Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-571/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1 iştirakı ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 20 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Bədəlbəyli küçəsi ilə Z.Haclyev küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşıda ondan həmin yolun sağ hərəkət zolağında (sağdan 1-ci hərəkət zolağında) dayanmış, sonradan isə yolun digər tərəfinə keçmək istəyi ilə yolun sağdan 2-ci hərəkət zolağına və onun qarşısına doğru iti qaçışla daxil olaraq, sürətlə hərəkət yolunun qarşı tərəfinə keçmək istəyən 2014-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs onun qarşısına və hərəkət yoluna daxil olmasını görmüş, həmin an tormoz etmədən avtomobili sola doğru yayındırmış, həmin an avtomobilin qabaq hissəsi ilə piyadanı vurmadan hərəkətini davam etdirdiyi an öz hərəkət zolağının (soldan 1-ci hərəkət zolağı) sağ hissəsində piyada üz nahiyyəsinin sol hissəsi ilə avtomobilin arxa sol qanadına, sol ayağı ilə avtomobilin arxa sol təkərinə çırpılaraq yerə yıxılmaqla xəsarət yetirmişdir. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X2 bildirdi ki, 20 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Bədəlbəyli küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşıda ondan həmin yolun sağ hərəkət zolağında (sağdan 1-ci hərəkət zolağında) dayanmış, sonradan isə yolun digər tərəfinə keçmək istəyi ilə yolun sağdan 2-ci hərəkət zolağına və onun qarşısına doğru iti qaçışla daxil olaraq, sürətlə hərəkət yolunun qarşı tərəfinə keçmək istəyən 2014-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs onun qarşısına və hərəkət yoluna daxil olmasını görmüş, həmin an tormoz etmədən avtomobili sola doğru yayındırmış, həmin an avtomobilin qabaq hissəsi ilə piyadanı vurmadan hərəkətini davam etdirdiyi an öz hərəkət zolağının (soldan 1-ci hərəkət zolağı) sağ hissəsində piyada üz nahiyyəsinin sol hissəsi ilə avtomobilin arxa sol qanadına, sol ayağı ilə avtomobilin arxa sol təkərinə çırpılaraq yerə yıxılmaqla xəsarət yetirmişdir. Araşdırma nəticəsində Sumqayıt ŞPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən 19 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, material aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-ə göndərilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş bu səbəbdən sonuncu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtl barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov 19 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd olunan qərarda göstərilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, sonuncu xx.xx.2024-cü il tarixdə təxminən saat 12:02-də etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Bədəlbəyli küçəsi ilə yolun sağdan 2-ci hərəkət zolağı ilə Z.Hacıyev küçəsinin kəsişməsi istiqamətində təxminən 40-45 km/saat sürətlə hərəkətdə olduğu zaman, yolun sağ kənar hissəsindən qəflətən yolun hərəkət hissəsinə və onun qarşısına qaçaraq çıxan uşaq qaçaraq hərəkətini davam etdirib özünü maşının arxa sağ qanadına və arxa sağ təkərinə çırpmış və zərbənin təsirindən yerə yıxılmışdır. O, təxminən 4-5 metr irəlidə maşını saxlayıb həmin uşağa yaxınlaşmış və sonuncuya yardımlar göstərib öz avtomobili ilə həkimə aparmaq istəmişdir. Lakin həmin uşaq edilən yardım təklifindən imtina edib maşina əyləşmək istəməmişdir. Belə olan halda o, 103 xidmətinə zəng edib hadisə yerinə təcili tibbi yardım maşını çağırmış, təxminən 15 dəqiqə gözlədikdən sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş, həkimlər uşağa ilkin tibbi yardım göstərməyə çalışsalar da, uşaq onların əlindən çıxıb həmin ərazini tərk etmişdir. Bundan sonra o, öz mobil telefon nömrəsini, ad və soyadını təcili tibbi yardım briqadasının işçilərinə verib, bir qədər də gözlədikdən sonra təcili işləri olduğu üçün avtomobilinə əyləşib öz yoluna davam etmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra o, işlərini yekunlaşdırıb yenidən hadisə yerinə qayıtmış, lakin həmin ərazidə heç kimi görmədiyindən Sumqayıt şəhəri Travmatalogiya xəstəxanasına getmiş, lakin orada da həmin uşağı görməmiş, sonra isə Uşaq Xəstəxənasına getdikdə xəstəxanadan ona, Zərərçəkmiş şəxs adlı uşağın avtomobillə vurularaq xəsarət almasına görə həmin xəstəxanaya daxil olduğu, sonuncuya ilkin tibbi yardım göstərildikdən sonra ciddi xəsarətləri olmadığından evə buraxıldığı bildirilmişdir. Artıq bundan sonra o, həmin xəstəxananın yaxınlığında yerləşən Sumqayıt ŞPİ-yə gəlib hadisə barədə məlumat vermiş, bu barədə araşdırma başlanmışdır. Hadisə vaxtı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, hadisə zamanı avtomobilinin arxa sağ qanadında cuzi olaraq cızıq izləri əmələ gəlmişdir. Daha sonra Şəxs izahatında, idarə etdiyi avtomobillə qeyd olunan yolda saatda 40-45 km. sürətlə hərəkətdə olduğu zaman, qarşısında yolun sağ kənarından yolun , hətəkət hissəsinə və onun qarşısına qaçaraq çıxan uşağı yola çıxmamışdan əvvəl yolun sağ kənarında yəni yolun sağdan 1-ci hərəkət zolağında dayandığını gördüyünü, həmin uşağın dayanıb gözlədiyi üçün uşağı özünə təhlükə kimi görmədiyini, hərəkətini həmin sürətilə davam etdirdikdə, həmin uşağın anidən onun qarşısına tərəf qaçdığını, uşağın onun qarşısına qaçdığı an, sonuncu ilə onun arasında təxminən 4,5-5 metr məsafə olduğunu, onun dərhal maşını sola doğru yayındırdığını, həmin vaxt uşağın onun avtomobilinin sağ arxa qanadına və sağ arxa təkərinə çırpıldığını, hadisədən öncə tormoz əyləcinə təzyiq etmədiyini, təhlükəni hiss edib maşını sola doğru yayındırdığı zaman, həmin uşağın dayandığı yerdən avtomobilinə toxunduğu yerə kimi təxminən 2-2,5 metr məsafə qət etdiyini bildirmişdir. 19 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində xx.xx.2014-cü il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs yaşadıqları evin yaxınlığında Sumqayıt şəhəri Bədəlbəyli küçəsində yerləşən avtomobillərin hərəkət yolunu keçmək istəyərkən, həmin yolda hərəkətdə olan Toyota Prius markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil tərəfindən vurularaq xəsarət almışdır. Hadisədən sonra hadisə yerinə toplaşan şəxslərdən biri onun yaşadığı evi gəlib hadisə barədə məlumat vermişlər. Bundan sonra o, evdən çıxıb hadisə yerinə getdikdə, artıq təcili tibbi yardım maşınının hadisə yerində olduğunu görmüşdür. Bundan sonra övladı təcili tibbi yardım maşını vastəsi ilə Uşaq Xəstəxanasına aparılmış, ilkin tibbi müayinələrdən keçirilmiş, övladında ciddi xəsarətlər aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və hadisə yerinin baxışında iştirak etmişdir İş materiallarında olan “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmətibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 172 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol aşıq-baldır oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamdlığa yüngül zərərvurmaya aid edilir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 291 nömrəli aktdan görünür ki, müayinə zamanı sürücü Şəxs spirtli içki qəbul etməsi faktı aşkar edilməmişdir. 8/274 nömrəli xx.xx.2024-cü il tarixli ekspret rəyinə əsasən aparılmış tədqiq nəticəsində Toyota Prius markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olmuş və həmin maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinə görə Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin heç bir şikayət və tələbinin olmamasını Şəxs əməlini yüngüləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-571/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-571/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver