Məhkəmə qərarları › İş №3(060)-561/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-561/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-561/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, şikayətçi X3, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 3 ay olar ki, atası F.M.Baxşəliyev onun adına Sumqayıt şəhəri, 10-cu mkr., 4 saylı evin, 2 nömrəli mənzilini almış, Daha sonra o, mənzilin qeyri-yaşayış ünvanına çevrilməsi barədə sərəncam verilməsi üçün icra hakimiyyətinə müraciət etmişdir. Müvafiq sərəncamı almış, sonra bütün aidiyyəti dövlət idarələrini məlumatlandırmış və razılıq əldə etmişdir. Lakin, yol idarəsi piyada yolundan beton maşını və digər maşınların çıxmasına etiraz etmişdir. Nəzərdə tutulmuş sahəyə heç bir ağac düşmədiyi və aparılan işlər ekologiya baxımından heç bir narazılıq törətmədiyi üçün onlara məlumat verməmişdir. Çünki, xx.xx.2024-cü ildə atası işə başladığı vaxt sahə müvəkkili Müsabil ***-***-**-**, həmin mikrorayon mənzil təsərrüfat rəisi Əziz müəllim 050- 346- 89-47, 2-ci polis bölməsi işçiləri Mehman müəllim ***-***-**-** və digər aidiyyəti təşkilatlar gəlmiş, sənədlərə baxış keçirib uyğunluğunu müəyyən etmişlər. Lakin, işin 4-cü günü, yəni xx.xx.2024-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Sabir və Məşxur müəllim həmin yerdə olmuşlar. Əvvəllər burada nar kolunun olduğunu bildirdikdən sonra onlar öz telefon nömrəsini (***-***-**-**) fəhləyə verib, atasının onlarla əlaqə saxlamasını bildirmişlər. Orada işləyən fəhlələr 4 saylı RETS əməkdaşlarının dedikləri nar kolunu və digər ağacları kəsmədikləri üçün atası onlara zəng etməmişdir. Çünki, atasına onların istəyi məlum olmuşdur. xx.xx.2024-cü ildə atası F.M.Baxşəliyev idarəyə dəvət edilmiş, nar kolunun kəsildiyi üçün cərimə olduğunu bildirmişlər. Atası qəti etiraz etmişdir. 2 gündən sonra evin sənədlərini və icra hakimiyyətinin sərəncamını idarəyə gətirməyi xahiş etmişlər. Atası işdə olduğu üçün sənədləri 4 saylı RETS-ə çatdırmasını atası ona tapşırmışdır. Həmin vaxt Sabir ona mahiyyətini bilmədiyi izahat yazdırmışdır. O Sabirin atası ilə razılaşdığını təxmin etdiyi üçün həmin izahatı yazmışdır. O, bu yaşa kimi heç bir ağac və kol kəsməmişdir. Bu izahatla bağlı aralarında mübahisə yaranmış, onlar 2 il əvvəl orada nar kolunun olduğunu və hal-hazırda telefonlarında olan iki budağın o kola məxsus olduğunu iddia etmişlər. Telefonda olan nar kolunun ora necə gəldiyini araşdırmışlar. Binanın küncündə topa şəklində ağac kollarının olduğu məlum olmuşdur. Həmin budaqları özləri bilərəkdən tikinti sahəsinə gətirmiş, şəkilini bilərəkdən telefona çəkmişlər. Quru nar kolunun çoxdan kəsildiyini təsdiq etmək üçün həmin ağac kollarından olan sahənin şəkilləri də mövcuddur. Həmin sübutları iş materillarına əlavə etmişdir. Sabir və Məşxur müəllim sübut üçün həmin vaxt nar kolunun kəsilən budaqlarını, kökünü, kəsən şəxsi, o cümlədən, evin sahibini ora dəvət edərək sübut şəklində aktlaşdırmalı idi. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə X4 ona verilmiş saullara cavab olaraq bildirmişdir ki, ali təhsilli şəxsdir, hazırda məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin təqdim etdiyi izahatı o yazmışdır. Lakin, həmin izahatın mahiyyətini anlamadan yazmış, həmçinin izahatı yazan vaxt elə başa düşmüşdür ki, atası həmin idarənin əməkdaşları ilə razılaşmışdır. Tikinti işlərinə atası X5 nəzarət etdiyi üçün o bu iş barədə daha çox da məlumatlı deyil. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, mənzil 2 ünvanının arxasında tikinti işləri aparılarkən bir ədəd nar kolu qanunsuz olaraq məhv edilmişdir. İdarənin əməkdaşları tərəfindən mütamadi ərazilərə baxış keçirilir və hər hansı ağac kəsildiyi halda müəyyən edilir. Qeyd edilən nar kolu isə sonuncu dəfə baxış keçirildiyi xx.xx.2024-cü il tarixdən maksimum bir həftə öncə kəsilə bilərdi. Çünki, qeyd etdiyi kimi reydlər mütamadi keçirilir, nar kolu öncədən məhv edilmiş olsa idi, həmin vaxtdan da bu müəyyən edilmiş olardı. xx.xx.2023cü ildə idarənin əməkdaşları tərəfindən əraziyə növbəti baxış zamanı bir ədəd nar kolunun kəsilməsi müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və kəsilmiş nar kolunun şəkili də akta əlavə edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, mənzil 2 ünvanının sahibi nar kolunu həmin yerdə aparılan tikinti işi ilə əlaqədar kəsmişdir. Ünvan sahibinin X4 olması müəyyən edilmiş və sonuncu idarəyə dəvət edilərək izahatı alınmışdır. X4 izahatında qeyd edilən nar kolunun onun tərəfindən kəsildiyini etiraf etmişdir. Bununla bağlı müvafiq araşdırma aparılmış, araşdırma zamanı X3 Azərbaycan Respublikası İXM-niin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi müəyyən edilmiş və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı o qeyd edilən maddə ilə təqsirli bilinərək 2.220 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasıda şikayət vermiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, mənzil 2 ünvanını 2023-cü ildə oğlunun adına almış, daha sonra isə həmin ünvanın yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı İcra hakimiyyətinə müraciət edərək müvafiq sərəncam almışdır. Bundan sonra bütün aidiyyəti orqan və təşkilatlara məlumat verib razılaşdırmaqla tikinti işlərinə başlamışdır. Həmin əmlakı onlar alana kimi əmlakın bir neçə sahibi olmuşdur və əmlakı alan vaxt artıq qeyd edilən nar kolu orada olmamışdır. Tikinti işləri vaxtı ərazidə hər hansı nar kolu onlar tərəfindən kəsilməmişdir. Ekologiya İdarəsinin əməkdaşları əraziyə gələrək binanın yan tərəfində olan kol parçasını əraziyə ataraq şəkilini çəkmişlər ki, guya tikinti işləri zamanı onlar tərəfindən nar kolu kəsilmişdir. Bununla bağlı həmin idarədə olmuş və işin hallarını onların diqqətinə çatdırmışdır. Bundan iki gün sonra işdə olan zaman zəng etmişlər ki, sənədləri onlara təqdim etsinlər. İşdə olduğu üçün qeyri-yaşayış sahəsinə aid sənədlərin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə aparılıb təqdim edilməsini Məhərrəmə tapşırmış, sonuncu da sənədləri aparıb vermişdir. Həmin vaxt oğlu başa düşmədiyi üçün ona izahat yazdırmışlar. Həmin izahat əsasında isə cərimə barədə müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə şahid X5 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ünvan 1 ünvan yaşayış sahəsi olmuş, onlar aldıqdan sonra qeyri-yaşayış sahəsinə çevrilmişdir. Təmir-tikinti işləri aparılarkən qeyri-yaşayış sahəsinə çevrilmiş sahənin arxa tərəfə əlavə giriş açılmış və həmin sahə təmir edilmişdir. Onlar tərəfindən təmir tikinti işləri aparılana kimi həmin yerdə hər hansı şəxs tərəfindən təmin tikinti işləri aparılmamışdır. Təmir tikinti işləri yan tərəflərdə olsa da, konkret həmin yerdə yalnız ola tərəfindən təmir tikinti işləri aparılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək 2.220 (iki min iki yüz) manat məbləğində inzibati cəimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, vərəndaş X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 4 nömrəli binada yerləşən 2 nömrəli yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, mənzil 2 ünvanın arxa hissəsində səki ilə binanın arasında müxtəlif ağaclar o cümlədən nar kolu olmuşdur. İş materiallarına əlavə edilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmniş xx.xx.2024-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, mənzil 2 ünvanın arxa hissəsində gedən təmir-tikinti işləri zamanı ərazidə olan bir ədəd nar kolu yaş halda kök boğazından kəsilmişdir. Həmin tikinti işlərini aparan şəxsin X4 olması müəyyən edilmiş, sonuncu idarəyə dəvət edilərək izahatı alınmış və izahatında nar kolunun onun tərəfindən kəsilməsini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş X3 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, mənzil 2 ünvanında tikinti aparılan zaman ərazidə olan bir ədəd nar kolu tikintiyə maneçilik yaratdığı üçün onun tərəfindən kəsilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, 2 saylı yaşayış sahəsi X4 tərəfindən 2023-cü ildə alınmış, bundan sonra həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli sərəncamı ilə müraciətin təmin edilməsi ilə bağlı sərəncam qəbul edilmişdir. Bundan sonra həmin ərazidə X4 tərəfindən təmir tikinti işləri aparılmış və təmir tikinti işləri zamanı yaşayış sahəsinin arxa hissəsindən əlavə giriş açılmaqla girişdə əlavə tikinti işləri həyata keçirilmişdir. Həmin tikinti işləri həyata keçirilərkən tikintinin olduğu ərazidə bir ədəd nar kolu X4 tərəfindən kəsilərək götürülmüşdür. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi fotoşəkillərə və akta əsasən müəyyən edilir ki, ərazidə daha öncə nar kolu olmuş və həmin nar kolu təmir-tikinti işləri zamanı X4 tərəfindən kəsilmişdir. Qeyd edilən halı X4 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində yazdığı izahatı ilə də etiraf etmişdir. X1 şikayətlə məhkəməyə müraciət edərək qeyd edilən nar kolunun həmin ərazidə öncədən olmadığını, onun tərəfindən kəsilmədiyini, şəkildə olan ağacın Ekologiya İdarəsinin əməkdaşları tərəfindən başqa sahədən gətirilərək əraziyə atılaraq şəklinin çəkilməsini, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində bu barədə başa düşmədən izahat yazığını bildirmişdir. Məhkəmə hesab edir ki, X3 şikayətdində göstərdiyi hallar işin həqiqi halları ilə uyğunluq təşkil etmir, özünü müdafiə xarakteri daşıyır və iş materiallarında olan sübutlarla təkzib edilir. Belə ki, iş materiallarında olan fotoşəkillərlə ərazidə daha öncədən nar kolunun olması müəyyən edilir. Həmçinin tərtib edilmiş akt və ona əlavə edilmiş fotoşəkildən ərazidə kəsilmiş bötüöv nar kolunun olması müəyyən edilir. X3 etiraf edici izahatının aldatma və ya hər hansı kənar təsirlə yazılması ilə bağlı isə hər hansı sübut mövcud deyil. Eyni zamanda, müəyyən edilmişdir ki, həmin ərazidə X2 öncə hər hansı təmir-tikinti işləri aparılmamışdır. Şikatətçi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən çəkilmiş şəkildə olan kolun binanın yan tərəfindən götürülərək əraziyə atılmasını bildirsə də, məhkəmə hər iki tərəfin təqdim eddiyi fotoşəkilləri müqayisəli şəkildə təhlil edib hesab edir ki, şikayətçinin bu dəlili də əsassızdır. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkildə kəsilmiş nar kolunun bütöv və yeni kəsilmiş halda olması müəyyən edilsə də, şikayətçi tərəfindən təqdim edilmiş şəkillərdə olan ağac budaqlarının uzun müddət öncədən kəsilərək artıq xırda hissələrə bölünməsi və qurumuş halda olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.3.1-ci maddəsinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar