Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-567/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli «inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarından X16 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli «inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" qərar ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq işçilərin əmək müqavilələrinə xitam verildiyi üçün və bu hüquqpozmanın 20 gün ərzində aradan qaldırılmaması halında İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq 1500 manat məbləğində cərimə tətbiq ediləcəyi nəzərdə tutulmuşdur. Onun tərəfindən işçilərin əmək müqavilələrinə 70-ci maddənin «b» bəndinə uyğun olaraq xitam verilərkən 77-ci maddənin 1-ci hissəsində nəzərdə tutulan xəbərdarlıq müddətləri tam gözlənilmişdir. İşçilərin sayı və ya ştatların ixtisarı ilə bağlı xx.xx.2024-cü il tarixli 26 nömrəli əmr verilməmişdən əvvəl xx.xx.2024-cü il tarixində işçilərə məktəbin fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi bildiriş təqdim edilmiş və onlar bu bildirişlə tanış olduqlarını imza etməklə təsdiq etmişlər. Bildirişin verildiyi xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixinə qədər olan müddət tam şəkildə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan xəbərdarlıq müddətlərinə uyğun olmuşdur. Buna görə də X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən verilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" qərar hüquqi baxımdan əsassızdır. Məhkəmə iclasında iştirak edən X16 şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. 13 mart 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X11 şikayətlə razılaşmayaraq bildirmişdir ki, vətəndaşlar X3 və digərlərinin əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciət X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən baxılmışdır. Araşdırma zamanı müəssisə tərəfindən təqdim edilmiş sənədlərdən X3 və digərlərinin əmək müqavilələrinə Laçın rayonu 8 nömrəli ümumi orta məktəbinin direktorunun əmri ilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq ləğv edildiyi məlum olmuşdur. Belə ki, xx.xx.2024-cü ildə işçilərə xəbərdarlıq edilmişdir ki, 13 sentyabr 2024cü ildə məktəb fəaliyyətini dayandırır. Belə olan halda işçilərin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən ləğv edilməli idi. Lakin, işçilərin əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndində müəssisə ləğv edildikdə, «b» bəndində isə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» və ya «b» bəndinə əsasən ləğv edilməsi işçilər üçün fərqli hüquqi nəticələr doğurur. İndiki halda işçilərə xəbərdarlıq məktəbin ləğv edilməsi, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi ilə olsa da, əmək müqavilələri həmin maddənin «b» bəndinə əsasən ləğv edilmişdir. Ona görə də işçilər X13 Xidmətinə müraciət edərək hüquqlarının bərpa edilməsini, yəni əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi ilə xitam verilməsini və ya işə bərpa edilmələrini xahiş etmişlər. Aşkar olunmuş pozuntulara əsasən tərəflərindən məktəbin direktoru Elxan Həsənov barəsində İXM-in 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli MN №0020900 nömrəli «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərar qəbul edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün işə götürənə göstəriş verilmişdir. İşəgötürən direktor tərəfindən hüquqpozma aradan qaldırılarsa şərti tətbiq edilmiş inzibati cərimə icra edilməyəcək. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Laçın rayonu 8 nömrəli ümumi orta məktəbin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, X15 Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayonu 8 nömrəli ümumi orta məktəbin xx.xx.2024-cü ildə fəaliyyətini dayandırması nəzərdə tutulmuşdur. Bildirişlə işçilər tanış olmuş və imzalamışlar. İş materiallarında olan 26 nömrəli, xx.xx.2024-cü il tarixli əmrlərdən görünür ki, Laçın rayonu 8 nömrəli ümumi orta məktəbində xadimə vəzifəsində işləmiş X2, X4, X6 və X7 ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2024cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan X2, X4, X6 və X7 tərəfindən X13 Xidmətinə ünvanlamış ərizədən görünür ki, onlar əmək müqavilələrinə 70-ci maddənin «a» bəndi ilə xitam verilməsini və ya işə bərpa edilmələrini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Laçın rayonu 8 nömrəli ümumi təhsil müəssisəsi ləğv edilmişdir. Məktəbin texniki işçilərini digər məktəblərdə yerləşdirmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə uyğun olaraq işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN №0020900 nömrəli «İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarından görünür ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Laçın rayonu 8 nömrəli ümumi orta məktəbinin direktoru X16 Azərbaycan Respublikası İXM-in 192.6-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın X12 göndərilməsi barədə xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmiş, həmin müddət ərzində hüquqpozma aradan qaldırılmadığı halda şərti tətbiq edilmiş inzibati cərimənin ödənilməli olması izah edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri Stansiya Sumqayıt yaşayış massivində fəaliyyət göstərmiş Laçın rayonu 8 nömrəli ümumi orta məktəbin fəaliyyətini dayandırması barədə məktəbin direktoru X16 tərəfindən xx.xx.2024-cü il tarixli bildirişlə işçilərə rəsmi xəbərdarlıq edilmiş, işçilər bildirişlə tanış olmuş və imzalamışlar. Bundan sonra xx.xx.2024-cü il tarixli əmrlə işçilərin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. Göründüyü kimi işçilərə xəbərdarlıq məktəbin fəaliyyətini dayandırması, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən edilsə də, onların əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə ləğv edilmişdir. Beləliklə də, Laçın rayonu 8 nömrəli ümumi orta məktəbinin direktoru X16 tərəfindən işçilərin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilərək Azərbaycan Respublikası İXM-in 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli «inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Həmin Məcəllənin 17-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli «inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarı qanuni və əsaslı olduğundan X10 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli «inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-567/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-567/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver