaliyyətə icazə verilir: 2.4.1. 2021-ci il 18 yanvar saat 00:00-dan 2021-ci il 25 yanvar saat 00:00-dək bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış); 2.4.2. 2021-ci il 18 yanvar saat 00:00-dan 2021-ci il 1 fevral saat 00:00-dək bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış); Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Q a y d a l a r ı n ı n 2.1.3-cü bəndindən görünür ki, ictimai iaşə – yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Göründüyü kimi Playstation salonlarının fəaliyyətinə icazə verilməsi yuxarıdakı qərarda göstərilməmişdir və Playstation salonlarının fəaliyyəti ictimai iaşə fəaliyyəti hesab olunmur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığıdır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Şəxs İİ dərəcə əlilliyi vardır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs oğlu barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 211-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar