Məhkəmə qərarları › İş №3(060)-559/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-559/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-559/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 18.02.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 17.02.2022-ci il tarixdə saat 22:15 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi, bağlar massivi adlanan ərazidə ictimai qayda və ictimai asayışı pozaraq xırda xuliqanlıq əməli törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X5 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 17.02.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Bir balaca əsəbi olduğu üçün ünvansız nalayiq küçə söyüşləri işlətmiş, lakin onların özünə heç bir tabesizlik göstərməmişdir. Onlarla birlikdə aidiyyatı üzrə polis bölməsinə gəlmişdir. İşlətdiyi ifadələrə görə səhvini başa düşmüş, etdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, 17.02.2022-ci il tarixdə **- YP-*** dövlət qeydiyyat nömrə nişanlı YPX avtopatrulunda polis baş serjantı Bərxudarox Emillə birlikdə xidmətdə olarkən təxminən saat 22:15-də Sumqayıt şəhəri, M.Əsədov küçəsində tərəflərindən Hyundai markalı **-OF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə inzibati hüquq pozmaya görə saxla əmri verilmiş, sürücü şəxsiyyəti sonradan onlara məlum olan Bakı şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü Şəxs avtomobili saxlayaraq düşdükdən sonra ünvansız nalayiq küçə söyüşləri işlətməyə başlamışdır. Onlar ona yaxınlaşıb özlərini təqdim etmiş və onu nizam intizama dəvət etmişlər. Daha sonra onu öz razılığı ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Nəqliyyat vasitəsini də aidiyyatı üzrə mühafizə olunan duracağa yerləşdirmişlər. Məhkəmə iclasında şahid X6 öğlu da şahid X2 ifadəsini təsdiq etmişdir. İş materiallarında olan sərxoşluq hallarının tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamış, məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İşdə olan tutma protokolundan görünür ki, Şəxs 17.02.2022-ci il tarixdə, saat 22:45-də tutulmuş və indi məhkəməyə gətirilmişdir. Bu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Şəxs 17.02.2022-ci il tarixdə, saat 22:45-dən məhkəməyə gətirilənədək tutulduğu müddət nəzərə alınsın və üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar