Məhkəmə qərarları › İş №3(060)-578/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-578/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-578/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4, zərərçəkmiş şəxslər X7, X9, X10 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə, Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2024-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən X2 məxsus “Banu” şirniyyat evinə 100 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuş, xx.xx.2024-cü il tarixdə, saat 04:48 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən X5 məxsus köşkə 200 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuş, xx.xx.2024-cü il tarixdə, saat 05:15 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6 məxsus köşkə 200 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuş, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən X3 məxsus “Sumqayıt tat” şirniyyat evinə 200 manat etibarsız pul verərək dələduzluq yolu ilə maddi ziyan vurmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-575/2024, 3(060)-576/2024, 3(060)-577/2024 №-li işlər bir icraatda 3(060)-578/2024 nömrə ilə birləşdirilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X11 protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan məbləğlərini ödəmişdir. Qeyd edilənlərə əsasən Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X7, X9, X10 və X8 ərizə ilə müraciət edərək onlara dəyən ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdilər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR.İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün inzibati icraat işi açılmasından ötrü qərarın sürəti aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, zərər ödənildiyi üçün onlar Şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Bu səbəbdən onlar iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir, zərərçəkmiş şəxslər iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar