Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-568/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən (bundan sonra “İdarə”) Şəxs MMC (bundan sonra “Cəmiyyət”) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa) törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN1474194 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda Cəmiyyətin guya əlavə təhsil fəaliyyəti ilə məşğul olması qeyd edilsə də, Cəmiyyət belə bir fəaliyyət göstərməmişdir və göstərmir. Operativ vergi nəzarətinin materialları içərisində də Cəmiyyətin belə fəaliyyət göstərdiyini təsdiq edən hər hansı sənəd və ya sübut mövcud deyildir. Əgər mövcuddursa, məhkəməyə təqdim edilsin və araşdırılsın. Cəmiyyət yalnız ümumi fənlər üzrə və sahələr üzrə tədrislə məşğuldur ki, bunun üçün qanunvericiliklə hər hansı lisenziya və ya icazə tələb edilmir. Protokolda da bu cür tələbin olduğunu əsaslandıran hər hansı istinad göstərilməmişdir. İdarə protokol tərtib edərkən ümumiyyətlə əlavə təhsil fəaliyyətinə dair qanunun tələblərinin nədən ibarət olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydafasına əsasən 1) əlavə təhsilin çoxsaylı forması nəzərdə tutulmuş, və 2) əlavə təhsilin ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşa verilməsi və 3) əlavə təhsilin yekununda hər hansı diplom və ya sertifikatın verilməsi nəzərdə tutulmuşdur. Yəni Cəmiyyətin əlavə təhsil ilə məşğul olduğunun sübutu üçün bu 3 əlamətin müəyyən edilərək təsdiq edilməsi tələb olunur. Lakin, Cəmiyyət tərəfindən tərtib edilən protokolda bu 3 faktdan heç biri qeyd edilməmişdir. Bu da özlüyündə protokolun qanunazidd və əsassız olduğunu təsdiq edir. Protokolda zərər olaraq istinad edilən 1881,28 manat mənfəət vergisinin necə hesablandığı göstərilməmişdir. Cəmiyyət tərəfindən mənfəət əldə edilmədiyi halda mənfəət vergisi hesablanmışdır ki, bu da özlüyündə zərər olaraq istinad edilən müvafiq məbləğin etibarlılığını şübhə altına alır. Əgər həmin məbləğ zərər qismində müəyyən edilirsə, məhkəmə mühasibatlıq ekspertizası keçirilməli və faktiki zərərlə işləyən müəssisəyə mənfəət vergisinin necə hesablandığı müəyyən olunmalıdır. Vergi orqanı tərəfindən birtərəfli müəyyən edilmiş hesablama ilə razı deyillər. Həmçinin, lisenziya alınması üçün 1500 manat dövlət rüsumunun da zərər qismində tanınması da, həm rüsumun mahiyyəti baxımından, həm də Cəmiyyət əlavə təhsil fəaliyyəti ilə məşğul olmadığından qanunsuz və absurddur. Protokolun xx.xx.2025-ci il tarixdə tərtib edildiyi və izahat təqdim edilmədiyi qeyd edilmişdir. Halbuki, o, protokolun tərtibinə dəvət belə edilməmişdir. Dəfələrlə vergi orqanında olsa da, bu cür protokolun tərtib ediləcəyi barədə ona məlumat verilməmişdir. Protokol Cəmiyyətin prosessual hüquqları pozulmaqla tərtib edilmişdir. Həmçinin, Cəmiyyətin təqsirsizlik prezumpsiyası hüququ ciddi şəkildə pozulmuşdur. Çünki inzibati xəta haqqında işin materiallarından görünür ki, onların lisenziyasız fəaliyyətini təsdiq edən hər hansı fakt yoxdur. Protokol yalnız vergi orqanının fərdi mülahizəsi və ehtimalı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq 2024-cü ilin sentyabr ayından müəssisədə tibbi tədris aparıldığını, tibb kursların fəaliyyət göstərdiyini və həmin kursların fəaliyyət göstərməsinə lisenziya tələb edilmədiyini, MMC-nin əsas fəaliyyətinin tibb sahəsinə aid olduğunu, 2024-cü ilin dekabr ayından isə həmçinin, məktəbəqədər, abituriyent, magistratura və dövlət qulluğuna hazırlıq kursları da fəaliyyət göstərdiyini qeyd etmişdir. Belə ki, MMC-də tibb bacısı, əczaçılıq, kosmetologiya və fizioterapiya sahəsində dərslər keçirildiyini, tələbələrə tibbi nəzəriyyə öyrədildiyini və kursun sonunda isə seritifikat və ya diplom verildiyini bildirmişdir. Tədris Mərkəzində nəzəri dərslərin həkim tərəfindən, praktiki dərslərin isə tibb bacısı tərəfindən keçirildiyini, həmin şəxslərin də pedoqoji təcrübəsinin və ali təhsilli həkimlər olduğunu bildirmişdir. Bundan başqa, Şəxs MMC tərəfindən Təhsil Nazirliyinə əlavə təhsil, ixtisasartırma fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsinə dair müraciət edilmiş, 8 avqust 2024-cü il tarixdə Təhsil Nazirliyi tərəfindən nizamnamə layihəsində dəyişiklik edilməsi əsas gətirilərək imtina edilmiş, daha sonra MMC-nin nizamnaməsi Təhsil Nazirliyinin tələblərinə uyğun hazırlanıb yenidən Təhsil Nazirliyinə müraciət edilməli idi, lakin, Tədris Mərkəzinin açılışı ilə əlaqədar və daha sonra Vergi Xidmətinin məlum yoxlamasına görə müraciət edə bilməmişlər. Təhsil Nazirliyinə əlavə təhsil üçün lisenziya verilməsi barədə müraciət edilməsinə səbəb o olmuşdur ki, əlavə təhsilə dair lisenziya olduğu halda tələbələrin Təhsil Nazirliyi vasitəsilə qəbul edilməsi həyata keçiriləcək və tədrisin yekununda verilən sənədin dövlət tərəfindən tanınacaqdı. Hazırda Vergi Xidməti tərəfindən onların hesablarına sərəncam qoyulmuşdur və o, mərkəzin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edəcəkdir. O, protokol və hesablanmış gəlir məbləği ilə razı olmadığını, lisenziya tələb edilən fəaliyyətlə məşğul olmadığını, onların barəsində digər tədris müəssisəsinin sifarişi əsasında qərəzli olaraq tərtib edildiyini bildirmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi ünvan 1 ünvanda yerləşən Şəxsndə həyata keçirilmiş operativ vergi nəzarəti zamanı cəmiyyətin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ziyan vurması (gəlir əldə etməsi) faktları müəyyən edilmişdir. Bu barədə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə protokol tərtib edilmişdir. “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 nömrəli qərarının 4.1.1-ci maddəsinə əsasən stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür. Göründüyü kimi qərarda tibb fəaliyyətinin də əlavə peşə fəaliyyəti olduğu qeyd edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə operativ vergi nəzarəti ilə Şəxs MMC-nin saibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanda Cəmiyyətin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 3381,28 manat məbləğində, o cümlədən 1881,28 manat mənfəət vergisi və 1500 manat dövlət rüsumunun dərəcəsi üzrə ödəniş həyata keçirtməməklə ziyan vurduğu (gəlir əldə etdiyi) müəyyən edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025ci il tarixli çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şəxs MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il il tarixə kimi plandankənar yoxlama aparılması qeydə alınmışdır. Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2025-ci il tarixli akta əsasən Şəxs MMC-də dövlət əlavə təhsil müəssisələri istisna olmaqla əlavə təhsil fəaliyyəti ilə məşğul olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci tarixli **********9025 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar”ına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 yerləşən Şəxs adlı obyektdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminal quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi binanın üzərində “Tibbi kurslar”, “Tibbi təhsil üzrə rəsmi kurs”- “Tibb bacısı”, “Əczaçılıq”, “İlkin tibbi yardım”, “Fizioterapiya”, “Rəsmi Diplom və Sertifikat” “Fizioterapiya xidməti və kursları”, “Kosmetologiya xidməti və kursları” yazıları olan reklam lövhələri asılmış, mərkəzin otaqlarındakı fotoşəkillərdə qeyd edilən tədrisin aparılması üçün avadanlıqlar quraşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərara əsasən Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanda Cəmiyyətin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vurulmuş ziyan (əldə edilmiş gəlir) məbləğinin müəyyən edilməsi məqsədilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi tərəfindən Sumqayıt şəhərində tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən Baş İdarənin xx.xx.2025-ci il tarixli **********9025 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən Şəxs MMC-nin (VÖEN. **********) (bundan sonra cəmiyyət adlandırılacaq) Sumqayıt şəhəri, H.Əliyev prospekti, 111№li T/S ünvanda yerləşən Şəxs adlı obyektində “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminal quraşdırılması hallarına nəzarət edilməsi və POSterminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi” və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi” məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı cəmiyyət tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunun tələbləri pozulmaqla Lisenziya (xüsusi razılıq) olmadan təhsil fəaliyyəti: dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələrinin fəaliyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş və operativ vergi nəzarətinin nəticəsi barədə xx.xx.2025-ci il tarixli DVX seriyalı 000191 nömrəli “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” akt tərtib edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri cəmiyyətin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ziyan vurduğu (gəlir əldə etdiyi) müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna baxmayaraq cəmiyyət tərəfindən fəaliyyət göstərdiyi müddət ərzində sadələşdirilmiş vergi bəyannamələri təqdim edilməklə sadələşdirilmiş vergi ödənişləri həyata keçirilmiş və Cəmiyyət tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-İİQ nömrəli Qanununda nəzərdə tutulmuş lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumununu Ödəməməklə təhsil fəaliyyəti: dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələrinin fəaliyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul omuşdur. Beləliklə, yaranmış kənarlaşma ilə bağlı cəmiyyətə kameral qaydada münasibət bildirilərək 2024-ci il 4-cü rüb üçün 1993,42 manat mənfəət vergisinin hesablanması təmin edilmişdir. Həmçinin operativ vergi nəzarəti ilə cəmiyyət tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-İİQ nömrəli Qanununda nəzərdə tutulmuş lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə 1500,00 manat məbləğində dövlət rüsumununu ödənilmədiyi müəyyən edilmişdir. Beləliklə, operativ vergi nəzarəti ilə cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 3381,28 manat məbləğində, o cümlədən 1881,28 manat mənfəət vergisi (xx.xx.2024-cü il tarixdə ödənilmiş 112,14 manat məbləğində sadələşdirilmiş vergi məbləği nəzərə alınmaqla) və 1500,00 manat dövlət rüsumunun dərəcəsi üzrə ödəniş həyata keçirməməklə ziyan vurduğu (gəlir əldə etdiyi) müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin qanuni təmsilçisinin təqdim etdiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MMC-nin 2-ci redaksiyada nizamnamə layihəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”nın müddəaları nəzərə alınmaqla yenidən işlənməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də"xxxx" MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”na dair 1 nömrəli Əlavənin 5.6-cə bəndinə əsasən dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələri lisenziya əsasında fəaliyyət göstərməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlavə təhsil ixtisasartırma və yenidən hazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə qanunla tələb olunduqda fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil müvafiq proqramlar əsasında bu Qayda ilə müəyyən edilən bütün növ (dövlət, bələdiyyə və özəl) müəssisə, təşkilat və qurumlar tərəfindən həyata keçirilir. Əlavə təhsil müəssisələrinə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) aiddir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir. Həmin Qaydanın 4.1.1-ci bəndinə əsasən stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür. Həmin Qaydanın 4.1.2-ci bəndinə əsasən stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir. Məhkəmə iclasında Tədris Mərkəzinin qanuni təmsilçisi MMC-nin tibb sahəsində tədris həyata keçirdiyini, tədris zamanı ali təhsilli həkimlər və tibb bacıları tərəfindən nəzəri tibbi biliklərin öyrədildiyini və praktiki dərslər keçirildiyini, tədrisin yekununda tələbələrə sertifikat və ya diplom verildiyini bildirsə də, qeyd edilən tədrisin əlavə təhsil olmasına etirazını bildirmişdir. Eyni zamanda, MMC tərəfindən tibb sahəsində əlavə təhsilə dair lisenziya verilməsinə dair Təhsil Nazirliyinə müraciət edilməsində məqsəd də Tədris Mərkəzinin hazırda göstərdiyi fəaliyyətini qanuniləşdirmək və tədrisin sonunda verilən sənədin dövlət tərəfindən tanınmasının təmin edilməsi olmuşdur. Yuxarıda qeyd edilən normaların da məzmunundan görünür ki, tibb sahəsində əlavə təhsil fəaliyyəti dövlət tərəfindən lisenziya verilmiş müəssisələr tərəfindən həyata keçirilə bilər. Göründüyü kimi, Tədris Mərkəzinin qanuni təmsilçisi protokola etiraz etsə də, Mərkəzdə tibbi tədrisin həyata keçirildiyini izahatında etiraf etmiş, eyni zamanda həmin tədrisin dövlət tərəfindən lisenziya verilməli olan fəaliyyət növü olduğunu qəbul edərək qeyd edilən müraciəti etmişdir. Beləliklə, məhkəmə iş üzrə protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş sübutları, barəsində protokol tərtib edilmiş Tədris Mərkəzinin qanuni təmsilçisinin izahatını tədqiq edib, yuxarıda qeyd edilən normaları nəzərə alaraq hesab edir ki, barəsində protokol tərtib edilmiş "xxxx" MMC tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan fəaliyyət göstərməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsinin tərtib etdiyi xx.xx.2025ci il tarixli Aktda operativ vergi nəzarəti ilə cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 3381,28 manat məbləğində, o cümlədən 1881,28 manat mənfəət vergisi (xx.xx.2024-cü il tarixdə ödənilmiş 112,14 manat məbləğində sadələşdirilmiş vergi məbləği nəzərə alınmaqla) və 1500,00 manat dövlət rüsumunun dərəcəsi üzrə ödəniş həyata keçirməməklə ziyan vurduğu (gəlir əldə etdiyi) müəyyən edilmişdir. Məhkəmə qeyd edilən məbləğə münasibətdə bildirir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyana (əldə edilmiş gəlirə) 1500,00 manat dövlət rüsumunun dərəcəsi üzrə ödənişin aid edilməsi qanunauyğun deyildir. Belə ki, İXM-nin 398-ci maddəsinin sanksiyasında qeyd edilən normanın tələblərinə riayət edilməməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən tərtib edilmiş aktda vurulmuş ziyan məbləğinə 1500,00 manat dövlət rüsumunun dərəcəsi üzrə ödəniş aid edilsə də, Mülki Məcəllənin qeyd edilən normasının məzmunundan görünür ki, həmin məbləğ nə real zərər və nə də əldən çıxmış fayda kimi qiymətləndirilmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən vurulmuş ziyan məbləğinə 1500,00 manat dövlət rüsumunun dərəcəsi üzrə ödənişin aid edilməsi qanunvericilik normalarının tələblərinə uyğun olmadığından, yalnız əldə edilmiş gəlirə münasibətdə MMC-nin cərimə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində əldə edilmiş gəlirin - 1881 (bir min səkkiz yüz səksən bir) manat 28 (iyirmi səkkiz) qəpik məbləğin 2 misli, yəni 3762 (üç min yeddi yüz altmış iki) manat 56 (əlli altı) qəpik məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta nəticəsində əldə edilmiş gəlirin - 1881 (bir min səkkiz yüz səksən bir) manat 28 (iyirmi səkkiz) qəpik məbləğin 2 misli, yəni 3762 (üç min yeddi yüz altmış iki) manat 56 (əlli altı) qəpik məbləğində inzibati cərimə növündə tənbeh tədbiri edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-568/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-568/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver