Məhkəmə qərarları › İş №3(060)-565/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-565/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-565/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-si tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Corat bağları ərazisində “Oba” marketdən 275,40 (iki yüz yetmiş beş manat qırx qəpik) manat dəyərində “Alpinqod” və “Nestle” şokoladları oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində MN seriyalı ******* nömrəli protokol geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs yetkinlik yaşına çatmamışdır. Qanunvericilikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs yetkinlik yaşına çatmadıqda həmin şəxsin mənafeyini onun qanuni nümayəndəsi təmsil edildiyi göstərilsə də, Şəxs qanuni nümayəndəsi isə cəlb edilməmişdir. Həmçinin yetkinlik yaşına çatmayan şəxs barəsində inzibati xəta haqqında icraat aparılarkən vəkilin iştirakı məcburi olduğu halda Şəxs vəkillə təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Həmin Məcələnin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcələnin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Rerpublikası İXM-nin 63, 66 və 109.1.6-cı maddələrinin tələbləri pozularaq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs yetkinlik yaşına çatmadıqda həmin şəxsin mənafeyini onun qanuni nümayəndəsi təmsil edildiyi göstərilsə də, Şəxs qanuni nümayəndəsi isə cəlb edilməmiş, həmçinin yetkinlik yaşına çatmayan şəxs barəsində inzibati xəta haqqında icraat aparılarkən vəkilin iştirakı məcburi olduğu halda Şəxs vəkillə təmin edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci PB-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci PB-nə geri qaytarılsın. Sumqayıt ŞPİ-nin 1-ci PB-nə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar