Məhkəmə qərarları › İş №3(060)-574/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-574/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-574/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət verən X4 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə oğlunun, Qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Qərardan şikayət vermiş şəxs X4 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 09.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 09.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 müdafiəçisi Nümayəndə oğlu izahat verərək şikayəti onunla əsaslandırdı ki, 10.01.2022-ci il tarixə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi şöbəsi tərəfindən barəsində 09.06.2021ci il tarixli 0478137/2021 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 500 manat məbləğində cərimə olunmuşdur. Lakin barəsində aparılmış sözügedən inzibati xəta haqqında iş üzrə icraatdan məlumatı olmamış və inzibati xəta haqında protokol və həmin inzibati tənbeh vermə haqqında qərar ona təqdim olunmamışdır. 28.01.2022-ci il tarixdə nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi şöbəsinə müraciət edərək barəsində tərtib edilmiş 09.06.2021-ci il tarixli 0478137/2021 nömrəli inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, sözügedən inzibati orqan Abşeron rayonu, saray qəsəbəsi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 0,17 ha torpaq sahəsinin bir qatlı daş hasara alınmasını əsas gətirərək barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh olaraq 500 manat cərimə olunmağı barədə qərar qəbul etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır və ona görə də qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılarkən ona məlumat verilməmişdir. İş materiallarında guya inzibati xəta haqqında protokolun və qərarın yaşadığı ünvana göndərilməsi və həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılması barədə qeydlər olsa da bunlar həqiqəti əks etdirmir. Çünki həmin ünvanda yaşayır. Bundan başqa əgər həqiqətən də onun inzibati icraatda iştirakını təmin etmək istəsəydilər elə həmin torpaq sahəsinə üzərində hüquqlarının dövlət qeydiyyatı aparılarkən həmin inzibati orqana təqdim etdiyi telefon nömrələri vasitəsi ilə də ona xəbər verilə bilərdi. Barəsində tərtib olunmuş 09.06.2021-ci il tarixli 0478137/2021 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, guya o, xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsindəki 0,171754 ha torpaq sahəsinin təyinatını dəyişdirməklə tikinti işləri (hasarlama) aparmış və nəticədə torpağın münbit qatını korlamaqla AR İXM-nin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Halbuki, AR İXM-nin 247.1-ci maddəsinə əsasən Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün İstifadə edilməsinə görə inzibati tənbeh verilməsi nəzərdə tutulmuşdur. İXM-nin 247.2-ci maddəsi isə Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsini inzibati xəta hesab edir. Tərəfindən isə xüsusi mülkiyyətində olan torpaq sahəsinin məqsədli təyinatına uyğun olan başqa məqsədlər üçün istifadə olunması halına yol verilmədiyi üçün inzibati orqanın göstərilən hüquqi əsasla barəsində inzibati tənbeh tətbiq etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi tərəfidən daş hasara alınmış və orada mövsümü tərəvəz məhsullarının becərilməsi ilə məşğul olur. Sözügedən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlərlə istifadə olunmamış, başqa məqsədli tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarında isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hərhansı vasitə ilə hasarlanmasını qadağan edən heç bir hüquq norması mövcud deyildir. Göründüyü kimi o, heç bir qayda pozuntusuna yol verməmiş və barəsində əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. 09.06.2021-ci il tarixli 0478137/2021 nömrəli inzibati tənbeh vermə haqqında qarar 28.01.2022-ci il tarixdə nümayəndə vasitəsilə ona təqdim edilmişdir. 09.06.2021-ci il tarixli 0478137/2021 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirdi ki, S.Qasımov kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirmədən tikinti işləri (hasarlama) aparmış və nəticədə torpağın münbit qatı korladığından AR İXM-nin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində təyinatı dəyişdirilmədən çəpərləmə işlərinin aparılması mümkün olsa da, hasarlamaya icazə yoxdur. Bunu nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 09.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi, ərazisində mülkiyyətində 0,171754 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirmədən tikinti işləri (hasarlama) aparılmış və nəticədə torpağın münbit qatı korlanmışdır. X2 AR İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”-dan müəyyən olunur ki, X6 tərəfindən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,171754 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 02.11.2020-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən Bu Məcəllənin 247.1ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə proses iştirakçılarının izahatlarından və iş materiallarından müəyyən olunur ki, X6 mülkiyyətində olan 0, 171754 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq daşla hasarlayaraq tikinti işləri aparmışdır. Bununla əlaqədar həmin qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 09.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar