Məhkəmə qərarları › İş №3(060)-572/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-572/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-572/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – Orxan Bağırovun iştirakları ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən 01 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2260/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 10540 manat aliment borcunu üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələbinə məhəl qoymamışdır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2260/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X4 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin borclu icra sənədinə əsasən ödəməli olduğu 10540 manat aliment borcunu üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələbinə məhəl qoymamışdır. Borclunun ünvanına dəfələrlə bildiriş xəbərdarlıq göndərilməsinə baxmayaraq çağırışlara məhəl qoymamışdır. Borclunun ödənişlə bağlı qəbzlərinin icra idarəsinə təqdim olunması üçün dəvət edilmiş, telefon vasitəsilə onunla əlaqə saxlanılmış, lakin o, gəlməyəcəyini bildirmiş, eyni zamanda onunla telefon vasitəsilə deyil, rəsmi qaydada olduğu ünvana müraciət edilməsini bildirmişdir. Lakin şəxsin ünvanına xəbərdarlıqlar çatmamış, olduğu yer barədə də məlumat verməmişdir. İş materiallarında olan sənədlərə imza etməkdən imtina etmişdir. Həmçinin barəsində axtarış elan edilmiş, 28 fevral 2023-cü il tarixdə metropoliten polisi tərəfindən saxlanılmış, bu gün icra idarəsinə polis vasitəsilə gətirilmişdir. Tələbkar şəxs bir neçə dəfə müraciət edərək borclunun alimenti ödəmədiyini, borclu barəsində tədbir görülməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra məmurunun qeyd etdikləri hallar doğrudur, lakin ona rəsmi qaydada müraciət olunmamış, icra idarəsinə çağırılmamışdır. Bir neçə dəfə icra idarəsində iştirak etmişdir. Tələbkarla aralarında ödəniş edilməsi ilə bağlı razılıq olmuş, o, həmin razılığa əsasən uşaqların bütün maddi xərclərini çəkmişdir. Hesab edir ki, qətnamələr qanunsuzdur. O, onsuzda uşaqları saxlayır və uşaqlara çəkdiyi xərclər barədə qəbzləri vardır. Ondan məcburi qaydada aliment tələb olunması düzgün deyildir. Qətnamə ilə razı olmadığından alimenti rəsmi qaydada ödəməmişdir. Həmçinin ona ödəniş edilməsi üçün verilmiş bank hesabı ilə hesab sahibinin şəxsiyyət vəsiqəsi məlumatları arasında uyğunsuzluq olduğundan hesaba pul köçürə bilməmiş, bu barədə ərizə ilə icra idarəsinə müraciət etmişdir. İcra məmuruna ona yalnız rəsmi qaydada müraciət etməsini bildirmişdir. ünvan 1 ünvanında yaşayır, lakin işi ilə əlaqədar çox zaman evdə olmur. Ata kimi heç vaxt məsuliyyətindən yayınmamışdır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2260/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X4 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Polis İdarəsinin 58/2-2363 saylı, xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2023cü il tarixdə 732294 saylı axtarış işi açılmışdır. İş materillarından görünür ki, Suqayıt şəhər Məhkəməsinin 2(060)-1162/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materillarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2975/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1162/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi nikahın pozulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx/xx-5198 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, tibb kadrlarının vahid registrində Şəxs iş fəaliyyəti barədə məlumat yoxdur. İş materillarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəxs məxsus “X9” minik markalı, **-DM-*** və “VAZ 2101” minik markalı **-BS- *** qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilmişdir. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-399/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, icra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Məhkəmə qeyd edir ki, qətnamə dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış və icrası məcburi olan rəsmi sənəddir. Hazırda qətnamənin qanuniliyi məsələsi deyil, borclu tərəfindən həmin qətnamənin icra edilməməsinin səbəbləri araşdırılır. Borclunun ünvanına dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq icra məmurunun çağırışına məhəl qoymamış, telefon vasitəsilə əlaqə saxlanıldığı zaman gəlməyəcəyini bildirmiş, barəsində axtarış elan edilmiş, polis əməkdaşları vasitəsilə məcburi qaydada gətirilmişdir. İş materiallarından görünür ki, borclu icra idarəsində bir neçə dəfə izahat verərək qətnamənin saxta və qanunsuz olduğunu bildirmiş, bu səbəbdən alimenti ödəməmişdir. Borclunun uşaqların saxlanmasında iştirak etməsi iddiasına gəldikdə isə məhkəmə qeyd edir ki, ilk növbədə məhkəmə qərarı ilə müəyyən edilmiş məğləği rəsmi qaydada ödəməlidir, daha sonra bir valideyn olaraq konstitusion hüququndan istifadə etməklə uşaqların rifahının yaxşılaşdırılmasına dəstək verə bilər. Yəni, bir ata olaraq uşaqlarla görüş vaxtı onların qayğısına qalması, əyləncələrinə vəsait xərcləməsi məhkəmə qətnaməsinin icra olunmasına və alimentin ödənilməsinə dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qıda, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbəri olmasına baxmayaraq lazımınca ödəniş etmədiyini, icra sənədinə əsasən 10540 manat borcunun yaranması, icra məmurunun çağırışlarından yayınması, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar