Məhkəmə qərarları › İş №3(060)-57/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-57/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-57/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Vəzifəli şəxs Şəxs ilə, Suqmayıt şəhər Pİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 17.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Suqmayıt şəhər Pİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Eldar İbrahimov tərəfindən vəzifəli şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, vəzifəli şəxs Şəxs 17.12.2021-ci il tarixdə saat 18:40 radələrində Sumqayıt şəhər, 13-cü mikrorayon, 44-cü binanın həyətində yerləşən, ona məxsus olan və işlətdiyi “Ramin” ərzaq dükanında satılması qadağan olunmuş pirotexniki partlayıcı maddə satması müəyyən olunmuşdur. Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən tərtib olunmuş 17 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı nzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, 20.12.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Suqmayıt şəhər Pİ-nin 4-cü PB-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur və VÖEN-i vardır. Yaşadığı binanın yaxınlığında olan 44-cü binanın həyətində yerləşən və ona məxsus olan obyekti “Rəhim” ərzaq dükanı kimi işlədir. 17.12.2021-ci il tarixdə təxminən 18:40 radələrində işlətdiyi dükanda pirotexniki partlayıcı maddələri satarkən polis əməkdaşları bunu görmüş, bu səbəbdən də onu satmaq istədiyi beş qutu pirotexniki petaros, K0201 markalı partlayıcı maddə ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinə aparmışlar. Eyni zamanda pirotexniki partlayıcı maddələrin bir qutusunu 2 (iki) manata satdığını, satdığı həmin maddələri “Sədərək” Ticarət Mərkəzində tanımadığı şəxsən 1,80 (bir manat səksən qəpik) AZN-ə aldığını bildirmişdir. Həmçinin həmin maddələrin satışının qadağan olduğunu bildiyini, lakin maddi etiyacla bağlı onları satdığını, əməlinin qanunsuz olduğunu bildiyini və əməlindən səmimi peşman olduğunu etiraf etmişdir. Barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materillarında olan 17.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 17.12.2021-ci il tarixdə saat 18:40 radələrində Sumqayıt şəhər, 13-cü mikrorayon, 44-cü binanın həyətində yerləşən, ona məxsus olan və işlətdiyi “Ramin” ərzaq dükanında satılması qadağan olunmuş pirotexniki partlayıcı maddə satmış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tələblərini pozmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi kimi qeyidiyyata alımış və ********** nömrəli VÖEN vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə görə İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Eyni zamanda həmin Məcəllənin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş beş ədəd pirotexniki partlayıcı maddə müsadirə edilsin, vəzifəli şəxs Şəxs 1650 (min altı yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar