Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-575/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Elçin Qüdrət oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis baş leytenantı X4, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin təhqiqatçısı polis kapitanı X2 06 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarına əsasən Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X5 tərəfindən 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seryalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 02.12.2020-ci il tarixdə ünvan 2 ünvanına gələrək vətəndaş Zərərçəkmiş şəxs ünvanına ictimai yerdə nalayiq sözlər demişdir. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 12 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 12 fevral 2021-ci il tarixə təyin olunmuş, lakin təhqiqat materiallarının məhkəməyə təqdim olunması ilə bağlı işin baxılması 15 fevral 2021-ci il tarixə təxirə salınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi X5 izahatında göstərdi ki, o təhqiqat orqanının qərarına əsasən Şəxs 02.12.2020-ci il tarixdə ünvan 2 ünvanına gələrək vətəndaş Zərərçəkmiş şəxs ictimai yerdə ünvanına nalayiq sözlər deməsi ilə bağlı protokol tərtib etmişdir. Özü tərəfindən araşdırma aparılmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qızı ilə 2019cu ilin dekabr ayında onun razılığı olmasa da ailə qurmuşdur. Belə ki, o, həmin vaxt qızına Şəxs ailələrinin onların ailəsinə uyğun olmamasını demişdir. Lakin, qızının istəyinə görə məcbur qalıb qızına toy etmişdir. Sonradan onun qızı ilə Şəxs ailə münasibətlərində narahatçılıqlar yaranmışdır. O, qızını dəfələrlə evinə gətirmək istəsə də, qızı buna razılıq verməmiş və ona bildirmişdir ki, “ata bunlar çox təhlükəli adamlardlı. Məni unudun. Mən səhv etmişəm, ona görə də özümü qurban verirəm.” Nəhayət onun qızı V.Cəfərvdan ayrılaraq evlərinə gəlmiş və Şəxs hər dəfə onu və ailəsini narahat etməyə başlamış, səbəb kimi isə hər dəfə o, yalandan ailəsini bərpa etmək istədiyini bildirmişdir. Bu səbəbdən də o, dəfələrlə Şəxs barəsində müvafiq orqanlara müraciət etmişdir. Sonuncu dəfə Şəxs onun yaşadığı 02.12.2020-ci il tarixdə ünvan 2 ünvanına gələrək onu və ailə üzvlərini narahat etmişdir. Buna görə də o, məcbur qalıb polisə şikayət ərizəsi vermişdir. Hazırda onun tələbi Şəxs onu və ailəsini narahat etməməsidir və xahiş edir ki, Şəxs onları narahat etməməsi barədə söz versin. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı evə oğlunu görmək üçün getmiş və ailəsini bərpa etmək üçün onun bacısı Cəmalə xanımdan xahiş etmişdir. Həmin vaxtlardan hazırkı vaxtlaradək nə Zərərçəkmiş şəxs nə də başqa bir şəxsin ünvanına nalayiq ifadə işlətməmişdir. Məqsədi yalnız ailəsini bərpa etmək olmuşdur. Bu baş tutmadıqı üçün o, başqa bir şəxslə evlənmək istəyir. Söz verir ki, bir daha Zərərçəkmiş şəxs ilə, nə də ki, onun ailə üzviləri ilə əlaqə saxlamayacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol verilməsi məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməl ictimai qayda əleyhinə olan inzibati xətalar fəslinə aiddir və yalnız ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən bu cur hərəkətlərə görə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törədən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanın pozulması ilə əlaqədar hər hansı bir hal aşkar edilmədiyindən, onun Zərərçəkmiş şəxs yaşadıqları ünvanda təhqir etməsi ictimai qaydanın pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, təhqir özü-özlüyündə bir mənalı olaraq ictimai qaydanı pozma kimi qiymətləndirilməməlidir. Bu xarakterli inzibati xətalarda əməlin hansı məqsədlə və niyyətdə törədilməsinin müəyyənləşdirilməsi subyektiv baxımdan, belə hüquqpozmaların tövsüfünə bir başa təsir edir. Xuliqanlıq hüquqpozmalarında yol verilən hərəkətlər şəxsi münasibətlər zəmnində, qarşılıqlı münaqişə, konflikt nəticəsində deyil, mənəmmənəmlik, müştəbehlik, özünün ətrafdakıların fövqünə qoyma səbəbindən törədilir. İşin faktiki hallarından görünür ki, Şəxs, Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlətməsi subyektiv baxımdan, mənəmmənəmliyə, özünü ətrafdakıların fövqünə qoymağa, ictimai qaydanı pozmağa deyil, yaranmış münaqişəni bu yolla həll etməyə yönəlmişdir. Başqa sözlə, Şəxs əməli xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxsi münasibətlər zəmnində yaranmış münaqişə nəticəsində baş vermiş təhqir, zor tətbiq etmə və.s. bu kimi hərəkətlər xuliqanlıq hüquqpozması kimi qəbul edilməməlidir. Digər tərəfdən, şəxsi münasibətlər zəminində baş verən təhqir xarakteri daşıyan hüquqpozmaların təhqirin formasından, xarakterindən, edilmə şəraitindən aslı olaraq digər hüquqi tənzimləmə mexanizimləri var. Məsələn, cinayət xarakterli olduqda xüsusi ittiham qaydasında, mülki xarakterli olduqda şərəf və ləyaqətin alçaldılması üzrə və.s. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yenə həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-575/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-575/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver