Məhkəmə qərarları › İş №3(060)-566/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-566/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-566/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, İcra sənədi üzrə tələbkar X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 04 mart 2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2563/2024 saylı icra sənədi üzrə borclu Şəxs 2370 manat aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınmış və icra məmurunun çağırışlarından yayınmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2563/2024 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq məhkəməyə məlumat verilmişdir. Həmçinin, bundan sonrakı dövrlərdə məcburi icra tədbirlərinə başlanılmış, borclu icra sənədi ilə tanış edilmişdir. Borclunun aliment borcu ilə bağlı izahatları alınmışdır. Hazırda borclunun ödənilməmiş 2370 manat borcu vardır. Şəxs 2 aydır heç bir ödəniş etməmiş, sonuncu dəfə xx.xx.2025ci il tarixdə 50 manat ödəniş etmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmişdir. Bu gün Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq icra idarəsinə gətirilmişdir. Borclu izahatında aliment borcunu ödəməməsi səbəbi kimi işinin zəif olmasını bildirmişdir. Borculunun son ödənişləri 2024-cü ilin avqust ayında 300 manat, sentyabr ayında 300 manat, oktyabr ayında 225 manat, noyabr ayında 355 manat və 2025-ci ilin yanvar ayında 50 manat olmuşdur. Elektron informasiya sistemindən görünən iş yerində borclu işləmədiyindən icra sənədi üzrə tutulmalar həmin əmək haqqına yönəldilməmişdir. Qeyd olunanlara əsasən protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2370 manat aliment borcunun olmasını etiraf edir. Qış mövsümi ilə bağlı olaraq işləyə bilməmiş, bu səbəbdən aliment borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq ödəniş etməkdən yayınmaq niyyətinin olmadığını, 1 həftə ərzində tələbkara 500 manat ödəniş edəcəyini bildirmişdir. Barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməməsini, qısa müddət ərzində ödənişlər edəcəyini bildirərək bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 izahatında bildirmişdir ki, Şəxs heç vaxt aliment borcunu tam olaraq ödəməmiş, ayın əvvəlində 50 manat, sonunda isə 150 manat göndərməklə ümumillikdə 200 manatdan artıq ödəniş etməmişdir. Həmçinin qeyd olunan ödənişləri vaxtaşırı etmiş, sonuncu dəfə 2024-cü ilin noyabr ayı və 2025-ci ilin yanvar ayında ödəniş etmişdir. Himayəsində 2 övladı var. Borcludan şikayətçidir. Aliment borcunun tam ödənilməsini tələb edir. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, Şəxs ödəniş etməkdən yayınmamış, yalnız son 2 ay ərzində ödəniş etməmişdir. Ödəniş etməmə səbəbi kimi işinin zəif olması ilə bağlı olmuşdur. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2563/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yasinə çatana qədər saxlanılması üçün cavabdeh Şəxs Məmmədağə oğlundan hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2563/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs səhhətinin pis olması və qazancının azlığı ilə bağlı aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs işinin zəif olması ilə bağlı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2563/2024 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yasinə çatana qədər saxlanılmalan üçün cavabdeh Şəxs Məmmədağə oğlundan hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə verilməlidir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarından az miqdarda ödəniş edilmişdir. Bununla da, bu günə kimi 2370 (iki min üç yüz yetmiş) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. 2024-cü ilin son 4-5 ayı ərzində ödədiyi aliment təyin olunmuş 400 (dörd yüz) manat miqdarından az olmuş, son iki ay ərzində isə cəmi 50 manat ödəniş etmişdir. Müəyyən miqdardə ödənişin edilməsi Şəxs əmlində icra sənədindəki tələbin yerinə yetirilməsi kimi qiymətləndirilməməlidir. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbsetmənin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yeni inzibati həbsin əvvəli 04 mart 2025-ci il tarixdən saat 12.00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 04 mart 2025-ci il, saat 12.00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar