Məhkəmə qərarları › İş №3(060)-569/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-569/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-569/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, xx.xx.1974-cü il tarixdə Abşeron rayonu, Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xızı rayonu, Şorabad qəsəbə ərazi dairəsi, Şorabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla yaşayan olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-nin) 272-1-ci maddəsinə əsasən 26 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokol tərtib etmiş orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, yaşayış massivindən uzaqda olmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə dostunun UAZ markalı avtomobili ilə X4 qəsəbəsindən 5-6 kilometr şimala tərəf ərazidə yerləşən dənizkənarına getmişdir. Dənizkənarına getməsinin səbəbi səhhəti ilə əlaqədar olmuş, səhhəti yaxşı olmadığından silahdan istifadə etməmiş, dərman qəbul edib avtomobildə əyləşmişdir. Bu zaman Ekologiyanın əməkdaşları ona yaxınlaşaraq maşında silah olub-olmadığını soruşmuşlar, o da silahı təqdim etmişdir. Silahı təqdim edərkən izahat verməmiş, daha sonra İdarəyə gedib orada izahat vermişdir. Həmçinin, izahatında ov etmək hüququnun olmadığını, həmin əraziyə ov etmək üçün getmədiyini bildirmiş, silahı özü ilə dənizkənarına aparmasının səbəbi silahı yoxlamaq istəməsi olmuşdur. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, İdarənin əməkdaşları xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər dənizinin sahili ərazisində brakonyerliklə mübarizə və qanunsuz ovçuluğun qarşısının alınması məqsədilə reydlər keçirmiş, reyd zamanı həmin ərazidə Şəxs özünəməxsus 12 çaplı MR-155 markalı ov silahı ilə gəzərkən saxlanılmış, həmin an silah Şəxs götürülmüşdür. Şəxs tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmuşdur. Belə ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən ovun güdülməsi və izlənilməsi də ovçuluq qaydalarının pozulması hesab olunur. Şəxs ov üçün xüsusi icazəsinin olmadığını, eyni zamanda sözügedən ərazinin ov üçün nəzərdə tutulmadığını bildirmişdir. Həmçinin, Şəxs İdarədə verdiyi izahatında silahın yoxlanılması məqsədilə dənizkənarına özü ilə gətirdiyini qeyd etsə də, silahın yoxlanılması xüsusi lisenziya əsasında fəaliyyət göstərən poliqonlarda, atıcılıq mərkəzlərində həyata keçirildiyini, yaşayış məntəqəsinə yaxın ərazidə silahın yoxlanılmasının ağlabatan olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 272-1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-in 272-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması barədə xx.xx.2025-ci il tarixli qərardada əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi yaxınlığında Xəzər dənizi sahilində kimliyi məlum olmayan şəxs tərəfindən qadağan olunmuş yerdə qanunsuz quş ovu ilə məşğul olunması faktı müəyyən edilmişdir. Qanunsuz ovla məşğul olan şəxsdən götürülən MR-155 markalı ********** nömrəli ov silahının Xızı rayonu, Şuraabad kənd sakini X1 məxsus olduğu məlum olmuşdur. İlkin araşdırma zamanı X3 özünü təqdim etmədiyindən onun barəsində inzibati protokol tərtib etmək mümkün olmamışdır. Sözügedən qərardadla inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. 26 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ona məxsus 12 çaplı MR-155 markalı ********** nömrəli ov silahı ilə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində icazə sənədi olmadan, qadağan olunmuş yerdə qanunsuz ov etməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 88828 nömrəli akta əsasən “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Heyvanlar aləmi haqqında” Qanunların və bu sahədə mövcud olan normativ-hüquqi aktlaırn tələblərinə riayət olunması vəziyyəti üzrə aparılan nəzarət reydi zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi və həmin əraziyə yaxın olan “Qara Təpə” adlanan sahənin Xəzər dənizi sahilində əraziyə PİKAP avtomaşınları ilə gərlərək qanunsuz quş ovu ilə məşğul olan iki şəxs müəyyən edilmişdir. Həmin qanunsuz ovla məşğul olan şəxslər şəxsiyyət vəsiqələrini, ov silalarına dair DİN-dən verilmiş şəhadətnamələri, ovçuluq biletlərini təqdim etməkdən imtina etmişlər. Müvəqqəti olaraq həmin şəxslərdən 12 kalibrli, 15-27 markalı ********* nömrəli və 12 çaplı MR-155 markalı ********** nömrəli ov silahları götürülmüşdür. Eyni zamanda MR-155 markalı ov silahına məxsus 3 ədəd 12 çaplı patron və tüfəngin qabı da götürülmüşdür. Baxış zamanı ov predmetinə rast gəlinməmişdir. Reyd zamanı çəkilmiş fotoşəkillərdə dənizkənarı ərazidə PİKAP avtomobili və onun ətrafında dörd nəfər şəxsin olması, onlardan birinin əlində tüfəngin olması öz əksini tapmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.20-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən icazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Babayev X2 bu tələblərini pozaraq, lazımi icazə olmadan, qadağan edilmiş yerlərdə ovçuluq fəaliyyəti ilə məşğul olaraq ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ov etmədiyini bildirsə də, məhkəmə Şəxs izahatına tənqidi yanaşaq qeyd edir ki, şəxsin izahatı özünü müdafiə xarakteri xarakeri daşıyır və inzibati məsuliyyətdən yayınmaq məqsədilə qeyd edilən şəkildə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Beləliklə, proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququ olmadan, qadağan edilmiş yerlərdə ov etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun ov etmək hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar